“NƏ QƏDƏR Kİ, İŞĞALÇI QOŞUNLAR BURADAN ÇIXMAYIB...”- “Fikrimcə, ya Rusiyanın təklifi ilə razılaşmalı, ya da onunla açıq müharibə etməli idik"
Pənah Hüseyn: “Türkiyəyə qarşı mübarizə Azərbaycana qarşı hücumdur, bunun cavabı amansız şəkildə verilməlidir, təşkilatçıları əzilməlidir” “Rusiyanın sülhməramlı fəaliyyəti ermənilərin təcavüzkar siyasətinə xidmət edəcəksə, iflas edən tərəflərdən biri də Rusiya olacaq” Noyabrın 10-da imzalanan üçtərəfli bəyannamədən sonra müharibə atəşkəslə əvəzlənsə də, bölgədə yaranan gərgin və həssas durum sistemli sabitliklə əvəzlənməyib. Sülhməramlıların Azərbaycanda birmənalı qarşılanmayan əməlləri kontekstində Türkiyə hərbçilərinin Monitorinq Mərkəzində gözlənilən fəaliyyəti bölgədə müəyyən balansın formalaşacağına dair ümidlər yaradır. “AzPolitika.info” günün ən aktualmövzuları ətrafında Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseynin fikirlərini öyrənib: - Pənah bəy, Türkiyə Silahlı Qüvvələrinin bir qrup təmsilçisi yaxın günlərdə Ağdamda Monitorinq Mərkəzində ruslarla birlikdə fəaliyyətə başlayacaq. Sizcə, bu, 10 noyabrdan sonra müşahidə edilən erməni təxribatlarının və rus sülhməramlılarının Azərbaycanda narazılıq yaradan fəaliyyətinin qarşısını ala bilərmi? - Ümumiyyətlə, türklərin iştirakı Monotorinq Mərkəzi formasında olsa da, bölgədə konkret Qarabağ münaqişəsinin həllində ən ciddi qarantlardan biridir. O mənada ki, proses qalıcı və stabil olsun. Türkiyənin Monitorinq Mərkəzində təmsilçiliyi həm də onun bölgədə təhlükəsizliyin və sülhün təminatçısı kimi çıxış etməsi deməkdir. Bu, olduqca zəruri və vacibdir. Açığı, Türkiyəsiz Qarabağ münaqişəsinin nizamlanması prosesinin baş tutması da problemli görünür. - Biz rus sülhməramlılarının bölgəyə gəlişindən sonra bir neçə dəfə erməni təxribatının baş verdiyinə şahidlik etdik. Monitorinq Mərkəzinin fəaliyyətə başlamasından sonra bu cür təxribatlara dair proqnozlarınız nədən ibarətdir? - Prinsipcə, orada işğalçı Ermənistanın silahlı qüvvələri, eyni zamanda qondarma terrorçu qurumun qanunsuz silahlı dəstələri, dünyanın hər yerindən ermənilər tərəfdən vuruşmaq üçün gətirilən beynəlxalq terror təşkilatlarının üzvləri qaldıqca, təxribatlar gözləniləndir. Nə qədər ki, işğalçı qoşunlar buradan çıxmayıb və Azərbaycanın dövlət suverenliyi və Konstitusiyası tam bərpa edilməyib, bu kimi fəsadların olması gözləniləndir. Odur ki, bu məsələlərin qarşısının alınması, konkret olaraq Azərbaycan Silahlı Qüvvələrinə tabe olmayan qanunsuz silahlı dəstələrin ərazidən çıxması, çıxmaq niyyətində olmayan qüvvələrinsə zərərsizləşdirilməsi və beləcə, Azərbaycanın suverenliyinin tam bərpası həyata keçirilməlidir. Sülhün təminatı budur. Əlbəttə, arzuolunandır ki, sülhməramlılar, eləcə də Monitorinq Mərkəzinin xətti ilə bu işlər mümkün qədər qansız-qadasız aparılsın. - Siz sülhməramlı missiyanın fəaliyyətini necə qiymətləndirirsiniz və onun gələcək addımlarını nədə görürsünüz? - Konkret olaraq, rus sülhməramlılarının buraya