“MƏN BU ADAMA HƏDDİNİ BİLDİRMƏK İSTƏYİRƏM…” – “Düz adamdırsa niyə MƏHKƏMƏDƏN QAÇIR?”

murvet01

“Mən deyirəm 200 min dollara anlaşıb. Yalandırsa, buyursun məbləği açıqlasın”

Xəbər verdiyimiz kimi, iş adamı, “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənli vəkil Aslan İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib. Buna səbəb A.İsmayılovun sosial şəbəkələrdə və KİV-lərdə M.Həsənliyə qarşı ağır ittihamlar irəli sürməsidir.

M.Həsənli A.İsmayılov barəsində həm işgüzar nüfuza vurulan zərbəyə görə maddi təzminat, həm də xüsusi ittiham qaydasında həbs tələbilə Səbael rayon Məhkəməsinə iddia ərizələri ilə müraciət edib. Lakin A.İsmayılov məhkəməyə gəlmədiyindən proses dəfələrlə təxirə salınıb. Vəkil “Bakipost.az” saytının bu barədə sorğusunu cavablandırarkən, “boş şeylərə itirməyə vaxtım yoxdur” deyib və əlavə edib ki, bundan sonra da keçiriləcək heç bir prosesə getməyəcək.

Fevralın 22-də isə Səbael Rayon Məhkəməsində növbəti proses olmalıdır. İstisna deyil ki, iddia xüsusi ittiham qaydasında olduğundan A.İsmayılov məhkəməyə məcburi surətdə gətirilsin.

İddiaçı M.Həsənli “AzPolitika.info”ya A.İsmayılovun məhkəməyə gəlməməsi, məhkəmədən gözləntiləri barəsində danışıb.

– Məhkəmədən yayınması ilk növbədə Aslan İsmayılovun hüquqa münasibətini göstərir. Bununla A.İsmayılov nə demək istəyir? İndiyədək A.İsmayılovun böhtan atdığı, qaraladığı insanların sayı-hesabı yoxdur. Onlardan biri də mənəm. Barəmdə olmazın böhtanları söyləyib, KİV-lərdə tirajlayıb. Mən də tamamilə sivil yol tutaraq məhkəməyə vermişəm ki, gəlib bunları sübut etsin. Edə bilməsə layiq olduğu cəzanı alsın ki, bir də belə qələtlər eləməsin. Buna da mütləq nail olacam.

Yəni A.İsmayılov düz adamdırsa, bir vəkil kimi hüquqa zərrə qədər hörməti varsa, ləyaqətli insandırsa, niyə məhkəmədən qaçır? Bu, heç kişiyə də yaraşan iş deyil ki, durub birinin adını ləkələyəsən, şər atasan, sonra da qaçıb gizlənəsən. Çıx ortaya, ya dediyini sübut elə, ya da özündə cəsarət tap böhtan atdığını boynuna al və üzr istə.

- Sizin məqsədiniz A.İsmayılovun cəzalandırılmasıdır, ya üzr istəsə geri addım atarsınız?

– İlk növbədə mənim məqsədim işgüzar nüfuzuma, şərəf və ləyaqətimə vurulan zərbəni aradan qaldırmaqdır. Bilirsiniz, A.İsmayılov məni KİV-lərdə, sosial şəbəkədə həm təhqir edib, həm də barəmdə böhtanlar danışıb. Mən də özünə hörməti olan hər bir insan kimi şərəf və ləyaqətimin, işgüzar nüfuzumun müdafiəsinə qalxmışam. Bununla belə, düşünürəm ki, mənim A.İsmayılovun qarşısına çıxmağımın, onun isə indiki halda mənim qarşımdan qaçmağının həm də çox ciddi ictimai əhəmiyyəti var. A.İsmayılovun Azərbaycanın ictimai-siyasi sektorunda, elitasında demək olar ki, qaralamadığı adam qalmayıb. Bu adam elementar davranış, etika qaydalarına əməl edə bilmir. Özünü apara bilmədiyinə görə hətta bir idman-istirahət mərkəzindən də qovulub, ora girişi müştərilərin müraciəti əsasında qadağan olunub. Azərbaycanda başqa belə bir adam tapa bilməzsiniz ki, özünü apara bilmədiyinə görə hansısa məkana girişi qadağan olunsun. El arasında beləsinə həyasız adam deyirlər və çox zaman ona baş qoşmurlar. Amma baş qoşmadıqca da ağını çıxarır axı. Hamıya yuxarıdan aşağı baxır, aşağılayır, təhqir edir. Hansısa işdə maddi marağı olanda isə ümumiyyətlə sərhəd tanımır. “Emre Piliç” işində olduğu kimi. İndi mən bu adama, necə deyərlər, həm də həddini bildirmək istəyirəm. Ona deyirəm ki, təhqir etdiyin, aşağılamağa çalışdığın adamların əksəriyyətilə müqayisədə sən çox zavallı görünürsən! Məsələn, müsahibələrindən birində deyir ki, İlyas İsmayılov mənə xəyanət edib. Bunu deyən insanın ciddi psixoloji problemləri olmalıdır. Sən kimsən ki, İlyas İsmayılov sənə xəyanət etsin? İlyas İsmayılov keçmiş respublika prokuroru, keçmiş millət vəkili, partiya sədridir. SSRİ Prokurorluğunda yüksək vəzifə tutub. Hamının hörmət bəslədiyi bir şəxsdir. Sən kimsən?

