Əliyevdən Paşinyana “boşuna ümid etmə” mesajı: Azərbaycan istəsə...

Prezident İlham Əliyev Ermənistana Cənubi Qafqazda yalnız Azərbaycanın geopolitik iradəsinin keçərli olmasına yönəlik xəbərdarlıq etdi... Rəsmi Bakı qərar verəcəyi təqdirdə, Ermənistanın himayədarları Azərbaycan ordusunun irəliləyişini sadəcə, müşahidə etməklə, kifayətlənmək məcburiyyəndə qalacaqlar...

Ermənistan dünyada ən çox, hətta bəlkə də yalnız şikayət edən yeganə “dövlət”dir. Hazırda Ermənistan cəmiyyətində və hökumətində hansı mövqeni tutmasından asılı olmayaraq, hər bir erməni şikayət edir. Ermənistanın baş naziri, xarici işlər və s. nazirləri bütün xarici təmaslarında sadəcə, Azərbaycandan gileylənməklə məşğuldurlar.

Belə anlaşılır ki, Ermənistanın siyasi arsenalında şikayət və giley etməkdən başqa heç bir şey yoxdur. Rəsmi İrəvan öz daxili və xarici siyasətini başqa ölkələrdən dəstək alınmasına yönəlik açıqlamalar üzərində qurub. Dəstək verməyənlər düşmən, yardım vəd edənlərsə, dost və müttəfiq elan olunur.

Maraqlıdır ki, Paşinyan hakimiyyətinin beynəlxalq dəstək gözləntiləri artıq boşa çıxıb. Ona görə də, indi Ermənistanın hərbi müttəfiqi Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu ölkədə az qala düşmən dövlətlər kimi təqdim olunur. İrəvanda keçirilən aksiyalara diqqət edəndə Ermənistanın “dostlar”ının sayının çox məhdud olduğu diqqəti çəkir. Hər halda, Rusiya səfirliyi qarşısında KTMT əleyhinə keçirilən aksiyada ermənilər sadəcə, bir neçə dövlətin – ABŞ, İran, Yunanıstan və Ukrayna bayraqları qaldırıblar.

Armenian-protests-3.jpg (104 KB) 

Dövlətlərin siyahısına diqqət etdikdə, bəsit erməni zehniyyatının heç bir önəmi olmayan hesablaması nəzərə çarpır. Ermənilər ABŞ və İranın onların əvəzinə Ermənistan uğrunda savaşacağına ümid bəsləyirlər. Yunanıstanla erməniləri Türk dünyasına qarşı ortaq düşmənçilik birləşdirir. Ukrayna bayraqları isə ABŞ-ın xoşuna gəlmək məqsədinə xidmət edir.

Halbuki, rəsmi İrəvan belə mənasız və heç təsiri olmayan geopolitik hesablamalar, davamlı “şikayət siyasi kursu” əvəzinə doğru-düzgün sülh danışıqları aparsa, Ermənistanın gələcək taleyi baxımından, daha faydalı nəticələr əldə edə bilərdi. Çünki, Rusiya səfirliyi qarşısında bayraqları qaldırılmış dövlətlərin heç birisi Cənubi Qafqazda cərəyan edən proseslərə müdaxilə imkanlarına sahib deyil. Üstəlik, bu ölkələr siyasi bəyanatlarla nə qədər rəsmi İrəvana ürək-dirək verməyə çalışsalar da, Azərbaycan-Türkiyə İttifaqı ilə hərbi-siyasi qarşıdurmaya həvəs göstərməzlər.

Belə vəziyyətdəsə, Ermənistanın yenə də hərbi qarşıdurma şəraitində güclü Azərbaycan ordusu qarşısında təkbaşına buraxılacağı qətiyyən şübhə doğurmur. Azərbaycan ordusu isə çox qısa zaman içərisindən bütün Ermənistan ərazisini nəzarət altına almaq qüdrətinə sahibdir. Və bu reallığı rusiyalı hərbi ekspert Pavel Felgenhauer də izah edib.

