Eldar Həsənov: “Avropa Məhkəməsinin mənə təyin etdiyi təzminatı bu fondlara bağışlayıram”

Xəbər verdiyimiz kimi,  Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın sabiq baş prokuroru, keçmiş səfir Eldar Həsənovun şikayəti üzrə qərar elan edib.

Həmin qərarda Eldar Həsənovun konvensiya ilə tanınan bir sıra hüquqlarının pozulduğu əks olunub.

Onu da qeyd edək ki, Eldar Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan zaman çıxışlarında Azərbaycandan Avropa Məhkəməsinə şikayət etməyəcəyini bildirmişdir.

O, məhkəmə prosesinin ədalətsiz aparıldığını vurğulasa da, lakin Azərbaycan dövlətindən şikayətçi olmayacağını bəyan etmişdi.

Bu qərarın açıqlaması isə birmənalı qarşılanmayıb.

Hazırda həbsdə olan Eldar Həsənov vəkilləri vasitəsilə Gununsesi.info-nun baş redaktoru Pərviz Həşimlinin suallarını cavablandırıb.

 – Eldar müəllim, Avropa İnsan Haqları Məhkəməsinin sizinlə bağlı iki gün əvvəl elan etdiyi qərarı ilə bağlı nə deyə bilərsiniz?

–  13.08.2020 – ci il tarixdə həbsim və səhhətimlə bağlı o zamanki vəkilim, rəhmətlik Adil İsmayılovun müraciəti əsasında az bir müddət keçmiş 39-cu qayda(səhhətlə bağlı) ilə bağlı müraciəti öz icraatına götürdüyü rəsmi olaraq yenə də o zamanki hörmətli vəkilim Cavad Cavadov vasitəsi ilə bildirildi. Ədalət naminə deyim ki, Azərbaycan Respublikası DTX-də həbsdə saxlanıldığım 1 il 8 ay 14 gün ərzində həmin xidmət tərəfindən səhhətimdəki problemlərlə bağlı təxirəsalınmaz tibbi müayinə, müalicə tədbirləri peşəkarlıqla, məsuliyyətlə həyata keçirilmişdir.

2020-ci ilin dekabr ayında və 2021-ci ilin iyul ayında vəkillərim vasitəsi ilə məni saxlanıldığım təcridxanada Beynəlxalq təşkilatın nümayəndəsi gəlib söhbət apararkən, siyasi sifarişlə həbsim və siyasi məhbusa razılıq verməyim barədə soruşdu.

Yazılı və şifahi verdiyim cavablar ondan ibarət olmuşdur ki, mənim heç bir vaxt siyasətlə məşğul olmaq istəyim və iddiam olmayıb. 44 il Dövlət qulluğunda olmuşam, bir məmuram.
Siyasi mövqeyim isə 12.01.1992-ci ildən bu günə qədər özümün şüurlu seçimim olan müstəqil Azərbaycan Dövlətinin xilaskarı və onun qurucusu Ümumilli liderimiz Heydər Əliyev siyasəti olmuşdur. Bununla da mən siyasi məhbus təklifindən yazılı olaraq etirazımı təqdim etmişəm. Bu, bir tarixi faktdır, həqiqətdir və bundan da peşman deyiləm.

–  Sizin həbsinizin ictimaiyyət arasında da siyasi sifariş olduğu deyilməkdədir. Həbsinizin qanunsuz və əsassız olması ilə bağlı Avropa İnsan Haqlarına müraciət edilmişdir. Bu barədə nə deyə bilərsiniz?

– Əvvala onu deyim ki, mənim vəkillərim kifayət qədər savadlı, təcrübəli, peşəkar hüquqşünasdırlar. Ağır cəza verilməsinə baxmayaraq, onların hər birinə ibtidai istindaqda və məhkəmə proseslərindəki prinsipal, peşəkar fəaliyyətlərinə görə öz minnətdarlığımı bildirirəm.
Sizin sualınızda göstərdiyiniz siyasi sifarişlə bağlı mən heç vaxt heç bir şikayətimdə, hər hansı məhkəmə prosesində belə bir kəlmə işlətməmişəm.

Bu hal konvensiyanın 18-ci maddəsidir. Məhz bu səbəbdən də Avropa Məhkəməsinin qərarında 18 -ci maddəyə dair məsələ barədə qərar verilməmişdir.
Sualınızda göstərdiyiniz digər məsələlərlə bağlı isə mən Azərbaycan Respublikasının məhkəmə instansiyalarına, ən sonda isə Ali məhkəməyə müraciət etmişəm. Nəhayət, ədalətli yanaşmaya ümid edirəm.

–  Eldar müəllim, axı 2023-cü ildə mətbuatda yazılmışdı ki, siz Avropa İnsan Haqları Məhkəməsindən də imtina etmisiniz…

–  Tamamilə doğrudur. 2022-ci ilin 25 iyun tarixində hazırda həbsdə saxlanıldığım 9 saylı Cəzaçəkmə müəssisəsindən vəkillərim vasitəsi ilə öz imzamla barəmdə Avropa İnsan Haqları Məhkəməsində icraatda olan işə xitam verilməsini xahiş etmişəm. Ərizəmdə yazdığım səbəbi olduğu kimi deyəcəm. Demişdim ki, “Vətəndaşı olduğum müstəqil Azərbaycan Dövlətinin mənimlə bağlı cinayət işinə obyektiv və ədalətli baxılmasına ümid etdiyimdən, icraatınızda olan işə xitam verilməsini xahiş edirəm”.

