Qurban verilən Ukrayna, Avropanı gözləyən ölümcül təhlükə
Kollektiv Qərbin Rusiya-Ukrayna münaqişəsinin ilk günlərindən indiyədək vahid mövqeyini və düzgün strategiyasını müəyyən edə bilməməsi Ukraynanın qurban verilməsi ilə nəticələnir. Strategiyanın və hesablamaların düzügün edilməməsi nəticəsində 2014-cü ildə Krımla yanaşı Donbas və Luqanskın müəyyən qismi Rusiya tərəfindən ilhaq edildi. Növbəti yanlışlığın nəticəsi olaraq 2022-ci ilin fevralından sonra başlayan müharibədən sonra isə Ukrayna daha böyük ərazi itikisi ilə üzləşdi. Hazırda Ukraynanın 20 faizədək ərazisi Rusiya tərəfindən işğal olunaraq, ölkə iqtisadiyyatı, mühüm əhəmiyyət kəsb edən infrastrukturu dağıdılıb. Nəticədə 10 ildən artıq davam edən münaqişədə Qərb Rusiya üzərində qələbəsini təmin edə bilməyərək Ukraynanın parçalanması və qurban verilməsi ilə hesablaşmalı oldu. Qərb-Rusiya savaşında qurban verilən Ukrayna artıq Avropanın özünün təhlükəsizlik arxitekturasına ciddi təhdid mənbəyinə çevrilib. İstər hərbi, istər siyasi, istərsə də iqtisadi cəhətdən Avropa üçün ciddi təhlükələr yaranıb və bu özünü açıq formada büruzə verir. Son bir ildə Avropadakı siyasi böhranların yaranması, iqtisadiyyatın tənəzzülü, hərbi cəhətdən yaranan problemlər bunun göstəricisidir. Avropa bu təhlükənin real olduğunu görür və ciddi təlaş keçirir. ABŞ-də Trampın hakimiyyətə gəlişindən sonra Avropa ilə ABŞ arasında yaranan fikir ayrılığının və narahatlığın kökündə dayanan əsas məsələ də məhz budur. Odur ki, hazırda Qərbi narahat edən Ukrayna deyil, Avropanı gözləyən təhlükədir. Avropa liderlərinin Londanda keçirilən sammiti də gözlənilən təhlükə və təhlükənin aradan qaldırılması istiqamətində addımların atılması məqsədi daşıyırdı. Hazırkı şəraitdə Avropanın təhlükəsizliyinin təminatı Ukraynadan asılıdır. Əgər Ukraynanın Rusiya tərəfindən ilhaq edilməyən ərazilərinin təhlükəsizliyinə etibarlı şəkildə zəmanət olmayacağı təqdirdə, Avropanın təhlükəsizlik arxitekturası ciddi təhdid altında qalmış olacaq. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Londonda Avropa liderlərinin sammitində açıq şəkildə bəyan edib ki, ABŞ-nin son həftələrdə yürütdüyü siyasət Avropa liderləri arasında Ukrayna məsələsi və ümumilikdə Avropanın təhlükəsizliyi ilə bağlı suallar yaradıb: “Bu məsələ açıq şəkildə müzakirə olunur. Ukrayna ilə bağlı sülh sazişinin olub-olmayacağına birlikdə baxacağıq. Avropa liderlərinin Ukrayna və Avropanın təhlükəsizliyi məsələlərinə dair görüşləri iki-üç həftədən bir keçirilə bilər”. Baxmayaraq ki, bəzi Avropa ölkələrinin liderləri və siyasətçiləri müəyyən fikirlər səsələndirsə də, bütövlükdə Qərb Kiyevə belə bir zəmanətlərin verilməsində qeyri-müəyyənlik və tərəddüd içərisindədir. Avropa onu da yaxşı anlayır ki, təkbaşına Ukrayna məsələsində ciddi uğur əldə edə bilməyəcək. Türkiyənin də Avropa liderlərinin sammitinə dəvəti məhz bununla bağlı idi. Avropa da artıq Ankaranın Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsində həlledici açar ölkələrdən biri olduğunu qəbul edir. Avropa ABŞ-ni hər vəchlə birgə əməkdaşlığa sövq etməyə çalışır. Bu səbəbdən də avropalı liderlərin Ağ Evin yeni administrasiyası ilə yaxşı münasibətlərdə olmasa da, Zelenskiyə Trampla münasibətlərini normallaşdırmağı təkidlə tövsiyə edirlər. Çünki ABŞ olmadan Moskva ilə hər hansı ciddi irəliləyiş mümkün olmayacaq. ABŞ isə Ukrayna üzərindən öz oyunlarını oynayaraq həm qazanmaq istəyir, həm də Avropanı öz basqısı altında saxlamaq istəyir. Çünki münaqişə ABŞ-dən çox uzaqdadır. ABŞ Birinci və İkinci dünya müharibələrində olduğu kimi Avropadakı münaqişələrdən öz maraqları üçün faydalanmağa, eyni zamanda şərtlərini diktə etməyə çalışır. Ölkə.Az