Elxan Məmmədov və AFFA-dakı Xanımının çıxardığı MALİYYƏ OYUNLARI, Qurbanovun avtobusu — İLGİNC TƏFƏRRÜAT

610x380xifa.jpg.pagespeed.ic.uowCuoLNf-

Bir neçə gün öncə AFFA-nın Hesabat-Seçki Konfransı keçirildi. Bir sıra maraqlı qərarların qəbul olunduğu tədbirdə ən diqqətçəkən məqamlardan biri heç şübhəsiz ki, təşkilatın ötənilki xərclərinin açıqlanması idi. Nə qədər qəribə də olsa, Avropa Çempionatının təsnifat mərhələsində qrupda axırdan ikinci yeri tutan ölkənin futboluna, daha doğrusu futbol qurumuna nə az, nə çox 18 milyon 249 min 900 manat vəsait xərclənib.

Ölkə.az olaraq sözügedən hesabatın qaranlıq məqamlarına aydınlıq gətirməyə çalışacağıq.

Əvvəla ondan başlayaq ki, AFFA-nın ötənilki büdcəsi 26 milyon manat olub. Amma hesabatda bunun cəmi 18 milyon 249 min 900 manatı göstərilir və qalan məbləğin taleyi qaranlıq qalır.

Xatırlayırsınızsa, ötən yazılarımızın birində milli komandalara xərclənən vəsaitin şişirdilməsi barədə qeyd etmişdik. Hesabatda qeyd olunur ki, bu il qurumun büdcəsindən ən çox vəsait milli komandalara xərclənib – 7 milyon 326 min 217 manat. İstisna deyil ki, bu rəqəmdə də ciddi şişirtmələr var. Bəzi mütəxəssislər isə belə hesab edirlər ki, 2015-ci ildə heç bir nəticə qazanmayan milli komandaya xərclənən vəsait maksimum 4-5 milyondur.

Sənəddə "Cross Culture" layihəsi üçün 51 min 138 manat vəsait ayrıldığı qeyd edilib. Əslində, bu layihənin özünü tam əminliklə mənasız bir şey hesab etmək olar. Səbəb? Əvvəla ona görə ki, "Cross Culture" pul silmək üçün uydurulmuş layihədir. Guya bu layihə futbolun tanıdılması və təbliği, mədəniyyət və idman əlaqələrinin möhkəmləndirilməsi üçündür. İdmanın şahı sayılan idman növünün tanıdılmasına ehtiyac varmı? Maraqlıdır ki, indiyə kimi bu layihə çərçivəsində bir proqram belə, təklif, yaxud icra olunmayıb.

Marketinq və Reklamlar Departamentinin də xərci 263 min manat olub. Bilməyənlər üçün xatırladım ki, sözügedən departamentin əməkdaşlarının 90 faizi baş katib Elxan Məmmədovun qohumları və yaxın adamlarıdır. Futbola yaxından və uzaqdan heç bir aidiyyatı olmayan şəxslərin toplandığı bu şöbədə ondan artıq əməkdaş var ki, onların da ən ağır işi bekarçılıqdır. Hətta əldə etdiyimiz məlumata görə, bekarçılığın dozası o qədər yüksək olur ki, bu əməkdaşlar vaxt tapıb müxtəlif oyunlar, o cümlədən kart oynaya bilirlər. Məlumat üçün qeyd etmək yerinə düşər ki, Marketinq və Reklamlar Şöbəsinin müdiri Cavid Qarayev bu yaxınlarda Bakı Olimpiya Stadionuna direktor təyin olunub. Hər halda bunun Qarayevin Elxan Məmmədova sədaqəti və "xidməti" müqabilində baş tutduğu sirr deyil. Yeri gəlmişkən, bir müddət öncə Qarayevin şöbəsinin bir neçə üzvü ixtisara düşmüşdü.

Hesabatda qurumun tədris xərcləri 144 min 150 manat göstərilir. Ancaq AFFA-nın kimə, nə vaxt və harada təhsil verdiyi məlum deyil. Əgər A, B, C və Pro kateqoriyalı məşqçilər kursu nəzərdə tutulursa, bu kurslar ödənişlidir. Yəni kursda oxumaq istəyən şəxs kateqoriyadan asılı olaraq 500 manatdan 10 min manatadək vəsait ödəyir. Deməli, bu rəqəm də həqiqəti əks etdirə bilməz. Eyni sözü hakim və hakim inspektorlara da aid etmək olar.

Hesabatda AFFA-nın mətbu orqanı olan "Futbol dünyası" qəzetinin "ayağına" 146 min 897 manat vəsait yazılıb. Əvvəla, bu qəzet xeyli müddətdir çıxmır, ikincisi, bu rəqəm özlüyündə xeyli böyükdür. Tanınmış idman jurnalisti Natiq Muxtarlının fikrindən sitat:

"Müqayisə üçün qeyd edək ki, bütün idman mətbuatına dəstək olacaq (guya) Mətbuat Komitəsinin illik büdcəsi isə 80 min manatdır. Bu komitədən ümid gözləyənlər, ələ salındığınızın fərqində deyilsiz?"

