Trampın eks müşaviri Güləni 15 milyon dollara TÜRKİYƏYƏ qaçırmaq İSTƏYİB
ABŞ rəhbərliyinin Rusiya ilə məxfi əlaqələrinə, Moskvanın Amerikadakı prezident seçkilərinə kiber müdaxiləsinə dair başlanan təhqiqatda gözlənilməz məqam üzə çıxıb. Modern.az saytının nüfuzlu “The Wall Street Journal”a istinadən məlumatına görə, ABŞ-ın xüsusi prokuroru Robert Müller tərəfindən aparılan təhqiqat çərçivəsində Donal Trampın keçmiş milli təhlükəsizlik üzrə müşaviri Maykl Flayn da istintaqa cəlb edilib. Məlumata görə, Mayk Flayn hələ vəzifədə olarkən nurçu camaatının lideri, 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin həbs edilib Türkiyə hökumətinə təhvil verilməsini istəyib. Qeyd olunur ki, Maykl Flaynın oğlu da bu məsələdə atasını dəstəkləyib. Belə ki, Mayk Flayn və oğlu rəsmi Ankaranın tələbi üzərinə 15 milyon dollar müqabilində Fətullah Gülənin həbs olunub Türkiyəyə göndərilməsinə razılıq veriblər. Bildirilir ki, plana görə Fətullah Gülən həbs olunaraq şəxsi təyyarə ilə Türkiyəyə göndərilməli idi. Qeyd edək ki, bu məsələyə görə Maykl Flayn və oğluna cinayət işinin açıla biləcəyi gündəmə gəlib. Robert Müller iddialarla bağlı sualı şərh etməyib, Flaynın vəkilləri isə cavab verməkdən imtina ediblər. Xatırladaq ki, Maykl Flayn Tramp administrasiyasında vəzifə almamışdan öncə, 2016-cı ilin noyabrında Türkiyə hökumətinin Amerikadakı lobbi fəaliyyətini dəstəkləyib. Lakin o, 2017-ci ilin mart ayına qədər bu faktı etiraf etməyib. 2016-cı ilin noyabrında isə Flayn “The Hill” nəşrində məqalə ilə çıxış edib. O, məqaləsində Amerika hökumətinə Fətullah Gülənin Türkiyəyə ekstradisiya edilməsi üçün çağırış edib. Maykl Flayn bu ilin fevralında Ağ Evdəki vəzifəsindən gözlənilmədən istefa vermişdi. Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun (FBI) sabiq direktoru Robert Müller bu ilin mayında “Rusiya işi” ilə bağlı xüsusi prokuror təyin olunub.