QƏZZA RAMAZANI belə qarşıladı - ÜRƏKAĞRIDAN FOTOLAR...
Qəzzada atəşkəsin qeyri-müəyyənliyi davam etsə, əhali yoxsulluq içində olsa da, həmrəyliyi qoruyub saxlayır. İordan çayının qərb sahilində yaşayan fələstinlilər isə hücumların genişlənməsi ilə iqtisadi çətinliklər və artan ümidsizliklə mübarizə aparır. Qəzzadakı genişmiqyaslı dağıntılara baxmayaraq, bir çox ailə Ramazanın gəlişi ilə ümid tapıb. Artıq 16 aydır sevinc dolu anlar yaşamayan Qəzzanın uşaqları üçün Ramazan normal həyata dönüş üçün həm bir ümid, həm də bir illüziya sayılır. Atəşkəsin ilk mərhələsinin müddəti başa çatsa da, ikinci mərhələnin nə vaxt və necə başlayacağı hələ də naməlumdur. İsrailin baş naziri Benyamin Netanyahu bu gün səhər saatlarında Qəzzaya hər cür humanitar yardımın girişinin dayandırılması əmrini verib ki, bu da bölgədəki vəziyyəti daha da ağırlaşdırıb. İsrailin "Haaretz" qəzeti elektrik çatışmazlığının hökm sürdüyü Qəzzada bir çox ailənin fənər almağa məcbur qaldığını yazıb. Ramazan münasibətilə toplu iftar və sahur süfrələri təşkil edilsə də, ərzaq və yanacaq qıtlığı səbəbindən vəziyyət ağır olaraq qalır. Adını açıqlamayan bir Qəzza sakini "Haaretz"ə verdiyi açıqlamada bildirib ki, "Ramazan əsasən şirniyyatlarla xatırlanır, lakin burada artıq adi şirniyyatı tapmaq belə çətindir. Nə lazım olan məhsullar var, nə də qaz. İsrail döyüşən və ya döyüşməyən hər kəsi cəzalandırmağa qərar verib. Baxın, nə hala düşmüşük. Bütün ölümlərə, dağıntılara və qaranlığa baxmayaraq, insanlar hələ də bir-birini "Xeyirli Ramazanlar" deyərək salamlayır". Ötən il də Ramazan müharibənin ortasında qeyd olunmuşdu və Qəzzadakı fələstinlilər ağır bombardmanlar nəticəsində həm can, həm də mal itkilərinə məruz qalmışdılar. Sevdiklərini itirən Qəzza sakinlərindən biri isə belə deyib: "Hər kəsin bir araya gəldiyi iftar süfrələri təşkil edə bilən ailənin qaldığına şübhə edirəm. Ata, ana, övladlar və ya qohumların ən azı biri artıq yoxdur. Burada tamamilə yox olmuş ailələr var". \Yenisabah.az