necə və hansı şəraitdə gəlməsi, məqsəd və məramları aydındır. Elementar informasiyası və ağlı olan hər kəsə bunlar məlumdur. Rus sülhməramlıları işğalçı qüvvələrin və “Artsax” adlanan qondarma təsisatın tamamilə sıradan çıxmasının qarşısını almaq üçün buraya daxil oldu. Rusiyanın bizim regionda maraq və mənafeləri, strategiyası, habelə təsir imkanları bəllidir. Azərbaycanın səlahiyyətli orqanları da onların buraya gəlməsinə razılıq veriblər. Məncə, prosesin gedişindən, həmçinin Azərbaycan dövlətinin və onun müttəfiqlərinin, Türkiyənin mövqeyindən çox şey asılıdır. Azərbaycan xalqının mütləq əksəriyyəti Türkiyə sülhməramlılarının balanslı şəkildə iştirakı olmadan, yalnız rus sülhməramlılarının bu prosesdəki iştrakına etimad göstərmədi. Odur ki, bu etimadsızlığın aradan qaldırılması üçün Rusiya tərəfi çox iş görməlidir. O cümlədən, buraya gələrkən elan olunan məqsədləri realizə etməlidir. Çox təəssüflər olsun ki, keçən müddət ərzində baş verənlər bu barədə optimist olmağımıza imkan vermir. Çünki açıq-aydın və gözümüzün qarşısında sülhməramlıların bir çox hallarda onlara verilən mandatdan kənara çıxması halları olub. Bu da təbii olaraq Azərbaycan cəmiyyətində etiraz, narazılıq və hiddət doğurub, üstəlik də bu narazılıq getdikcə artır. Fikrimcə, bu faktor da nəzərə alınmalıdır. Güman edirəm indiki məqamda Rusiyada kifayət qədər qüvvələr var ki, Ermənistanın Rusiya üçün əhəmiyyətinin azalmasına tərəfdardırlar, habelə Rusiyanın öz maraqları baxımından Moskva-Ankara əməkdaşlığının daha mühüm əhəmiyyət kəsb etdiyini başa düşürlər. Və əgər Qarabağ məsələsinin ədalətə, beynəlxalq sənədlərə uyğun həlli istiqamətində addım atacaqlarsa, bu, təkcə Azərbaycana deyil, həm də Rusiyanın maraqlarına xidmət etmiş olacaq. Əks təqdirdə bölgədə Rusiyanın bu sülhməramlı əməliyyatı ermənilərin təcavüzkar siyasətinə xidmət edəcəksə, məncə, iflas edən tərəflərdən biri də Rusiya olacaq. - Sizcə, rus sülhməramlılarının bölgəyə daxil olmasını qaçılmaz edən səbəb nə olub və bu proses hansı şəraitdə baş verib? - Burada hər halda bizə məlum olmayan müəyyən detallar və təfərrüatlar var. Bunlar nə zamansa məlum olacaq. Həm erməni siyasətçiləri, həm də Rusiya prezidenti səviyyəsində açıqlamalar göstərir ki, bir neçə gün, hətta bir neçə saat ərzində qondarma qurumun qanunsuz paytaxt elan etdiyi Xankəndi, Əsgəran və başqa yaşayış məntəqələrinin Azərbaycan Ordusu tərəfindən azad edilməsi, təxminən 20 min nəfərlik işğalçı ordunun mühasirəyə düşməsi situasiyası yaranmışdı. Sonradan verilən açıqlamalardan məlum olur ki, müqavilə imzalanan dövrə qədər danışıqlar davam edirmiş. Mənim fikrimcə, belə məqamda Azərbaycan hökuməti ya Rusiyanın təklifləri ilə razılaşmaq və mümkün qədər bizim maraqlarımıza uyğun şərait əldə etmək, ya da Rusiya ilə açıq müharibə etmək, bölgədə ciddi konfliktə getmək seçimi qarşısında olub. Hesab edirəm ki, belə məqamda Azərbaycan tərəfi sənədi imzalamaq yolunu seçib. Nə qədər doğru və düzgün olduğunu