Aprel döyüşlərindən sonra Ermənistan siyasi hakimiyyəti, cəmiyyəti faktiki sarsıntı keçirdi, kataklizmlər yaşandı, prezident S.Sarkisyanın istefası məsələsi ölkənin müxalif, liberal siyasi qüvvələri tərəfindən daim gündəmdə saxlandı.
Sosial problemlər məngənəsində boğulan əhali Sərkisyana əks qüvvələrin, o cümlədən polis bölməsini 17 gün zəbt edib siyasi tələblər irəli sürən dəstənin tərəfində oldu. Aprel döyüşlərində Rusiyadan gözlədiyi dəstəyi görməyən Ermənistan cəmiyyətində anti Rusiya ovqatının yüksəlməsi nəticəsində Sarkisyanın hələ də Rusiyanın marionetkası olduğu, hətta Qarabağı verməyə belə hazır olduğu barədə iddialar hər gün erməni kütləvi informasiya vasitələrində yer aldı, sosial şəbəkələrin əsas müzakirə mövzusu kimi bütün yayı davam etdi. Sarkisyanın vəziyyəti doğrudan da həsəd aparılası kimi görünmürdü. Amma çətinlik, gərginlik bəzən daha rasional, efektli, həm də strateji qərarların qəbul olunmasına gətirib çıxarır. Sarkisyan çətin vəziyyətdən yararlanaraq müxalifəti, cəmiyyəti sakitləşdirən bir-birinin ardınca siyasi qərarlar qəbul etdi.
Erməni cəmiyyətinin Qarabağ məsələsində güzəştə getmək istəmədiyini, radikal kökləndiyini Rusiyaya göstərdi ki, “günah onda deyil, cəmiyyətin böyük müqaviməti var”, hətta polis bölməsini zəbt edənlərə qarşı güc tətbiq etmədən səbrlə dözüb Rusiyaya vəziyyətin gərgin olduğu ismarışını verdi. Yarım saat ərzində dağıdılması mümkün olan zəbtetməni 17 gün ustalıqla uzatdı. İndi Sərkisyan çox rahatdı.Niyə?
Ermənistanın siyasi həyatında əsas üç qüvvə bir-birilə mübarizə aparır- üç prezidentin tərəfdarları.Ter-Petrosyanın, Koçaryanın və fəaliyyətdə olan prezident Sərkisyanın. Hələ aprel döyüşlərindən sonra Sərkisyanın Ter-Petrosyanın evinə gedərək yaranmış vəziyyəti müzakirə etməsi göstərdi ki, ölkənin mənafeyi naminə rəqib ermənilər əl tuta bilirlər. 21 sentyabrda – Ermənistanın müstəqilliyinin 25 illiyində hər üç prezident təntənəli mərasimdə bir araya gələcək və erməni mətbuatının yazdığı kimi “illərdən bəri aparılan qarşıdurmaya son verərək bir-birlərinin əlini sıxacaq” və xalqın qarşısına çıxıb bunu nümayiş etdirəcəklər. Bu gün erməni siyasiləri arasında ən çox işlənən söz ”konsensus”dur desək, yanılmarıq. Bu konsensusun birinci şərti “seçkilərə nəzarət mexanizmin” razılaşdırılması haqqında 13 sentyabrda imzalanmış memorandum və Karen Karapetyanın baş nazir vəzifəsinə təyinatında heç bir siyasi qüvvənin etiraz etməməsi olub. Ən əsas məqam isə dəyişilmiş Konstitusiyaya görə bir daha prezidentlik uğrunda mübarizə aparılmaması və siyasi mübarizənin parlamentdə daha çox yer tutması müstəvisinə keçməsidir ki, bu da həm eks prezidentləri, həm də sonuncu prezident Sarkisyanı qane edir.
