Sabiq nazirin yaxın qohumuna CİNAYƏT işi açıldı

Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin sabiq rəisi Allahverdi Dəmirova cinayət işi açılıb.

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, “Xudafərin Tikinti Quraşdırma” MMC-nin direktoru, 1961-ci il təvəllüdlü Əliyev Sənan Sədi oğlu prokurorluğa müraciət edərək bildirib ki, 2010-cu ilin sentyabr ayında Təhsil Nazirliyinin inzibati binasındakı iş otağında A.Dəmirova külli miqdarda pul verib.

Şikayətçi qeyd edib ki, həmin vaxtdan 2011-ci ilin aprel ayınadək müxtəlif vaxtlarda nazirliyin keçmiş idarə rəisinə üst-üstə 450 min pul verib. Pulun qarşılığında A.Dəmirov adı yuxarıda qeyd edilən şirkətə müxtəlif təmir-tikinti işlərinin həvalə ediləcəyinə söz verib. Lakin üstündən xeyli vaxt keçməsinə baxmayaraq verilən söz yerinə yetirilməyib, həmçinin A.Dəmirov müxtəlif vədlərlə aldığı pulu da geri qaytarmayıb.

S.Əliyevin müraciəti əsasında müvafiq araşdırmalar aparılıb və faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanaraq Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin icraatına verilib. Qeyd edək ki, A.Dəmirov sabiq təhsil naziri Misir Mərdanovun yaxın qohumu - xalası oğludur.






Fikirlər