yəqin ki, təfərrüatlar açıqlananda bəlli olacaq. Mən hesab edirəm ki, bu, bizim bəzi ekspertlərin qiymətləndirdiyi kimi məğlub olmaq və ya Azərbaycanın dövlət maraqlarını güzəştə getmək şəklində olmayıb. Mənim qəti mövqeyim bundan ibarətdir. - Sizcə, Azərbaycan cəmiyyətinin, xalqının və dövlətinin imkanları, eləcə də potensialı nəzarətdən kənarda qalan ərazilərimizdə də dövlət suverenliyimizi bərpa etməyə imkan verəcəkmi? - Bir çox məsələlər geosiyasi proseslərdən, o cümlədən Azərbaycan dövlətinin iradəsindən asılı olacaq. Mən burada cəmiyyət və xalq ifadəsini konkret dövlətlə əvəz etməyi doğru sayardım. Çünki bu sənədə imza atmaqla və rus sülhməramlılarının bölgəyə gəlməsinə razılıq verməklə İlham Əliyev iqtidarı öz üzərinə ciddi məsuliyyət götürüb. Mənə elə gəlir ki, iqtidar bu məsələni Azərbaycanın ərazi bütövlüyü ilə tamamlamaq üçün əlindən gələni, hətta gəlməyəni etməlidir. Güman edirəm ki, bunu da edəcək. Bu istiqamətdə Azərbaycan cəmiyyəti, siyasi qüvvələr əvvəldən elan etdiyi kimi torpaqların azad edilməsi məsələsində bir olmaq və dövlətin atacağı addımları müdafiə etmək mövqeyində qalmaqda davam edir. Açığı, mən bu məsələdə optimistəm və hesab edirəm ki, həm geosiyasi proseslər, həm də 44 günlük müharibədə əldə edilən qələbə və Azərbaycan cəmiyyətində yaranan ab-hava imkan verir ki, burada hər hansı bir sapmalar olmasın. Sözsüz ki, ciddi dəyişikliklərə ehtiyac var. Söhbət təkcə hərbi sahədən getmir. Eləcə də siyasi, sosial sahədə demokratikləşməyə ehtiyac var. Çünki dediyimiz bu məsələlər həm də Azərbaycanın daha güclü olmasına, dünyada imicinin düzəldilməsinə, müttəfiqlərimizin sayının artmasına, düşmən tərəfindən Azərbaycana qarşı irəli sürülən bir sıra ittihamların qarşısını almağa xidmət edər. - Bəzən Azərbaycanda açıq formada anti-türk mövqeyi nümayiş etdirənlərin şahidi oluruq ki, bu da Rusiyanın “beşinci kolonu”nun fəallaşması kimi qəbul edilir... - Hansı məsələdən qaynaqlanmasından, kimlər tərəfindən irəli sürülməsindən, subyekt və motivlərindən asılı olmayaraq, bunun təşkilatçıları əzilməlidir. Çünki bunlar Azərbaycana qarşı düşmən, təhdid yaradan hərəkətlərdir, düşmənlərimizə xidmət edən addımlardır. Türkiyəyə qarşı mübarizə Azərbaycana qarşı hücumdur. Bunun cavabı amansız şəkildə verilməlidir. - Hazırda Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası prosesi gedir. Sizcə, bunun sona qədər aparılması mümkündürmü, yoxsa hansısa anda bu proses pozula bilər? - Bu, uzun sürən bir proses olacaq. Məsələn, bizim qonşu Gürcüstanla bu istiqamətdə işimiz on illərdir davam edir. Elə Rusiya ilə də bu məsələ var. Türkiyə və İranla isə bu problemlər ona görə yaşanmadı ki, SSRİ dövründə hər iki ölkə ilə sərhədlərin demarkasiyası başa çatdırılmış və müvafiq sənədlər də imzalanmışdı. Bu, əslində normal prosesdir, amma ermənilərin ortaya atdığı demarkasiya və delimitasiya məsələsi fikrimcə, torpaqların işğalda saxlanılmasına xidmət edir. Əslində, onlar tərəfindən irəli