“Qarabağda hücum diplomatiyasına keçmək lazımdır...”
*** ***
“50 mindən çox qaçqınımızın Yuxarı Qarabağdakı 63 yaşayış məntəqəsinə qayıtması üçün isə zəruri olan heç bir siyasi danışıqlar aparılmır…”
*** ***
“Biz Qarabağa dönməyincə ermənilərdəki psixoloji gərginlik yox olacaq”
*** ***
“Azərbaycan Koçaryanın da, Paşinyanın da seçilməsi variantları üçün siyasi-hərbi hazırlığını görməlidir “
*** ***
Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl “Həftə içi” qəzetinə müsahibəsində 10 Noyabr üçtərəfli razılaşmasından keçən 7 aya yaxın müddətdə Yuxarı Qarabağ və ətrafında yaranmış situasiya, Rusiyanın sülhməramlı hesab olunan hərbi kontingentinin fəaliyyəti, Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi aradan qaldırmağın yolları, Qazax rayonunun 7 kəndinin və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması və s. məsələlər haqda dəyərli fikirlər səsləndirib, Ermənistanda gözlənilən erkən seçkilər barədə proqnozlarını açıqlayıb.
Toxunulan mövzuların aktuallığını nəzərə alıb müsahibəni "AzerTaym.az" oxucularının da müzakirəsinə buraxırıq.
- İlham bəy, 10 Noyabr üçtərəfli razılaşmasından, artıq 7 aya yaxın vaxt keçir. Şükürlər olsun ki, 30 ilə yaxın işğalda qalan torpaqlarımızın böyük hissəsi de-yure və de-fakto işğaldan azaddır. Bu dövr ərzində Yuxarı Qarabağ və ətrafında yaranmış situasiyanı necə dəyərləndirirsiniz?
- Əgər sualınıza bir cümlə ilə cavab vermiş olsaydıq, deyərdik ki, Yuxarı Qarabağın 3750 kvadrat-kilometrlik ərazisi hələ də işğal altındadır... Ümumiyyətlə isə 44 günlük müharibədən sonra qazandığımız qələbə, torpaqlarımızın böyük bir hissəsinin işğaldan azad olunması tarixi nailiyyətimizdir. 10 Noyabr razılaşmasından keçən ilk aylarda nəzarət etmədiyimiz ərazilərlə bağlı konkret fəaliyyətimiz olmayanda, fikirləşirdik ki, hələ sülhməramlıların yerləşməsi və müharibədən sonra humanitar tədbirlərin həyata keçirilməsi prosesi gedir. Yəqin, qış mövsümündən sonra konkret addımlar atılacaq. Dediyiniz kimi, 7 aya yaxın zaman keçib və Azərbaycan tərəfinin razılaşmada nəzərdə tutulan bəndlərin həyata keçirilməsi istiqamətində tələbi yoxdur. Erməni hərbi birləşmələrinin 11 mindən çox kontingenti hələ də bu torpaqlarda qalır və silahları bizə tərəf yönəlib, erməni qaçqınlar qısa bir müddətdə Ermənistandan geri – Azərbaycan torpaqlarına qaytarılıb, bizim 50 mindən yuxarı qaçqınımızın Yuxarı Qarabağdakı 63 yaşayış məntəqəsinə qayıtması üçün isə zəruri olan heç bir siyasi danışıqlar aparılmır. Azad olunan Kəlbəcər və Laçın rayon mərkəzi daxil olmaqla dəhlizboyu olan yaşayış məntəqələrimizə gedən yol infrastrukturu bizim üzümüzə bağlı olaraq qalır. Qeyd olunan məsələlərin həll edilməsi 10 noyabr razılaşmasında öz əksini tapsa da, həyata keçməsi istiqamətində fəaliyyət sıfır nöqtəsindədir. Üstəlik, Laçın dəhlizi istiqamətindəki dövlət sərhədinə və oradakı sərhəd-keçid məntəqəsinə sülhməramlılarla birgə bizim nəzarətimizin də bərpa olunması üçün konkret bir iş görülmür. Bir sözlə, Azərbaycanın adı çəkilən ərazilərində işğal davam edir…
- Bəhs edilən 7 aya yaxın müddətdə konkret olaraq Rusiyanın Laçın “dəhlizi” və keçmiş Dağlıq Qarabağın nəzarətimizdə olmayan hissəsində yerləşdirilmiş sülhməramlı hesab olunan hərbi kontingentinin fəaliyyətinə və buna Azərbaycan dövləti, eləcə də beynəlxalq təşkilatların münasibətinə necə qiymət verirsiz?
