ƏSL İQTİSADİ BÖHRAN HƏLƏ İNDİ BAŞLAYIR! – “Tuneldə işıq bəlkə bundan sonra görünə…”

 

Russian President Putin speaks to the media after talks with Ukrainian President Poroshenko in Minsk, Belarus

Bir sıra faktorlar səbəbindən Rusiya iqtisadiyyatını növbəti tənəzzül gözləyir. Avropanın tanınmış analitik mərkəzlərinin mütəxəssisləri hesab edirlər ki, bu faktorlar sırasına enerji daşıyıcıları qiymətinin düşməsi, hökumətin səriştəsiz fəaliyyəti, rublun ucuzlaşması və Qərbin tətbiq etdiyi sanksiyalar daxildir.(EurasiaNet-ABŞ)

Bu yaxınlarda Brüsseldə yerləşən “Wilfried Martens Centre for European Studies” analitik mərkəzinin rəhbərliyi altında dərc edilən ”Rusiyanın tənəzzülü: SSRİ-nin dağılmasından sonrakı ən pis böhran” adlı məruzədə Rusiyada indiki böhranın 1998-ci ildəki defoltdan və 2008-2009-cu illərdəki iqtisadi problemlərdən nə qədər fərqləndiyi təsvir olunur. Həmin məruzədə qeyd edilir ki, dövlətin sükanı arxasında dayanan adamlar, ölkədəki bərbad iqtisadi vəziyyəti yalnız gərginləşdirirlər.

Həmin məruzədə deyilir: ”Son bir neçə ay ərzində Rusiya hakimiyyətindəkilər iqtisadi böhranın öz dib nöqtəsinə çatması və tezliklə onun canlanmaya başlayacağı haqqında dəfələrlə bəyanat veriblər. Lakin Rusiya iqtisadiyyatının baza göstəricilərinin qısa analizi böhranın nəinki qurtarmadığını, əksinə, hələ başlanğıc mərhələsində olduğunu göstərir. Bu isə iqtisadiyyatın daha güclü çökmə yaşayacağı deməkdir”.

Araşdırmalara əsasən Krımın ilhaqına görə Rusiyaya tətbiq edilən sanksiyalar faktiki olaraq, “kredit blokadası” yaradaraq, Rusiya iqtisadiyyatına ciddi zərbələr vurub. Bu isə ölkə biznesinin valyuta ehtiyatlarını tükəndirib. İndi şirkətlər qısa zaman kəsiyində böyük həcmli valyuta borclarını ödəmək üşün çətinlik çəkirlər.

On il bundan öncə Putin Rusiyanın yüksək texnologiyalı dövlət olması və iqtisadiyyatın diversifikasiya olacağı sözünü vermişdi. Amma real olaraq, çox az iş görülüb. Məruzədə Rusiyanın hələ də neft və qaz ixracından asılılığı və bu ölkənin istehlak mallarının rəqabət qabliyyətinin olmaması da yer alıb. Ona görə də mövcud mürəkkəb vəziyyətdə Rusiya bir sferada itirdiyini, digərinin hesabına kompensasiya edə bilməz.

Neftin qiymətinin kəskin düşməsi dövlət büdcəsinə güclü zərbə vurub. Digər tərəfdən isə rublun dəyərdən düşməsi nəticəsində Rusiyada istehsal edilən malların qiymətinin ucuzlaşmasına baxmayaraq, bu məhsulların rəqabət qabiliyyəti olmadığı üçün onlara xaricdə tələbat yoxdur.

Ölkə sənayesi əsas tələbat malları ilə vətəndaşları təmin edə bilmədiyinə görə, rusiyalılar öz gələrlərinin və ehtiyat pullarının böyük bir hissəsini, qiymətləri yüksələn ixrac məhsullarına xərcləyirlər. Rəsmi statistik məlumata əsasən, 2015-ci ilin ilk üç rübü ərzində illik inflyasiyanın səviyyəsi 20% təşkil edib. Ancaq analitiklərin fikrinə görə, bu göstərici reallığı əks etdirmir.

Məruzədə deyilir: ”Məlumatların əksəriyyəti göstərir ki, 2015-ci ildə rusiyalılar uzun müddətli istifadə mallarına çəkilən xərcləri azaldıblar və ailə büdcəsinin əsas hissəsi qida məhsullarının alınmasına gedir. Yaranmış ümumi vəziyyətə uyğun olaraq, Rusiya iqtisadiyyatı xeyli dərəcədə pisləşəcək. Tuneldə işıq isə bəlkə bundan sonra görünə bilər.

Hazırda rusiyalı istehsalçılar baş verən dəyişikliklərə sürətlə adaptasiya oluna bilmirlər. Belə ki, avtomobil sənayesinin 2015-ci ildəki istehsalının 10-15 % aşağı düşməsinə baxmayaraq, avtomobillərin orta hesabla satışı 30-40 % aşağı düşüb. Problem ondadır ki, Rusiya istehsalçıları öz istehsal etdikləri məhsulun həcmini daxili bazardakı tələbatın kəskin düşməsinə uyğun şəkildə azaltmayıblar. Bu sektorlar istehsalı davam etdirərək, iqtisadiyyatın əvvəlki böhranlarda olduğu kimi tezliklə bərpa olunacağına və hakimiyyətin böhran barəsində söylədikləri “böhran dib nöqtəsinə çatıb və bundan sonra yüksələcək” sözlərinə ümid bəsləyiblər.

Digər tərəfdən, dövlətin hədsiz müdaxiləsi iqtisadiyyatın bərpa olunmasına maneçilik törədir. Çox güman ki, bir sıra ciddi faktorlar iqtisadiyyatı növbəti dəfə spiral üzrə aşağıya itələyəcək. Daxili bazarda tələbatın azalması, istehsalçıları, işçiləri işdən azad etməyə və məvacibləri kəsməyə məcbur edəcək ki, bu da öz növbəsində daxili bazardakı tələbatı daha da azaldacaq”.

Daha məyusedici hal odur ki, iqtisadiyyatın sabitləşdirilməsi üçün maliyyə mexanizmləri çatışmadığı səbəbindən Rusiya hakimiyyəti çap dəzgahının işə salınması ideyasına üstünlük verərək, dövriyəyə böyük pul kütləsi buraxır. İqtisadi həyata heç nə ilə təmin olunmayan kütləvi pul buraxılması mexanizmi 1990-cı illərin əvvəlindəki qaranlıq günləri yada salır. Həmin dövrdə Rusiya iqtisadiyyatı Sovet ittifaqının dağılması fonunda ağır böhran keçirirdi.

“Wilfried Martens Centre for European Studies” təşkilatı, Avropa Xalq Partiyasının (European Peoples Party) analitik mərkəzi və siyasi fondu kimi 2007-ci ildə yaradılıb. Bu araşdırma təşkilatı Avropa mərkəzli mühafizəkar xristian-demokrat yönlü siyasi baxışlara və dünya görüşünə malikdir.

AzPolitika.info

 
 






Fikirlər