Məhkəmə “8-ci kilometr” bazarını Fərhad Əliyevin ADINA ÇIXARDI

Bazarın sahiblərindən biri: “Əgər bazar Fərhad Əliyevindirsə, onu çağırıb məhkəmədə bu haqda soruşmalı idilər...”

“Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov bazarı sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin adına çıxardı, sonra da götürüb dövlətin nəfinə müsadirə olunması qərarı verdi” - “Vosmoy bazarı” kimi tanınan “8-ci kilometr bazarı”nın sahiblərindən biri Salman Səfərov belə deyir.

Onun sözlərinə görə Həbib Həsənovun iş üzrə çıxardığı hökm qanunsuzdur. S.Səfərov qardaşı Qəhrəman Səfərovla birlikdə hazırladıqları apelyasiya şikayətini artıq Bakı Hərbi Məhkəməsinə təqdim ediblər. Sahibkarın sözlərinə görə, Həbib Həsənovun hökmü hərtəfərli ədalətsizdir: “Biz apelyasiya şikayətimizdə bazarın geri alınmasını tələb edirik. Qardaşımla birlikdə eyni iş üzrə zərərçəkmişik, şikayətimizi də bir yerdə vermişik. İttihamda yazılırdı ki, Akif Çovdarov quldurluq yolu ilə 33 milyon manat əldə edib. Amma hökmdə quldurluq məsələsinin üstündən hakim sükutla keçib. Hakim ədalətsiz qərar çıxarıb. Akif Çovdarov, Hilal Əsədov bazarı bizim əlimizdən quldurcasına, Fərhad Əliyevin adını ortaya atmaqla alıblar. Bu adamlar Eldar Mahmudovun göstərişi ilə bazarı əlimizdən alıb öz aralarında bölüblər. Bu gün Akif Çovdarov həbsdə olsa da, ona az da olsa cəza verilsə də, Hilal Əsədov azadlıqda gəzir. Hökm üzrə dövlətə 33 milyon manat pul köçürüblər. Hakim A.Çovdarovun həmin pulları hansı yolla əldə etməsini aydınlaşdırmır, hökmdə yazmır. Aydındır ki, bu pullar quldurluq yolu ilə əldə edib. Əgər hakim bu məqamı aydınlaşdırsaydı, gərək Akif Çovdarova quldurluq ittihamı verilərdi, bazarın əlimizdən quldurluqla alındığını da təsdiq edərdi. Bunu etmədilər. Eldar Mahmudov Fərhad Əliyevin adını necə ortaya atıb bizə qarşı quldurluq təşkil etmişdisə, Hakim də faktiki olaraq onların quldurluqlarına don geydirdi. Bizim Fərhad Əliyevlə heç bir əlaqəmiz yoxdur. Məhkəmə ortaya bunu təsdiqləyən bir sübut qoya bilmədi. Amma hökmdə yazdılar ki, bazar Fərhad Əliyevindir, ona görə də dövlətə keçir. Əgər bazar Fərhad Əlievindirsə, onu çağırıb məhkəmədə bu haqda soruşmalı idilər. Amma bunu da etməyiblər. Faktiki quldurluqla əlimizdən alınan bazarı Fərhad Əliyevin adına çıxarmaqla dövlətə keçirdilər. Bu bizə qarşı növbəti cinayətdir. Bu işlər Eldar Mahmudovun göstərişi ilə baş tutub. İcraçılar Akif Çovdarov, Hilal Əsədov olub. Hilal Əsadov ifadəsində də təsdiqlədi ki, bazarın əlimizdən alınmasını Eldar Mahmudov tapşırıb”.

S.Səfərov bildirib ki, şikayətlərində həmçinin Akif Çovdarova ömürlük azadlıqdan məhrum edilməsi barədə hökm verilməsini tələb ediblər: “Bizim əlimizdən bazarın alınması Eldar Mahmudovun göstərişi ilə olub. Burada Hilal Əsədovun da adı keçir. Bazara 50 faizinə sahib olan Hilal Əsədov kənarda qalıb. Biz şikayətimizdə onun barəsində cinayət işinin başlanmasını istəmişik. Akif Çovdarovu tutsalar da, cinayətkarın biri kənarda qalıb. Akif Çovdarov bazarı Hilal Əsədovla bölüb. Bazarın yarısı Hilal Əsədovun arvadının, yarısı da Akif Çovdarovun qızının adına keçirilib. Hilal Əsədov da məsuliyyətə cəlb olunmalıdır”.

S.Səfərov bildirib ki, prokurorluq onlara maddi və mənəvi zərərin miqdarını 8 milyon 100 min manat təyin edib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə “Vosmoy bazarı” kimi tanınan “8-ci kilometr bazarı” dövlət nəfinə müsadirə edilib. İstintaq sənədələrinə görə, “Vosmoy bazarı”nın bir hissəsi Akif Çovdarovun qızının, bir hissəsi isə MTN -də nazir müavini olmuş Hilal Əsədovun həyat yoldaşının adına olub. Bu epizod üzrə isə Səfərov qardaşları zərərçəkən kimi tanınmışdı. Onlar bazarın Akif Çovdarov və Hilal Əsədov tərəfindən əllərindən zorla alındığını bildirib və bazarın geri qaytarılmasını istəmişdilər. Zərərçəkmiş deyib ki, apelyasiya şikayətlərində bazarın onlara qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı mülki iddialarının da təmin olunmasını istəyib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum ediliE.MƏMMƏDƏLİYEVb. Onların 33 milyonluq əmlakının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.

 






Fikirlər