- İstənilən sülhməramlı qüvvələrin missiyası ilk növbədə atəşkəsə nəzarət etməkdir. Rusiya sülhməramlıları bu vəzifənin öhdəsindən gəlir. Digər tərəfdən, Rusiya sülhməramlılarının bütövlükdə fəaliyyəti yalnız bununla kifayətlənmir, onlar faktiki olaraq humanitar reaksiya adı altında yalnız bir tərəf - erməni tərəf üçün yenidənqurma işləri ilə də məşğuldurlar. Binaların təmiri, qaçqınların geri qaytarılması, mədəni-kütləvi tədbirlərdə birgə iştirak və yeri gələndə də ermənilərin tələbi və şıltaqlığı ilə hərəkət etmələri müəyyən narazılıq yaradır. Bu məsələnin bir tərəfi. O ki qaldı beynəlxalq təşkilatların münasibətinə, burada Minsk Qrupu yenidən fəaliyyətini bərpa etmək istəyir, amma Rusiya, ümumiyyətlə, Qərbi Cənubi Qafqaza buraxmaq istəmir. Ona görə də hələlik Rusiya sülhməramlıları ilə işimizi düzgün qurmalı, razılaşmadan irəli gələn öhdəliklərini yerinə yetirmək üçün onların qarşısında tələblərimizi gündəmə gətirməliyik. Rusiya dövləti ilə Qarabağ problemini həll etmək üçün diplomatik səylərimizi artırmalıyıq. Sülhməramlıların ilk beşillik müddəti çərçivəsində bu işin təməlini əsaslı şəkildə qoymalıyıq ki, növbəti beşilliyə onların iştirakı qalmasın. Biz artıq gecikirik. Dünyada baş verən siyasi proseslər birbaşa və dolayısı yolla Qarabağ probleminə təsir edir. Bu təsir çox vaxt maraqlarımıza uyğun olmur və bu gündən sonra bizim coğrafiyada da baş verəcək hadisələrin maraqlarımızla üst-üstə düşməsi böyük suallar altında ola bilər…
- Gerçək olub-olmamasına tam əmin olmasaq da, düşmən, yəni qəsbkar Ermənistan və separatçı-terrorçu rejimin Xankəndindəki tör-töküntüləri Yuxarı Qarabağın bir sıra əraziləri kimi, 29 il öncə soydaşlarımızın dəhşətli soyqırımını həyata keçirdikləri Xocalı şəhəri və eyniadlı rayonun bəzi kəndlərində də 44 günlük savaşda ordumuzun azad etdiyi torpaqlarımızdan köçmüş ermənilər üçün yeni, çoxmənzilli binaların tikintisinin başlanması haqda informasiyalar yayır. Azərbaycan xalq və dövlət olaraq buna necə reaksiya verməlidir?
- Şuşada keçirilən musiqi festivalı və atəşfəşanlıqdan sonra dərin psixoloji sarsıntı keçirən separatçı rejim rəhbərlərinin belə addımlar atacağı gözlənilən idi. Şuşa rayonunun işğalda olan kəndlərinə Araik Arutunyanın baş çəkməsi, sosial problemlərin həll olunacağı barədə vədləri, Qırmızı Bazarda yeni tikilən beşmərtəbəli binanın önündə şəkil çəkdirib qaçqınlara mənzil verəcəyi barədə dedikləri təbliğat xarakterli gedişlərdi. Xocalıda Hadrut qaçqınları üçün yaşayış binalarının tikilməsi barədə söylədiklərinə bizim kəskin reaksiyamız olmalı idi. Məhz elə separatçı rejimin belə bir bəyanatından sonra rəsmi bəyanat verilməli idi ki, 10 noyabr razılaşmasına əsasən qaçqınlarımızın geri qayıdış prosesinə start verilir və tezliklə tikinti abadlıq işləri, ilk növbədə, Xocalıdan başlanacaq. Təəssüf ki, bunun şahidi olmadıq. Ümumiyyətlə, necə ki, biz o yerlərə qayıdışımız barədə heç bir rəsmi fəaliyyət göstərməyəcəyik, erməni qaçqınların bizim yaşayış məntəqələrimizdə məskunlaşması davam edəcək. Düşmənin xislətini unutmayaq. Bunlar Livandan, Suriyadan belə, gəlib bizim hüquqi torpaqlarımızda məskunlaşıblar. Laçında hələ də 70 nəfər Livan ermənisi yaşayır, başçıları da Andranik adlı bir livanlıdır. Həyasızcasına bildirirlər ki, oradan getmək fikirləri yoxdur. Biz o yerlərə dönməyincə ermənilərdəki psixoloji gərginlik yox olacaq, yaşamaq perspektivlərini qətiləşdirəcəklər. Gecikirik…
- Sizcə, nə vaxt Ağdamdan, Əsgərandan, Xocalıdan rahat keçib Şuşaya, Meğridən, Zəngəzurdan sərbəst keçib Naxçıvana yollana biləcəyik?
