FAZİL MUSTAFA üsyan püskürdü: "ƏLVİDA idman-sağlamlıq və XOŞ GƏLDİN avaraçılıq-narkomaniya!"

faz"BAKI" Futbol Klubunun nəzdində yaradılmış Futbol Akademiyasında 300-ə yaxın yetişməkdə olan futbolçu uşaqların və yeniyetmələrin maliyyə çətinliyi ucbatından fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığını eşidəndə çox məyus oldum".

Bunu millət vəkili Fazil Mustafa Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, devalvasiya həyatın bütün sahələrini, o cümlədən idman həyatını da alt-üst etməkdədir:

"Bir sözlə, əlvida idman-sağlamlıq və xoş gəldin avaraçılıq-narkomaniya! Ancaq bunlar yalnız iqtisadi böhranın yaratdığı fəsadlar deyil. 25 il öncə planlı sosialist təsərrüfatından imtina edəndə sevinmişdik ki, plansız kapitalist iqtisadiyyata keçəcəyik və hər kəs qabiliyyətinə görə azad sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, əldə etdiyi gəlirlərlə həm idmanın, həm təhsilin inkişafına, həm də sosial proqramların həyata keçirilməsinə töfhəsini verəcəkdir. Əvəzində isə dövlət hər şeyin maliyyələşməsini öz üzərinə götürməklə sahibkarların əl-qolunu bağladı və inzibati yollarla idman sahələrinə himayəçilik azacıq iqtisadi böhran baş verən kimi, klubları, idmançıları sıxıntıya salmağa başladı. Yəni idman həyatımız tam plansız bir vəziyyətə gəlib düşdü. Təsəvvür edin ki, bir aydır bizim həftədə bir dəfə oynadığımız basketbol meydançası təmirə dayandığına görə, normal şəraiti olan basketbol meydançası axtarışımız bir səmərə verməyib. İllərdir idmanın inkişafından danışılsa da, vətəndaş üçün əlçatan basketbol meydançası salınmayıb, halbuki bu oyunun nə qədər dünyada populyar olduğunu izah etməyə lüzum yoxdur. Qonşumuz o pulsuz Gürcüstanın milli basketbol komandasının oyunlarını izləyəndə əməlli-başlı utanırsan ki, necə olur ki, su polosu, reqbi, basketbol kimi çətin oyunlarda ənənəni minimum imkanlarla adamlar qoruyub saxlaya bilib, bizdə isə milli komanda bir yana dursun, heç uşaqların normal şərtlərdə məşq edə biləcəyi meydança tapılmasın. Voleybolda hər rus adının qarşısına bir Məmmədova, Həsənova calaq edib vəziyyətdən çıxdıq, ot üstə xokkeydə Kim-in, Çen-in qarşısına Quliyeva, İsayeva qoşub, bir turniri ötüşdürdük, bəs sonrası nə olacaq? Yeni təmir olunan orta məktəblərdəki idman zalları başdansovdu və keyfiyyətsizdir, standartlara cavab vermir. Hələ soyunub-geyinmə otaqlarını, duş və isti su qıtlığından danişmıram. İndi də Olimpiya stadionunun toyxanaya çevrilməsi barədə xəbərləri oxuyanda daha çox üzülməyə başlayırsan. Mən düşünürdüm ki, bu qədər mənasız xərclər sərf olunmuş və vətəndaşların cibini aşkarlıq şəraitində soyan şadlıq evlərini tədricən basseynlərə, idman meydançalarına çevirəcəklər. əvəzində isə Olimpiya stadionunun toyxanaya çevirməyi düşünürlər. Bəlkə bu stadionunun özəlləşdirilməsinə, icarə əsasında hansısa formada idman tədbirlərinin keçirilməsinə çalışmaq olar, hər halda toyxana modelindən fərqli bir şeylər düşünmək daha yerində olardı. 
İnsaf naminə deməliyəm ki, Azərbaycanda idman infrastrukturunun qurulması üçün ölkə prezidenti tərəfindən xeyli işlər görülüb, lazımi vəsaitlər ayrılıb. Burada əsas məsələ açıq söylənməlidir: bu infrastrukturdan uşaqların və gənclərin pulsuz istifadə etməsi imkanları məhduddur və hətta bir çox hallarda yox dərəcəsindədir. Bunun yolları tapılmalıdır və əks halda yaxın gələcəkdə olan-qalan idman yerləri toyxanaya çevriləcək və bu ölkədə idmançı əvəzinə ancaq manıslar yetişəcəkdir. Manısların isə nə dünya çempionatı, nə də Olimpiya çempionatı keçirilir. Uzaqbaşı, dünyanın ən yaraşıqlı Şadlıq evi nominasiyasında birinci olmağın xoşbəxtliyini yaşaya bilərik".

Strateq.az

fazil






Fikirlər