Ona görə də müraciətlərimə 4 il sonra Avropa İnsan Haqları Məhkəməsinin mənimlə bağlı çıxardığı qərarın heç bir əhəmiyyəti, mənası yoxdur! Bu və ya digər konkret ədalətli qərarı ilk gündən öz dövlətimdən gözləmişəm və gözləyirəm…
Yeri gəlmişkən, təvözkarlıqdan uzaq olsa da, 32 il Müstəqil Azərbaycan Dövləti tarixində yeganə Azərbaycan vətəndaşıyam ki, Beynəlxalq təşkilatlar tərəfindən təklif olunan Siyasi məhbusdan və Avropa İnsan Haqları məhkəməsindən öz yazılı imzamla əsaslandırmaqla imtina etmişəm. Bunlara görə də təəssüflənmirəm. Necə ola bilər ki, ömrünün 44 ilini öz dövlətinə xidmət edən bir insan da Beynəlxalq məhkəmələrə müraciət etsin, əbədi və əzəli torpaqlarımı işğal edən, onu viran günə qoyan işğalçı, soyqırımlar törədən ermənilər də ?! Mən bunu edə bilməzdim!
Amma Müstəqil dövlətimizin istintaq-məhkəmə orqanları da elə obyektiv, ədalətli çalışmalıdırlar ki, belə müraciətlər olmasın.

Eldar müəllim, siz artıq 70 yaşın içindəsiniz. Deyilənlərə görə, səhhətiniz də ağırdır. Müayinə və müalicəniz indi hansı yerdədir?

– Əvvala onu deyim ki, həbsdə saxlanıldığım 4 il 2 ayda ilk dəfədir, mətbuatın suallarına cavab verirəm. Hesab edirəm ki, dövlət məmuru başına nəyin gəlməsindən, hansı haqsızlıqlarla qarşılaşmasından asılı olmayaraq, daha az danışsa, yaxşı olar. İstər həbsdə, istərsə də azadlıqda. Bu, mənim düşüncəm, mövqeyimdir.
Səhhətimlə bağlı danışmağı sevmirəm. Mən sizə DTX-da saxlanıldığım müddətdə Tibbi xidmətdən nə qədər razı qaldığımı bildirdim.

Məhkəməyə belə Təcili Tibbi Yardım Maşınında həkim müşaiyəti ilə aparılmışam.

Düşünürəm ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə təyin olunmuş yeni rəis bu bərbad günə qalmış sahədə Ədliyyə Nazirliyində, xüsusilə Penitensiar Xidmətdə olduğu kimi peşəkar, çevik islahatlar aparacaq. Unutmaq olmaz ki, hər bir həbsdə olan şəxs Azərbaycan vətəndaşıdır. Onu azadlıqdan məhrum ediblər, vətəndaşlıqdan yox.

Tibbi yardım, tibbi müayinə-müalicə almaq ilk növbədə onun konstitsion hüququdur. İnşallah yaxşı olar. Ahıl yaşıma, səhhətimə, hələ də gözləməyimə toxundunuz. Diqqətinizə görə təşəkkür edirəm.
Hüquqda, qanunsuz həbsdən, qanunsuz əsassız heç bir möhtəbər sübuta, dəlilə, şahid ifadəsinə söykənməyən, əsaslanmayan, ehtimallara söykənən qərəzli ittihamdan, hökmlərdən danışmaq istəmirəm. Özümə təsəlli tapdığım, bəlkə də məni bu əzablar içində yaşadan zədələnmiş qürurumuzun sağalmasıdır, ərazi bütövlüyümüzün, süverenliyimizin 32 ildən sonra bərpa olunmasıdır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Bir-birimizdən inciyə bilərik, hətta küsə də bilərik. Bunlar gəlib keçər. Əbədi varlığımız, birliyimiz bizi bağlayan təkrarsız, bənzərsiz qələbəmizdir, Vətənimizdir. Allah hamımızı qorusun.

– Eldar müəllim, 10.10.2024 tarixli Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hökümətini 10 min avroya yaxın  məbləğdə sizin xeyrinizə cəriməliyib. Həmin vəsait və qərarın bu hissəsinə münasibətiniz?

– Pərviz bəy, bundan əvvəlki sualınızda adıçəkilən qərarın mənim üçün heç bir əhəmiyyəti olmadığını, bütövlükdə qərara münasibətimi bildirdim. Həmin qərarla göstərilən vəsaitin tam şəkildə Yaşat Fondu və Qarabağın Dirçəliş Fonduna köçürüləcəkdir. Mənə ordan bir qəpik də lazım deyil. Bu gün də son sözümdə dediyim kimi eyni fikirdəyəm.

AzerTaym.az

 






Fikirlər