Deputat və oğluna qarşı 600 MİNLİK iddia üzrə gizli qərar
Deputat oğlunun telefonu ilə bağlı məsələni araşdırmaqdan imtina edən hakimdən Məhkəmə Hüquq Şurasına şikayət edildi
Deputat Elmira Axundova və oğlu Həbib Axundovun hər birinə qarşı 600 min manatlıq məhkəmə iddiası üzrə proses başa çatıb. Özü də deputat və oğluna qarşı iddia qaldıranlardan xəbərsiz şəkildə. Bu barədə “Azadlıq”a Axundovlardan şikayətçi olan şəxslər məlumat verib. Qeyd edək ki, bu işə Yasamal Rayon Məhkəməsində hakim Zəfər Quliyevin sədrliyilə baxılırdı. Deputat və oğluna qarşı iddianı qocaman jurnalist, 78 yaşlı Firuz Haşımov qaldırmışdı. Onun iddiasına “Üç nöqtə” qəzetinin 20 noyabr 2015-ci il tarixli sayında dərc olunmuş “Əli Həsənovun bəzi media orqanları ilə bağlı dediklərinə deputatdan dəstək” başlıqlı məqalə səbəb olub. Həmin yazıda Elmira Axundova Firuz Haşımov barədə müəyyən fikirlər səsləndirib ki, o da bunu böhtan və təhqir kimi qiymətləndirərək məhkəməyə üz tutub. Iddia ərizəsində deputatın “Üç nöqtə”də üzr istəməklə təkzib verməsi, ondan mənəvi zərərə görə 600 min manat kompensasiya və məhkəməyə müraciət üçün 30 manat dövlət rüsumunun tutulması tələbi qoyulub. Amma Firuz Haşımov bu iş üzrə yeganə iddiaçı deyil. Elmira Axundovanın oğlu Həbib Axundovdan şikayətçi olan şəxslərdən Ziya Vəliyev də iddiaçıdır və o, ərizəsində göstərib ki, deputatın oğlunun istifadəsində olan mobil telefon nömrəsindən ona “Whatsapp” vasitəsilə göndərilən mesajda təhqir olunub. Ziya Vəliyev təhqiramiz ifadələrə görə Həbib Axundovun üzr istəməsini və mənəvi ziyana görə 600 min kompensasiya ödəməsini tələb edir. Məhkəmədə Həbib Axundovun nümayəndəsi iddia etdi ki, təhqiramiz mesaj gedən nömrə ona məxsus deyil. Amma qarşı tərəf həmin nömrənin deputat oğluna məxsus olduğunu, Həbib Axundovun dəfələrlə həmin nömrədən onlarla danışdığını bildirdilər və hakimdən də bu faktın araşdırılması üçün mobil operatora sorğu göndərilməsini xahiş etdilər. Lakin Zəfər Quliyev nədənsə, bu məsələyə aydınlıq gətirilməsini istəmədi və “Azercell”ə sorğu göndərməkdən imtina etdi. Həbib Axundov tərəfindən aldadıldıqlarını, pullarının mənimsənildiyini deyən bir xeyli adam bununla əlaqədar hüquq-mühafizə orqanlarına, o cümlədən Bakı şəhər Baş Polis Idarəsinə də müraciət ediblər. Onların sözlərinə görə, bir neçə gün əvvəl təyin olunduğu vaxtda Yasamal Rayon Məhkəməsinə gediblər: “Hakim demişdi ki, saat 9-da gəlin, qərar elan olunacaq. Səhər saat 9-dan Zəfər Quliyevin məhkəmə iclası keçirdiyi zalın qarşısında dayanmışdıq. Saat 09.40-da zal açıldı, o vaxta qədər qapı bağlı olub. Fərman müəllim keçdi içəri, Zəfər Quliyevin katibəsi dedi ki, ”biz artıq saat 09.00-da qərarı vermişik”. Fərman müəllim dedi ki, axı necə olur, biz saat 9-dan burada dayanmışıq, otaq bağlı idi. Həmin vaxt Zəfər Quliyev də gəldi, dedi ki, “mən qərarı vermişəm, saat 9-da elan eləmişəm”. Ona da eyni sözləri dedik ki, “saat 9-dan burdayıq, otaq bağlı olub, siz otağı 09.40-da açmısız, niyə yalan danışırsız?” Orada bir az mübahisə olub”. Onlar daha sonra Yasamal Rayon Məhkəməsinin sədrinin qəbulunda olublar, ardınca da hakim Zəfər Quliyevin hərəkətlərindən Məhkəmə-Hüquq Şurasına şikayət yazıblar. Hələlik qərarı almasalar da, öyrəniblər ki, Zəfər Quliyev onların deputat və oğluna qarşı iddiasını təmin etməyib: “Məhkəmədə vəsatətlərimiz təmin olunmayanda, ”Azercell”ə sorğu göndərməkdən imtina edib Həbib Axundovu müdafiə edəndə bilinirdi ki, Zəfər Quliyevin çıxartdığı qərar necə olacaq”. Onlar əlavə ediblər ki, Yasamal Rayon Məhkəməsinin qərarını alandan sonra apellyasiya şikayəti verəcəklər.