Bir ilin gözqamaşdırıcı İŞIĞI.. - ÖZƏL!
Son illərdə Azərbaycanda həyata keçirilən islahatlar energetika sektorundan da yan keçməyib. Ötən ilin sentyabrında ölkə başçısının sərəncamı ilə Baba Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edildikdən sonra sözügedən qurumun fəaliyyətində ciddi,həm də yeni bir inkişaf mərhələsi başladı. B.Rzayevin "Azərenerji"yə prezident təyinatının uğurlu qərar olduğunu ilk gündən təxmin etmək o qədər də çətin deyildi. Məsələ burasındadır ki, həmin təyinatdan əvvəl Baba müəllim energetika sektorunda başqa mühüm postlarda çalışıb, ölkə rəhbərliyinin onun qarşısında qoyduğu tapşırıqları layiqincə yerinə yetirmişdi. Gəlin qısaca xatırlayaq: Baba Rzayev 10 avqust 2006-cı il tarixdə «Bakıelektrikşəbəkə» ASC İdarə Heyəti Sədri vəzifəsinə təyin olunub və onun rəhbərliyi dövründə Bakı şəhərinin elektrik şəbəkəsi müasir texnologiyalar tətbiq olunmaqla beynəlxalq standartlara uyğun tamamilə yenidən qurulub. B.Rzayevin 2015-2018-ci illərdə “Azərişıq” ASC-nin sədri olduğu müddətdə ölkə Prezidentinin qarşıya qoyduğu strateji xəttə uyğun olaraq Respublikanın regionlarında 100-dən artıq yarımstansiyanın tikilib yenidən qurulmasına, 1000-dən artıq qəsəbə və kəndlərin elektrik şəbəkəsinin yenilənməsinə nail olunub. 2015-ci ildə Azərişıq ASC təhvil alınarkən texniki itkilər 15-20 faiz olduğu halda 2018-ci ildə 8-10 faizə endirilib, “Azərişıq” ASC-nin bütün xidmətləri “ASAN Kommunal və ASAN Xidmət” mərkəzlərinə transfer edilib. Bütün bunlardan onun "Azərenerji"yə təyinatının da bu qurumun tarixində yeni səhifə açacağını proqnozlaşdırmaq tamamilə mümkün idi. Lakin etiraf etmək lazımdır ki, cəmi bir il müddətində əldə ediləcək uğurların məhz bu miqyasda olacağını hesablamaq hər optimist proqnozçunun işi deyildi. Baba müəllim sübut etdi ki, onun kimi peşəkar, bacarıqlı bir kadrın olduğu yerdə qazanılmayacaq nailiyyət yoxdur, özü də ən qısa zaman içində! Baba Rzayev "Azərenerji"-yə prezident təyin olunanadək adıçəkilən ASC-nin fəaliyyətində kifayət qədər qüsurların, nöqsanların olduğu sirr deyildi. Gizlətməyə lüzum yoxdur ki, bu qurumun işindən həm ölkə rəhbərliyinin, həm də ictimaiyyətin narazılığı aydın hiss olunurdu. Xüsusilə ötən ilin iyulunda Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES-in 1-ci və 6-cı enerji blokunda baş verən partlayışdan sonra bu narazılıq aydın şəkildə ortaya çıxmışdı. Həmin partlayış nəticəsində paytaxt Bakı başda olmaqla, ölkəmizin böyük hisssəsi qaranlığa qərq olmuş, bununla bağlı yaradılmış Dövlət Komissiyasının apardığı araşdırmalar nəticəsində partlayışın əsl səbəbləri ortaya çıxmış, məlum olmuşdu ki, burada "Azərenerji" rəhbərliyinin msəuliyyəti gözardı edilməməlidir. Baba müəllim məhz belə bir şəraitdə qurumun prezidenti təyin edilmiş və yuxarıda da vurğuladığımız kimi, qısa vaxtda sözügedən ASC-nin işində misli görünməmiş dönüş yaranmışdır. "Azərenerji"-nin fəaliyyətində şəffaflılıq və hesabatlılıq tam təmin olunub, bu isə cəmi bir ildə əldə edilən uğurların təməlini təşkil edir. Baba Rzayev bir yandan istehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi istiqamətində genişmiqyaslı tədbirlər reallaşdırarkən digər tərəfdən də bir sıra yeni stansiya və yarımstansiyaların, elektrik verilişi xətlərinin tikintisi və mövcud obyektlərin əsaslı yenidən qurulması istiqamətində ciddi addımların atılmasına nail oldu. O, "Azərenerji" prezidenti təyin edildikdən qısa müddət sonra "Reablitasiya Proqramı" çərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan "Azərbaycan" İstilik Elektrik Stansiyası başda olmaqla əksər istilik, su və kiçik elektrik stansiyalarında yenidənqurma, təmir-bərpa işləri həyata keçirməyə başlayıb. Nəticədə, elektrik şəbəkələrinin etibarlılığı artırılıb, həmçinin xüsusi sərfiyyatda gərginliyin səviyyəsi yüksəldilib. Bu isə xüsusi sərfiyyat mühərriklərinin işəsalma rejimini