- Meğridən əvvəl bizə Qarabağın daxili yollarında sərbəst hərəkət etmək vacibdir. Bunun üçün Xankəndi və ətrafında Azərbaycanın yurisdiksiyası reallaşmalıdır. Azərbaycan dövlət strukturlarının o ərazidə fəaliyyətə başlaması azərbaycanlı qaçqınların qayıdışı ilə paralel aparılmalıdır. Bu, nə vaxt olacaq? Əgər Rusiya sülhməramlılarının ilk beşillik müddəti dövründə buna nail ola bilməsək, sonra çətin olacaq. Əgər Meğri dəhlizindən istifadə Rusiyanın təkidi ilə baş tutarsa, ilk illər buradan yalnız yük daşınmaları həyata keçiriləcək. Ermənilər sərnişin daşınmasına hələ ki, etiraz edirlər. Meğri dəhlizindən normal gediş-gəliş uzun müddət gözlənilmir…
- Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi aradan qaldırmaq, demilitasiya, demarkasiya işlərini normal şəkildə yekunlaşdırmaq üçün belə bir təklif də var: Azərbaycan tərəfdə Türkiyə sülhməramlı hərbçilərini, Ermənistan tərəfdə Rusiya sülhməramlılarını yerləşdirmək. Siz buna necə baxırsınız?
- Nikol Paşinyan eyni məqsədlə Türkiyənin deyil, Minsk Qrupunun digər həmsədrlərini - ABŞ və Fransanın beynəlxalq müşahidəçilərinin olması təklifi ilə çıxış etmişdi. Bu da ilk növbədə, Rusiyanı qane etmir və Qərbin istənilən formada burada iştirakını istəmir. O cümlədən də Türkiyə hərbçilərinin Ermənistan sərhədinə yaxın ərazidə iştirakı onlar üçün arzuolunan deyil. Ona görə də reallıqdan çıxış etmək lazımdır. Demarkasiya və delimitasiya işləri Rusiyanın təqdim etdiyi sovet xəritələri ilə aparılır və aparılacaq da. Sadəcə olaraq 20 iyun seçkilərindən sonra həm sərhəd məsələləri, həm də Qarabağda görüləcək işlər intensiv xarakter almalı, qarşı tərəfə bir qalib dövlət kimi basqılarımızı artırmalıyıq. Hücum diplomatiyasına keçmək lazımdır…
- Sərhədlərin demarkasiyası zamanı Qazax rayonunun 7 kəndinin və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması məsələsi necə həllini tapacaq?
- Sərhədlərin demarkasiyası Azərbaycanın və Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır və olunacaq. Demarkasiya ilə bağlı söhbəti gedən, amma hələ imzalanmamış yeni üçtərəfli sazişə görə Azərbaycan SSR və Ermənistan SSR-ə aid olan ərazilər geri qaytarılmalıdır. Ermənistanda buna qarşı böyük etiraz var. İlk dəfə Nikol Paşinyan 70 kvadrat-kilometrlik anklav kəndin (Gədəbəy ərazisindəki Baçkənd) Azərbaycanın və Sovet Azərbaycanına aid bir sıra kəndlərin də (Qazağın 7 kəndi və Naxçıvanın Kərki kəndi) Ermənistanın nəzarətində olduğunu desə də, indi anklav ərazilərin qaytarılmasının əleyhinə bəyanatlar verir. Ola bilsin ki, bu, seçkilər ərəfəsində düşünülmüş bir siyasi gedişdir. Seçkilərdən sonra bu məsələyə mütləq qayıdılacaq və Azərbaycan bir qarış torpağından da keçməməli, güzəşt isə qarşılıqlı olmalıdır...
- İlham bəy, artıq Ermənistandakı erkən seçkilərə 3 həftə qaldı. Necə proqnoz verirsiniz? Azərbaycan bu müddətdə nələrə hazır olmalıdır?
- Ermənistan 9 aya yaxın müddətdir ki, siyasi böhran içindədir və çalışır ki, buna son versin. Kimin seçilməsindən asılı olmayaraq, bu böhran hələ davam edəcək. Seçki ərəfəsində nə hakimiyyətdə olan Nikol Paşinyanın, nə də rəqiblərinin təkbaşına hökümət qurması realdır. Seçicilərin 54 faiz səsini qazana biləcək siyasi qüvvə yoxdur və bu üç həftə ərzində də sensasiya baş verəsi deyil. Paşinyanın əsas rəqibi Robert Koçaryanın “Hayastan“ bloku ilə parlamentə düşə biləcək digər siyasi qüvvələrlə koalisiyaya getməsi mümkün variantdır. Paşinyanın reytinqi rəqiblərinə nisbətən bir qədər yuxarı olsa da, bu, təkbaşına hökümət qurmaq üçün yetərli deyil. Azərbaycan Koçaryanın da, Paşinyanın da seçilməsi variantları üçün siyasi-hərbi hazırlığını görməlidir. Hər iki qüvvə bizə düşmən gözü ilıə baxmaqda davam edir və Qarabağ iddiasından geri çəkilməyiblər. Sadəcə, problemin həllinə fərqli yanaşmaları var və biz bu fərqi nəzərə alıb hər iki varianta hazır olmalıyıq…