Yaxud, deyir ki, “mən özümü İlham Rəhimovdan üstün kişi sayıram”. İ.Rəhimov da hüquq professoru, iş adamı, dünyanın ən qüdrətli adamlarından birinin dostudur. Alimdir, bir neçə kitabın müəllifidir. Hansı nailiyyətlərinə görə sən özünü belə bir şəxsdən üstün sayırsan? Yoxsa Sumqayıt hadisələri zamanı azərbaycanlılara qarşı göstərdiyin qəddarlığı özünün böyük nailiyyətin hesab edirsən? Və yaxud illər keçəndən, zaman dəyişəndən sonra Sumqayıt hadisələri ilə bağlı sifarişlə ortaya çıxardığın kitaba görə özünü hamıdan yüksəkdə görürsən? Deyir mənim üç dəfə prezident olmaq şansım olub. Başını qaldır, o həsrətində olduğun yüksəkliyə indi olduğun dərədən bir də bax, gör ora çatmaq üçün sənə neçə yüz il lazımdır!

Aslan-ISM

- Məhkəmələrdən gözləntiniz nədir? Aslan İsmayılov səhmdarları arasında ermənilər olan şirkəti yenə müdafiə edirmi?

– Məhkəmədən gözləntim mənim qələbəmdir. Buna heç bir şübhəm yoxdur. A.İsmayılov məhkəməyə gəlməyə cəsarət tapmırsa, dediklərini sübut edəcəyindən söhbət belə gedə bilməz.

O ki qaldı “Emre Piliç” şirkətini müdafiə etməsinə, əvvəl də demişəm ki, A.İsmayılovun bu şirkəti müdafiə edib-etməməsinin heç bir əhəmiyyəti yoxdur. Yəni bu faktor işin hüquqi həllinə zərrə qədər təsir göstərmir. Sadəcə, A.İsmayılovun səhmlərinin 30 faizi erməni olan bir şirkəti belə canfəşanlıqla, hüquqi vasitələrdən kənar yollarla müdafiə etməsinin bu adamın əsl simasını göstərməsi baxımından əhəmiyyəti oldu. Cəmiyyət gördü ki, başqa vaxt özünü 1 nömrəli patriot, xalq yolunda fədai kimi göstərməyə cəhd edən A.İsmayılov, bir balaca normal məbləğ təklif olunan kimi, xalqı da, vətənpərvərliyi də necə yaddan çıxardı. Mən bilirəm ki, bu iş üçün ona 200 min dollar təklif ediblər. Nə qədərini artıq alıb və aldığının nə qədərini vergi kimi dövlətə ödəyib, bundan xəbərim yoxdur. 20 il əvvəl hansı işdən nə qədər qazandığını və o pulla özünə ofis aldığını az qala bağıra-bağıra açıqlayır. Lakin 3 aydır “Emre Piliç” şirkətinin imza yetkisi olan 2 şəxsdən biri – Sevan Oskayanla bağladığı müqavilənin şərtləri barəsində cəmiyyətə məlumat vermir. Mən deyirəm 200 min dollara anlaşıb. Yalandırsa, buyursun məbləği açıqlasın. Görək A.İsmayılov nəyin müqabilində bu ermənilərin alovlu müdafiəçisinə çevrilib.






Fikirlər