MÜXALİFLƏRİN böhran TOPLANTISI: Növbədənkənar SEÇKİ, islahat, DİALOQ və sair KƏSKİN TƏLƏBLƏR səsləndi - FOTOLAR
Bu gün ölkənin aparıcı müxalifət partiyaları bir araya gələrək ölkədə baş verən böhranla bağlı toplantı keçirib. Strateq.az musavat.com-a istinadən xəbər verir ki, KXCP, AXP, ADP, Ümid Partiyalarının rəhbərləri, "Ağ blok", Bakı Kəndlər Birliyi də daxil olmaqla, tədbirdə iki yüzdən artıq şəxs iştirak edib. Tədbir dövlət himni ilə başlayıb. KXCP sədri Mirmahmud Mirəlioğlu çıxışında bildirib ki, uzun müddətdir ki, müxalifət bu cür, bu şəkildə bir araya gəlmirdi: “Buna görə iqtidara təşəkkür düşür”. Ümid sədri İqbal Ağazadə isə qeyd edib ki, bu tipli tədbirlərin geniş tərkibdə və müntəzəm keçirilməsi vacibdir: “Hesab edirəm ki, bu insanlar, buradakı ictimai-siyasi düşərgənin təmsilçiləri bu cür tədbirəri davam etdirməyin yollarını aramalıdırlar. Bundan sonra da bu tipli tədbirlərin keçirilməsi, xalqın problemlərinin qaldırılması istiqamətində işlər aparılmalıdır. Xalqın bir arada olmasının yollarını aramalıyıq”. ADP sədri Sərdar Cəlaloğlu isə qeyd edib ki, böhranı yaradan iqtidar xalqı həmin böhrandan çıxara bilməz: “Bu, torpaqların itirilməsinə səbəb olacaq, Azərbaycan xalqının bütünlüyünü təhlükə altına alan bir prosesdir. Bu böhranın ağırlığını Azərbaycan xalqı qaldıra bilməyəcək. Azərbaycan faktiki olaraq, total böhrandadır. Azərbaycanda köklü radikal islahatlar aparılmasa, ölkə batacaq. Təcili, növbədənkənar parlament seçkiləri keçirilməlidir. Xalqın iradəsini ifadə edən, demokratik seçki olmalıdır. İkincisi, Azərbaycanda mütləq koalisyon hökumət yaradımalıdır. Qanunvericilik sisteminin dəyişdirilməsi və idaretmə prinsipinin dəyişdirilməsi vacibdir. Bu böhranı yaradan bu iqtidardır. Bu iqtidar dəyişilməyənə qədər böhrandan çıxa bilməyəcəyik. Azərbaycanı satmaq prosesi başlayıb. Bu qədər təhlükəlidir vəziyyət. Azərbaycanın parçalanma təhlükəsi var”. ADR Hərəkatının təmsilçisi Vurğun Əyyub isə qeyd edib ki, son vaxtlar böhrandan çıxmaq üçün hakimiyyətə çox sayda təkliflər verilsə də, heç birinə cavab gəlməyib: “Azərbaycan hakimiyyətinin heç bir proqramı yoxdur, xaotik addımlar atırlar”. “Ağ blok”un təsisçilərindən Tural Abbaslı isə bildirib ki, "cılız ambisiyalara görə bir araya gəlməyən müxalifyönlü insanlar da səhnədən getməlidir": “Bu tədbirlərin də davamlı olmasına çalışmaq lazımdır. Konkret tələblərdən biri parlamentlə bağlı idi, dəstəkləyirəm. Parlament təcili buraxılmalıdır. Dövlət başçısı nəhayət ki, müxalifətlə bir masa arxasında oturmalıdır”.