yüngülləşdirib və ehtiyat bəsləmə sisteminin etibarlılığını da yüksəldib. Baba müəllim ölkəmizdə elektrik enerjisinə artan təlabat tempinin getdikcə artdığını nəzərə alaraq, "Azərenerji"nin fəaliyyətini də məhz bu istiqamətdə qurur. Elə ona görə də indi tam qətiyyətlə, əminliklə vurğulamaq olar ki, bizi ötən ilin iyulunda baş verdiyi kimi, bir daha qaranlıqda qalmaq perspektivi gözləmir. Daha bir maraqlı fakt: “Azərenerji” ASC-nin bir müddət bundan əvvəl yaydığı məlumata əsasən, ölkəmiz Rusiya, İran, Gürcüstan və Türkiyədən sonra bu il mayın 1-dən etibarən Yunanıstan, Rumıniya və Macarıstana da elektrik enerjisinin ixracına başlayıb. Bu, enerjinin Gürcüstan, Türkiyə və Bolqarıstan vasitəsilə ötürülməsi sayəsində gerçəkləşib.İnformasiyada “Azərenerji” tərəfindən yaxın gələcəkdə Avstriya və İtaliyaya da elektrik enerjisi ötürüləcəyi qeyd edilib. Bu şübhəsiz ki, ciddi uğurdur və B.Rzayevin rəhbəri olduğu qurumun öz uğurlarını hətta ölkəmizdən kənara da daşımasının isbatıdır. Yaşadığımız dövrdə energetikanın həyatımızdakı misilsiz rolunu qeyd etməyə ehtiyac yoxdur. İndi işıq həmişəkindən çox firavan həyat deməkdir, inkişaf deməkdir. Bu mənada "Azərenerji"nin nə qədər strateji bir qurum olduğu da aydın şəkildə gözlərimiz önündə canlanır. Baba Rzayev bu məsuliyyəti dərindən dərk etdiyi üçün özünün bütün bilik və bacarıqlarını, təcrübəsini rəhbəri olduğu ASC-nin öz yoluna nöqsansız, qüsursuz şəkildə davam etdirməsinə yönəldir. Və istəyinə də nail olur! Lakin belə görünür ki, kimlərsə bundan narahatdır, xüsusilə özünü müstəqil və müxalif adlandıran internet resurslarında hər vəchlə B.Rzayevin və onun rəhbər qurumun fəaliyyətini qaralamaq cəhdləridir. İçi QARANLIQla dolu olan şəxslərin bu cür QARALAMALARI şübhsəiz ki, "Azərenerji"nin, onun prezidentinin İŞIQLI fəaliyyətinə kölgə salmaq iqtidarında deyil. Ancaq bir sual istər-istəməz maraq doğurur: özünü bacarıqlı menecer, peşəkar idarəçi kimi təsdiqləmiş Baba müəllimin öz işinə məsuliyyətlə yanaşması, "Azərenerji"də cəmi bir il rəhbər kimi çalışmasına baxmayaraq, əldə etdiyi böyük nailiyyətlər kimlərisə (və niyə?) narahat edir axı? Uğurlu fəaliyyəti ilə ölkə başçısının etimadını qazanmış, ölkənin keyfiyyətli və fasiləsiz enerji təminatı baxımından qısa vaxtda gördüyü ciddi işlər ictimaiyyət tərəfindən də təqdir edilən "Azərenerji" prezidentinə yönəlik qarayaxmalar, obrazlı desək, onun təmiz köynəyinə şübhəsiz ki, əsla ləkə sala bilməz, ancaq istər-istəməz sual yaranır: bu çirkli kampaniya kimlərə və nə üçün lazımdır? Belə çıxır, bəziləri İŞIĞI QARANLIQLA boğmaq kimi bihudə yola baş vurublar, ancaq bunun faydasız qalacağının, yalanın ayaq tutsa belə yeriməyəcəyinin fərqində deyillər. Yel qayadan heç nə aparmayacağı kimi, həmin qarayxmalar da "Azərenerji"ni və onun prezidentini qarşıya qoyulan hədəflərdən qətiyyən yayındıra bilməz. Baba müəllim ölkə başçısının tövsiyə və tapşırıqlarının, indiyə qədər olduğu kimi, bundan sonra da uğurla həyata keçirilməsinə nail olacaq. Belə düşünmək üçün Balababa müəllimin "Azərenerji" prezidenti kimi son bir ildəki parlaq fəaliyyətinin gözqamaşdırıcı işığı əsas verir. Növbəti illərdə həmin İŞIĞIN daha gur yanacağına isə şübhə yoxdur. QARANLIĞI sevənlərin isə pisliyi yenə də özlərinə qalacaq... Və sonda: On beş ildir ki, Azərbaycan energetikləri hər il oktyabrın 20-də öz peşə bayramlarını iftixarla qeyd edirlər. Belə ki, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” İES-in birinci enerji bloku istifadəyə verilib, bununla da Azərbaycan elektroenergetikasının inkişafında yeni mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilib. Bu günü qürurla qeyd etmək hər bir energetikin halal haqqıdır! Bizə isə onları bu əlamətdar gün münasibəti ilə təbrik, həyatımızı İŞIQLANDIRDIQLARI üçün isə təşəkkür etmək düşür. İŞIĞINIZ və uğurlarınız bol olsun, əziz energetiklər! Azər Nəcəf (AzerTaym.az)