Türkiyə Ermənistana yardım göndərəcək - Türk siyasətçilər “XƏBƏRSİZƏM” deyir
Türkiyə Prezidentinin sözçüsü İbrahim Kal Ermənistanın yeni növ koronavirusa (COVİD-19) qarşı mübarizə məqsədilə Türkiyədən dərman yardım istəməsi barədə məlumat verib. O bildirib ki, rəsmi İrəvanın yardım istəyinə Türkiyə Prezident Administrasiyası tərəfindən müsbət cavab verilib: "Biz çox ölkəyə yardım etmişik. Bu, son dərəcə insani bir vəziyyətdir. Burada siyasi hesablar edə bilmərik. Yardımları təmin etmişik. Yardım yaxın günlərdə Ermənistana göndəriləcək". Modern.az Türkiyə sözçüsünün Ermənistana yardım göndərilməsi ilə bağlı dediklərinə türkiyəli siyasətçilərin mövqeyini öyrənməyə çalışıb. Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Şamil Ayrım belə bir məlumata sahib olmadığını deyib: “Bu barədə heç bir informasiyaya malik deyiləm. Ancaq dəqiqləşdirib nəsə deyə bilərəm”. Türkiyə Böyük Millət Məclisinin CHP-dən olan deputatı Atilla Sertel də məlumatsız olduğunu söyləyib: “Ermənistana yardımla bağlı xəbərim yoxdur. Rəsmi olaraq belə məlumata rast gəlməmişəm”. Həmçinin İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlunun köməkçisi də Türkiyə hökumətinin yardım siyasətindən xəbərsiz olduqlarını qeyd edib.