sürülən iddiaların demarkasiya və delimitasiya prosesinə heç bir aidiyyatı yoxdur. Konkret olaraq, indiki məqamda Azərbaycan tərəfinin apardığı iş demarkasiya və delimitasiya kimi qiymətləndirilə bilər. Qarşı tərəf isə işğal etdiyi ərazilərimizi qoruyub saxlamaq istəyir. Özü də heç bir əsas olmadan. Siz təsəvvür edin ki, az qala “ayda da erməni yaşayıb” deyə, saxta əlyazmlar ortaya qoyan, hansısa abidələr uyduran ermənilər indi ortaya xəritə qoymurlar. Deyirlər ki, xəritələr yandırılıb. SSRİ dövründə mövcud olmuş xəritələrin hamısı yandırılıb? Yeri gəlmişkən, hətta orta məktəb xərtələrində ərazilərin hansının Ermənistana, hansının Azərbaycana məxsus olması göstərilib. Eləcə də kolxozların, sovxozların və rayonların xəritələrində bunlar mövcuddur. Belə xəritələrin nüsxələri sözsüz ki, Moskvadakı arxivlərdə mövcuddur. Amma ermənilər çox həyasız və iyrənc görünən addımlar atırlar. Alçaqcasına başqasının əmlakına və torpağına əl uzatmağı indi də bu şəkildə davam etdirmək istəyirlər. Hələlik bizim tərəfdə narahatılıq yaradan proses yoxdur. Ermənistan mediasında dərc edilən materiallar da göstərir ki, bizim Sərhəd Xidməti və müvafiq orqanları bu məsələdə ortaya qətiyyətli mövqe qoyur. Biz bu prosesin sona qədər aparılmasının tərəfdarıyıq. İki gün əvvəl ermənilərin Sünik dediyi tarixi Zəngəzur ərazisində rus sərhədçiləri peyda olub. Orada bir-iki kənddə problemlər vardı. Səhv etmirəmsə Şurnux kəndindən söhbət gedirdi. Bizimkilər də qarşı tərəfə yanvarın 5-nə qədər vaxt vermişdi. Prosesi izləmək lazımdır. - Sizcə, yaxın illərdə Azərbaycanla Ermənistan arasında kommunikasiya xətlərinin açılması, ticarətin bərpası, qarşılıqlı əlaqələrin reallaşması nə dərəcədə realdır? - Bu, strateji məsələdir. Azərbaycan bu məsələdə maraqlı olmalıdır. Əslində, Ermənistanın da nicatı bundadır. Yeri gəlmişkən, deyim ki, söhbət təkcə dövlətlərarası kommunikasiyaların açılmasından getmir. Məsələn, Ağdərə yolu təcili açılmalıdır. İndi qış fəslidir, niyə Kəlbəcərə gediş-gəliş çətin olmalıdır? Yəni azərbaycanlılar və ermənilərin yaşadığı yaşayış məntəqələri arasında da kommunikasiya xətləri açılmalıdır. Həm də söhbət təkcə dəmir yolu və avtomobil yollarının açılmasından yox, həm də bütün iqtisadi əlaqələrin bərpa olunmasından gedir və fikrimcə, bu, çox əhəmiyyətli məsələdir. Hesab edirəm ki, indi təhlükəsizlik amili nəzərə alındığından və bir qədər də qış fəsli olduğundan, bu istiqamətdə müəyyən ləngiləmər oldu. Bəlkə də bu istiqamətdə sutkanın 24 saatını işləmək lazımdır. Bu, bölgədəki bütün xalqların mənafeyinə uyğun, o cümlədən bizim suverenliyimizin bərpası üçün zəruri istiqamətdir. - Bəs, ermənilər buna hazırdırmı? - Ermənistanda revanş çağırışı ilə ortaya çıxan qüvvələr oldu. Amma erməni cəmiyyəti və xalqı onları müdafiə etmədi. Onlar cəmi bir neçə min adam toplaya bildilər. Belə görünür ki, Nikol Paşinyan və ətrafı davam gətirərək hakimiyyəti qoruyub saxlaya bilsə, bu istiqamətdə müsbət hallar yaşana bilər.