Xristianlarda, hinduistlərdə var, müsəlmanlarda niyə olmasın? – Ukrayna prezidentinin tarixi səhvi
Pakistanın 9-cu baş naziri (1973–1977) və 4-cü prezidenti (1971–1973) Zülfüqar Əli Bhutto hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb və edam olunub. Buna baxmayaraq o, Pakistanın ən məşhur dövlət xadimləri sırasında yer alır. 1969-cu ildə Bhuttonun “The Myth of Independence” (Müstəqilliklə bağlı mif) adlı kitabında belə bir hissə var: “Pakistan vuruşacaq, min il vuruşacaq. Hindistan (atom) bombası düzəltsə, Pakistan ot və ya yarpaq yeyəcək, hətta ac qalacaq, amma biz də (Pakistan) (atom bombasına) sahib olacağıq, başqa seçimimiz yoxdur!” Başqa bir çıxışında isə o, bu məsələyə belə bir yanaşma sərgiləmişdi: “Atom bombası xristianlarda, yəhudilərdə var idi, indi isə hinduistlərdə də var. Niyə müsəlmanlarda olmasın?” Bunu niyə xatırlatdım? 1991-ci ildə SSRİ dağılanda Ukraynada 1 900 nüvə başlığı vardı. 1994-cü ildə Qərbin təkidi ilə Ukrayna, Belarus və Qazaxıstandakı nüvə silahları Rusiyaya daşındı. Proses 1996-cı ildə yekunlaşdı. O vaxt ABŞ prezidenti olan respublikaçı Corc Buş (ata) təkid edirdi ki, nüvə silahı Rusiyaya göndərilsin. Niyə? Amerika 4 ölkədə nüvə silahının olmasının gələcəkdə problem yarada biləcəyini düşünürdü. Demokrat prezident Bill Klinton da bu xətti davam etdirdi. Rəhmətlik Zülfüqar Əli Bhutto, “Pakistan ot və ya yarpaq yeyəcək, hətta ac qalacaq, amma atom bombasına sahib olacaq” – deyəndə nə qədər haqlı idi. İndi mən soruşuram: Ukraynada 1 900 nüvə başlığı olsaydı, Rusiya ora hücum edərdimi? Əlbəttə ki, yox. Rusiya Ukraynanı işğal etməyi xəyalına belə gətirməzdi. Eləcə də Qazaxıstan. Bəllidir ki, Rusiya Qazaxıstanın da böyük bir hissəsini işğal etmək arzusundadır. Nüvə silahı olmayan Astana Moskvanın qarşısında duruş gətirə bilərmi? Çətin məsələdir. Ukraynanın o vaxtkı rəhbərliyi Leonid Kravçuk (1991-1994) bu proses zamanı uzaqgörənlik nümayiş etdirə bilmədi. 1 900 nüvə başlığının müqabilində Rusiyadan müəyyən qədər pul qopartmağa çalışdılar. Moskva da 100 manatlıq şeyi 5 qəpiyə aldı demək olar. Ancaq Leonid Kravçuk sonda səhv etdiyini anladı və Rusiyaya verilən nüvə başlıqları müqabilində beynəlxalq qarantiya almaq üçün hərəkətə keçdi. Nəticədə Budapeşt memorandumu – 5 dekabr 1994-cü ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən ATƏT-in konfransında Belarus, Qazaxıstan və Ukraynanın nüvə silahlarının yayılmaması haqqında müqaviləyə qoşulması ilə bağlı təhlükəsizlik təminatlarını təmin etmək üçün sənədlər imzalandı. Üç nüvə dövləti – Rusiya, ABŞ və Böyük Britaniya bu sənədə imza atdı. Digər nüvə gücləri sayılan Çin və Fransa isə müqavilənin nisbətən yumşaq variantına qol çəkdilər. Memorandumda həmçinin Ukrayna, Belarus və Qazaxıstanın ərazi bütövlüyünə, yaxud siyasi müstəqilliyinə qarşı ola biləcək təhdidlərə və ya güc tətbiqinə qarşı da təhlükəsizlik təminatları öz əksini tapıb. Bu memorandum nəticəsində adı çəkilən üç ölkə nüvə silahlarından imtina etməli oldular. Ancaq bəzi analitiklər deyir ki, Budapeşt memorandumu rəsmi sənəd deyil. Ona görə də elə bir gücü yoxdur. Ukraynada daha sonra iqtidara gələn Leonid Kuçma (1994-2005) da bu prosesi durdura bilmədi. Siyasət elə bir şeydir ki, dövlətin başında duran adam ayıq-sayıq olmalıdır. Leonid Kravçukun o vaxt buraxdığı ölümcül səhv indi Ukraynanı yaman günə qoyub. Ölkənin 20 faizi işğal altındadır. 10 milyondan çox insan Ukraynanı tərk edib. Ölkə xarabalığa çevrilib… Elbəyi Həsənli,
Faktiki olaraq Amerikanın yeritdiyi sərsəm siyasət Ukraynanı tərk-silah edib. Bu isə Rusiyanın iştahanı artırdı. Ona görə də Amerika Ukrayna probleminə görə daha çox məsuliyyət daşıyır. Həmçinin digər Qərb ölkələri də, çünki bu məsələdə onlar da ABŞ ilə həmfikir idi.
Ukraynanın Vinnitsa şəhərində SS-20 Saber nüvə kompleksi
Sürix