Hesabatda nəqliyyat xərclərinə 229 min 551 manat vəsaitin xərcləndiyi göstərilir. Xeyli gülməli görünsə də, izah etməyə çalışaq. AFFA-nın işçiləri işə ya şəxsi avtomobillərində, ya da qurumun xidməti avtomobillərinə öz ciblərindən yanacaq alaraq gəlirlər. Mütəxəssislər hesab edirlər ki, bu rəqəm 200 mindən çox olmamalıdır.

Bu arada kiçik haşiyə çıxaq. AFFA-da maliyyə işlərinə rəhbərliyi PFL prezidenti Ramin Musayevin Yusif adlı yaxın adamı nəzarət edirdi. İndi isə həmin işlərə məsul Xanım adlı qadındır və o, Elxan Məmmədova yaxınlığı ilə seçilir. Adi katibədən AFFA-nın maliyyə işləri müdirinə qədər yüksələn xanımın ixtisası da tamam başqadır. Xanım-Elxan Məmmədov cütlüyünün digər "qəhrəmanlıqları" barədə yazının növbəti hissəsində oxuya bilərsiniz.

Sənəddə daşınmaz əmlakın icarə haqqı 199 min 894 manat göstərilib. Əgər daşınmaz əmlak deyərkən anbarlar nəzərdə tutulursa, AFFA-nın iki anbarından biri öz akademiyasının binasında, yəni AFFA-nın həyətindədir. İkincisi isə "Baksel arena"nın anbarıdır ki, ora da pul ödənilmir.

Avtobuslar daşınmaz əmlak sayılmasa da, onu da qeyd edək ki, qurumun iki avtobusundan biri özünün, digəri isə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovundur. Qurbanov buna görə AFFA-dan aylıq alır.

Təsərrüfat və rabitə xərclərinə gəldikdə isə birlikdə 730 min pul xərclənib. Ancaq bu məbləğin nəyə və hara xərcləndiyi göstərilmir. Sual olunur:AFFA-nın nə təsərrüfatı var ki, bu qədər pul xərclənir?

Əmək haqqı və ezamiyyə üçün 2 milyon 916 min 389 manat vəsait xərclənib. Burada vəziyyəti bir qədər bədiiləşdirsək, daha ağlamalıdır. Əvvəla, təşkilatın işçi sayı və əməkdaşların aldığı məvacib göstərilməyib. Çünki qurumda adı maaş cədvəlində olub aylarla işə gəlməyən xeyli əməkdaş var.

Yeri gəlmişkən AFFA-nın Yusif adlı keçmiş mühasibi də belə "qara işlər"ə görə kənarlaşdırılıb. Əldə etdiyimiz məlumata görə, məhz bu şəxs hakimlərin, AFFA-nın bir neçə işçisinin adına saxta bank kartı çıxarıb pul köçürürmüş. Lakin sonradan həmin post Ramin Musayevdən alınıb və Elxan Məmmədov Xanımı ora gətirib. İndi həmin "qara işlər"i məhz Xanım adlı bu qadın həyata keçirir. Məsələn, dükanlardan, iri ticarət mərkəzlərindən saxta çeklər alınır və pullar silinir. Aviabilet və hotel xərcləri də Elxan Məmmədovun tam nəzarətindədir. Ayın 20 günü ezamiyyələrdə olan bu şəxs təkcə ezamiyyətdən ayda 10 min pul qazanır. Yeri gəlmişkən, digər işçilərlə müqayisədə Məmmədov ezamiyyə üçün iki dəfə artıq pul alır. Bunun da səbəbi qaranlıq qalır. Nə qədər ilginc görünsə də, bildirilir ki, ailəsinin səfər xərclərini də AFFA ödəyir.

Hesabatdakı digər maraqlı məqam "Futbol Bakcell ilə" layihəsi barədədir. Göstərilir ki, layihəyə 70 min manat vəsait xərclənib. Əgər bu layihəyə "Bakcell" sponsorluq edirsə, bəs AFFA niyə 70 min xərcləyir? 
"Bakcell" AFFA-nın işçilərinə, hakim və inspektorlara pulsuz "gold" nömrələr paylayıb. Ayda iki manat yükləyirsən və bu nömrələr öz aralarında pulsuz danışa bilirlər. Bunun da xərcini şirkət özü çəkir, AFFA yox.

Uşaq və Gənclər futbolunun inkişafı, qızlardan və oğlanlardan ibarət U-10-dan başlayaraq U-19-a qədər liqaların təşkili, turnirlərin keçirilməsi xərcləri 1 milyon 714 min 885 manat göstərilib. Əvvəla hər turnirin öz sponsoru var. Liqalar üzrə "Atena", Kapital bank, Acess bank, "Bakcell" sponsorluq edir. Yəni xərclər məhz bu sponsorlar tərəfindən ödənilir. AFFA-nın yalnız bir əməkdaşı hər yarışa ezam edilir. O da sırf nəzarət üçün.

