Tədbirdə 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edəcək
İyunun 3-də öz işinə başlayacaq Dünya Azərbaycanlılarının IV Qurultayına hazırlıq işləri başa çatıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən “Yeni Müsavat”a verilən məlumata görə, tədbirin qonaqları və nümayəndələrin siyahısı tam dəqiqləşdirilib.
Komitədən bildirilib ki, Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edəcək. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var.
Rəsmi açılışdan sonra qurultay öz işini panel iclaslarla davam etdirəcək. İclaslarda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparacaq, rəy və təkiliflərini səsləndirəcəklər. Dünya Azərbaycanlılarının IV Qurultayında prioritet məsələlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları, eləcə də digər məsələlər olacaq. Tədbir çərçivəsində Azərbaycan diasporu nümayəndələrinin Azərbaycanın dövlət və hökumət strukturlarının rəhbərləri ilə görüşü də planlaşdırılır. Görüşdə xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli ilə bağlı müvafiq dövlət strukturlarının üzərinə düşən vəzifələr müzakirə ediləcək. İki gün davam edəcək qurultay öz işini iyunun 4-də yekunlaşdıracaq.
Qurultayda dünyada məşhur olan bir sıra soydaşlarımızın da iştirak edəcəyi bildirilir. Onların sırasında hazırda Türkiyədə yaşayan, İrəvan xanı Hüseynalı xanın nəslindən olan Turxan Turqutun da olduğu barədə məlumat almışıq.
AzerTaym.az