Sistemdaxili sabitlik yaratmaqla Sərkisyan özünü həm daxili gərginliklərdən, həm də xarici təzyiqlərdən sığortalamış kimi görünür.Qarşıdan parlament seçkiləri gəlir və yuxarıda qeyd etdiyimiz kimi yeni hökümət formalaşdırmaqla, müxalif qüvvələrlə problemləri masa arxasında müzakirə edib razılığa gəlməklə və ən əsası yeniləşmiş Konstitusiya ilə Sərkisyan parlament seçkilərinə rahat atmosferdə gedir.Parlament idarəetmə sisteminə keçməklə o daxili öhdəliklərini, vəzifələrini paylaşdığı kimi, xarici öhdəliklərinin də yalnız onun üzərində cəmləşməsi məsuliyyətindən sığortalanmış oldu. Bu ilk növbədə Rusiya, Putin qarşısında götürdüyü öhdəliklərə aiddi. Rusiyanın təzyiqlərini ,narazılığını da bu yay erməni ictimaiyyətinin, müxalifətin üzərinə atmaqla Sərkisyan manevr edib zaman qazanmış oldu. Yeni idarəetmə sistemi imkan verəcək ki, Qarabağ məsələsində hər hansı bir qərar- istər güzəşt olsun, istər dirəniş- artıq bir nəfərin iradəsindən asılı olmayan kollegial qərar olacaq. Olacaqmı? Erməni suyasilərin indiki mövqeyi Qarabağ məsələsində hər hansı bir güzəşti istisna edir. Rusiyanın təsir dairəsindən tədriclə, ehtiyatla çıxmaq kimi strateji hədəfləi olan Ermənistana Rusiyanın Qarabağ cəbhəsində təzyiqlərini artırmaqla Ermənistanı əvvəlki kursa qaytarmaq cəhdləri baş tutmaya bilər,həm də belə bir cəhdin olması da sual altındadı. Qərbə meyllilik, NATO ilə əməkdaşlığı genişləndirib perspektivdə üzv olmaq təkliflərinin son vaxtlar Ermənistan siyasi dairələri tərəfindən tez-tez səsləndirilməsi prinsipial xarakter daşımağa başlayıb. İqtisadi böhran yaşayan Rusiyanın yaxın gələcəkdə siyasi böhran yaşamasını və ağır nəticələr verə biləcəyini Erməstanda proqnozlaşdırırlar.Bu tezliklə baş verməsə də parlament seçkilərindən sonra Ermənistan Qərbin dəstəyini alacağı və erməni diasporunun bu işdə baş rolda olacağı şübhə yaratmır.Parlament seçkiləri ərəfəsində siyasi dustaqların azad edilməsi,demokratik dəyişikliklərin, islahatların aparılması kimi götürdüyü öhdəliklərin reallaşması istiqamətində Sərkisyan artıq ilk addımlarını atır.”Sasna Srer” qrupunun vəkilləri dəstə üzvlərinin əksəriyyətinin azad olacağını mətbuata açıqlaması, Ermənistanın Avropa Birliyi Parlament Assambleyası ilə parlament seçkilərindən sonra çərçivə sazişini imzalamaq üçün işçi qrupunun yaradılmasına normal münasibət göstərməsi erməni mətbuatının yazdığı kimi “ Rusiyanın forpostu Ermənistanın üsyan etməsi" kimi dəyərləndirilməlidir. Bu islahatlar Qərbin siyasi mərkəzlərində ,dünya ictimaiyyətində Ermənistanın demokratik imicini formalaşdıracaq və günün birində də onun “qismən azad ölkədən” “azad ölkə” statusu qazandığını elan edəndə təəccüblənməyin, bu gedişlə (yəni həm Ermənistanın ,həm də Azərbaycanın) çanağın Qarabağın başında çatlayacaığna da təəccüblənməyin. Düşmən ağıllı,strateji siyasət yürüdür. Dünya demokratik imici olan,azad olan ölkənin yanında olacaq, hətta qeyri demokratik ölkələr də..,çünki təşəbbüs Qərbdən gələcək və elə o təşəbbüs sonunda Dağlıq Qarabağın müstəqilliyini tədricən, addım-addım tanımağa aparacaq.
Yeri gələndə ambisiyalardan əl çəkib dövlət naminə, dövlətçilik naminə addım atmaq həmişə uğur gətirib, əks halda isə Suriya nümunəsi var- xarabalığa çevrilmiş Suriya nümunəsi. Azərbaycan da oktyabrın 18-də müstəqilliyinin 25 illiyini qeyd edəcək- Qarabağsız. Bu gün hələ Qarabağın sülh, ya müharibə yolu ilə qaytarılmasına ümid var. Baş verənlər hər gün o ümidi öldürür. Qarabağsız müstəqilliyin də dəyəri ölür. Papağınızı qarşınıza qoyub fikirləşin.., sonra deməyin ki, demədilər...
İlham İsmayıl, siyasi analitik