Rusiyalı hərbi ekspertin fikrincə, rəsmi Bakının müdafiəni yarıb, Naxçıvana çatmaq imkanı varıydı və Azərbaycan istəsəydi, dəhlizi açardı: “Prinsipcə, Azərbaycan ordusu bunu edə bilərdi. Amma bu, daha ciddi döyüşlərə, Azərbaycanla Rusiya arasında narazılığa səbəb olardı. Çünki orada rus sərhədçiləri də var. Düzdür, onlardan yan keçmək də olar. Ancaq istənilən halda bu, Rusiya ilə problem yarada bilərdi”.

1601208156_20200927_160128.jpg (263 KB) 

Maraqlıdır ki, erməni sosial şəbəkələrində bu mövzuya münasibət təxminən oxşar olsa da, müəyyən fərqli məqamlara da diqqət yetirilir. Belə ki, bəzi erməni politoloqlar vurğulayərlar ki, rəsmi Bakı məqsədyönlü şəkildə Ermənistan ərazisindən Naxçıvana dəhliz açmağa tələsməyib. Çünki, Azərbaycan ordusu sərhəd bölgəsində əsas strateji yüksəkliklərdə olan mövqeləri ələ keçirib. Erməni politoloqlar hesab edir ki, belə vəziyyət yaxın gələcəkdə hərbi təhlükə ucbatından bölgənin tamamilə boşalmasına səbəb olar.

Göründüyü kimi, Paşinyan hakimiyyətinin Ermənistanın sayı sürətlə azalmaqda olan himayədarlarına ümid bəsləməsi tamamilə mənasız vaxt itkisidir. Rəsmi İrəvanın sülh prosesini uzatmasından rəsmi Bakının səbri tükənərsə, bu ümumiyyətlə, Ermənistan dövlətçiliyinin sonunu gətirə bilər. Və Ermənistanın beynəlxalq himayədarları isə Azərbaycanın hərbi irəliləyişlərini sadəcə, müşahidə etmək məcburiyyətində qala bilərlər.

Azərbaycan Prezidenti İlham Əliyev də son açıqlamasında müharibə dövründə 10 min fərarisi olan bir ölkənin nə fiziki cəhətdən, nə mənəvi cəhətdən müharibə aparmaq iqtidarında olmadığını vurğulayıb. Prezident İlham Əliyev xarici himayədarlarına ümid bəsləyən Ermənistan rəhbərliyinə xatırladıb ki, Azərbaycanı heç kim və heç nə dayandıra bilməz: “Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər həyata keçirək”.

00910f44-60a0-460f-b4f0-0a08613795df.jpg (260 KB) 

Azərbaycan liderinin bu xəbərdarlığı da Ermənistanı düşdüyü durumdan çıxaracaq yeganə yolun məhz sülh prosesinin uğurla nəticələnməsinin ola biləcəyini təsdiqləyir. Halbuki, Azərbaycan Prezidenti rəsmi İrəvanın vaxtı uzatmaqda israrlı olduğunu da birmənalı şəkildə vurğulayıb: “Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır. Biz təklif etdik ki, delimitasiya prosesinə start verək. Bunu təxminən bir ildən artıq müddət ərzində uzatdılar. İndi isə bu proses başlasa da, sırf formal xarakter daşıyır, mahiyyət üzrə heç bir danışıqlar, xəritələr üzrə heç bir müzakirə aparılmır”.

Ancaq Prezident İlham Əliyevin açıqlamasından da məlum olur ki, Ermənistandan fəqrli olaraq, Azərbaycan sülh prosesinə tam hazır vəziyyətdədir: “Biz bütün xəritələri hazırlamışıq. Həm XX əsrin, həm də daha əvvəlki dövrün xəritələri mövcuddur və delimitasiya işləri həmin xəritələr üzrə aparılmalıdır”.

Bütün bunlar onu göstərir ki, rəsmi Bakı Azərbaycanın haqqın çatan hər şey üçün hüquqi sənədlərə sahibdir. Yəni, rəsmi Bakı nə istədiyini tam dəqiqliyi ilə bilir. Üstəlik, istədiklərinə əvvəl-axır maksimum səviyyədə nail olacağından da tamamilə əmindir. Bu baxımdan, Paşinyan hakimiyyəti Azərbaycan Prezidentinin son xəbərdarlıq mesajlarından nəticə çıxartmalıdır və Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olması üçün delimitasiya prosesində konstruktiv mövqenin vacibliyini anlamalıdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu






Fikirlər