Hesabatda göstərilir ki, "Elit məşq" layihəsi 275 min 782 manat vəsaitin xərclənməsinə səbəb olub. Halbuki bu layihəyə görə pullar elit məşqçilərin məvacibi üçün nəzərdə tutulub. Amma onların nə işlə məşğul olduqları bəlli deyil. Bilməyənlər üçün qeyd edim ki, bu mütəxəssislərin əsas işi regionlarda keçirilən yarışlardan istedadlı oyunçuları seçib üzə çıxarmaqdır. Bu məbləğin də hara xərcləndiyini Elxan Məmmədov və Xanım xanım cütlüyü daha yaxşı bilir.

Oyunların təşkilinə 919 min 337 manat ayrılıb. Söhbət hansı oyunlardan gedir? Əgər milli nəzərdə tutulursa, ilboyu 3-4 yoldaşlıq görüşü keçirilir ki, bir milyona yaxın pul 3-4 görüş üçün çox böyük məbləğdir.

Hesabatın aşağısında bir nüans xüsusən diqqət çəkir. Qeyd olunur ki, klublarımızın Çempionlar Liqası və Avropa Liqası oyunlarına təyinat alan UEFA nümayəndlərinin hakim və hakim inspektorların qarşılanması xərcləri də həmin məbləğə daxildir. Məlumat üçün bildirək ki, UEFA və FİFA hər bir beynəlxalq yarış üçün ölkəyə gələn qonaqların qarşılanmasına pul ayırır. Hər oyuna 8600 isveçrə frankı, təxminən 6500 dollar ayrılır. Bizim pulun indiki kursuyla 10 min 400 manat.

Gəlin kiçik riyazi hesablama aparaq və hər şeyi aydınlaşdırmağa çalışaq. Bir beynəlxalq oyuna altı hakim, bir hakim inspektor və bir UEFA nümayəndəsi və bir venue direktor gəlsə, bu, doqquz nəfər edir. Onlar ümumilikdə iki gecə qalırlar. Ən bahalı hotelin qiymətini 250 manatdan hesablasaq, iki gün üçün adambaşına 500 manat ödənilir. Bu da ümumilikdə 9 nəfər üçün 4500 manat edir. UEFA nümayəndələrinin iki günlük günorta və axşam yeməklərini də ümumilikdə 1500 manat hesablayaq. Hərçənd ki, 1500 manat 9 nəfərin iki günlük yeməyi üçün həddən artıq çoxdur. 1500 manatı da 4500-ün üzərinə gəlirik, edir 6000 manat. Bəs UEFA-nın ayırdığı 10 min 400 manatın 4400 manatı hara gedir?

Məlumatlar var ki, xarici nümayəndələrlə işləyən şəxslərə gündəlik min manat verilir və tapşırılır ki, bundan artıq xərclənməsinlər. Qalan məbləğin aqibəti isə Xanım və Elxan Məmmədova daha yaxşı bəllidir.

Məmmədovun "qəhrəmanlıqları" təkcə bununla bitmir. Bildiyiniz kimi AFFA Hakimlər Komitəsi UEFA Hakimlər Konvensiyasına daxildir. Buna görə bizim hakimlərin təlim-məşq toplanışları və geyimləri üçün UEFA ilə 160 min avro pul ayırır. İndiki məzənnə ilə təxminən 315 min manat.

Hakimlərimizin ildə iki dəfə təlim-məşq toplanışına getmələrini və iki ildə bir geyimlərlə təmin olunduğunu nəzərə alsaq, bu məbləğin ən azı yarısının hara xərcləndiyi naməlum qalır.

Yeri gəlmişkən, bu il hakimlər üçün nəzərdə tutulmuş qış təlimi keçirilmədi və yayda da keçirilməsi də sual altındadır. Əgər belədirsə, bu pulların aqibətinin necə olduğunu cənab Elxan Məmmədovdan niyə heç kim soruşmur?

Bütün bunlar bizim maliyyə saxtakarlıqları ilə bağlı əldə etdiyimiz məlumatların bir qismidir.

Araşdırmamızı futbol ictimaiyyətinin müzakirəsinə təqdim edirik. Qərarı özünüz çıxarın və Azərbaycan futbolunu kimin necə idarə etdiyinə özünüz qiymət verin.

P.S. Növbəti yazımızda AFFA-ya prezident seçkisindən danışacağıq. Çox maraqlı və gizlin məqamlar var. Saxta, adı olub, özü olmayan ictimai təşkilatlardan verilən namizədlərdən, səsvermənin gizlinlərindən və digər ilginc məqamlardan xəbərdar olacaqsınız.






Fikirlər