Moskva Ankara ilə soyuq savaşa Azərbaycanı da qatmağa çalışır; 1921-ci il Rusiya-Türkiyə dostluq müqaviləsinin
Moskva-Ankara münasibətlərində “Su-24" insidentindən dolayı gərginlik davam edir. Son günlər tərəflər arasında söz savaşı, əsəb müharibəsi, ”soyuq savaş" bir qədər də güclənmiş kimi görünür. Hər haldab Rusiya və Türkiyənin yüksək çinli rəsmilərinin səngiməyən qarşılıqlı sərt açıqlamaları belə qənaət yaradır.
Görünür, şimal qonşumuz “soyuq savaş”da bəzi “Yaxın xaric” ölkələrini də öz yanında görmək istəyir. Söhbət öncəliklə həm qardaş ölkə, həm də Rusiya ilə normal münasibətlərdə olan və məlum konfliktdən optimal məsafə saxlamağa çalışan Azərbaycandan gedir.
Doğrudur, Kreml hələ heç kimə qarşı rəsmən belə bir tələb-xahişdə bulanmayıb. Lakin Moskva isteblişmentinə daxil olan şəxslərin axır vaxtlar sərgilədyi davranışlar bu istəyə eyhamlardan xali deyil. Ən azından, müşahidə olunan budur ki, Moskva konkret tələb irəli sürməsə də, Bakı-Ankara əlaqələrinin çox dərinə işləməsindən məmnun olmadığını da ara-sıra incə şəkildə büruzə verməkdədir.
***
Böyük ehtimalla, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 16 fevral Azərbaycan səfəri ərəfəsində Bakıya belə xəbərdarlıq mesajları artacaq. Diqqətçəkicidir ki, məhz bu ərəfədə Rusiya Dövlət Dumasının deputatları 1921-ci il martın 16-da Türkiyə ilə Rusiya arasında imzalanan dostluq və qardaşlıq haqqında razılaşmanın ləğvi təşəbbüsü ilə çıxış ediblər.
Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsi sədrinin müavini Valeri Raşkinlə partiyanın katibi Serqey Obuxov bununla bağlı prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayıb. “İzvestiya” qəzetində dərc olunan müraciətdə “Ankara tərəfindən Moskvaya qarşı aqressiv siyasi xəttin yürüdülməsi” əsas gətirilərək, müqavilənin ləğvinə çağırış yer alıb.
Sitat: “Hazırda Türkiyə tərəfindən aqressiyanın artdığı bir vaxtda hesab edirik ki, biz ölkəmiz və onun müttəfiqləri üçün məqbul olmayan bütün türk-rus razılaşmalarına yenidən baxmalıyıq. Ankara anlamalıdır ki, münaqişənin bu cür eskalasiyası nə ilə nəticələnə bilər. Yalnız bu, onu yeni təxribatlardan yayındıra bilər. Bununla bağlı Türkiyə hakimiyyətinə xatırlatmaq lazımdır ki, dostluq və qardaşlıq haqqında Moskva razılaşması əbədi deyil”.
Müraciətdə o da qeyd olunur ki, Güney Qafqaz respublikalarından ikisi - Gürcüstan və Ermənistan razılaşmanın tələblərini ədalətsiz hesab etdiyi üçün sənədi tanımır: “Ermənistan Moskva razılaşmasının icrasını nəzərdə tutan Qars razılaşmasını tanımır, Gürcüstanın Ali Şurası ilə 2005-ci ildə onu ləğv edib”.
Qeyd edək ki, Rusiya parlamentinə saxta erməni “soyqırımı”nı inkara görə cəza nəzərdə tutan sənəd layihəsi təqdim eləmiş “Ədalətli Rusiya naminə” partiyasından olan fraksiya Türkiyə əleyhinə olan bu təşəbbüsü də dəstəkləyib. Həmin fraksiyadan olan deputat Oleq Paxolkov iddia edib ki, Moskva müqaviləsi Rusiyanın maraqlarına ziddir.
Onun sözlərinə görə, müqavilədə Türkiyə “çox ağır şərtlər, o cümlədən Dağlıq Qarabağ muxtar vilayətinin yaradılması haqda şərt” irəli sürüb. “Ancaq türkləri tərbiyələndirmək lazımdır ki, bu dünyada heç nə əbədi deyil. Əgər bu gün siz Rusiyaya qarşı düşmənçilik edirsinizsə, müqavilənin denonsasiyası normal tədbirdir. Və bu məsələdə Ermənistan da bizə dəstək verəcək” -deputat deyib. Onun fikrincə, müqavilənin ləğvinin böyük hüquqi qüvvəsi olmasa da, Rusiya bununla öz ərazi iddialarını müəyyən edəcək.
***
Xatırladaq ki, Ankara-Moskva münasibətləri korlanandan sonra işğalçı Ermənistan dərhal situasiyadan yararlanıb dəridən-qabıqdan çıxmağa çalışır ki, Rusiya həmin müqaviləni birtərəfli qaydada aradan qaldırsın. Çünki bu, təcavüzkar ölkəyə Azərbaycan ərazilərinin indiki işğalına dolayısıyla haqq qazandırmaqla yanaşı, Naxçıvana olan iştahasına da əlavə stimul verə bilər.
Məlumat üçün bildirək ki, 1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsi Azərbaycan üçün kifayət qədər mühüm əhəmiyyət daşıyır. Müqavilənin şərtlərinə əsasən, Naxçıvan Azərbaycanın himayəsi altında muxtar ərazi statusuna malikdir və Türkiyə onun qarantıdır. 16 maddə və 3 əlavədən ibarət sənəddə Azərbaycanın Naxçıvanın himayəsini üçüncü dövlətə güzəştə getməməsi barədə maddə də əksini tapıb. Müqavilənin müddəaları əsasında və onun icrası üçün 1921-ci il oktyabrın 13-də Rusiya, Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan arasında Qars müqaviləsi (müddətsiz) imzalanıb.
***
Əlavə edək ki, səs çoxluğuna malik hakim “Vahid Rusiya” partiyası və konkret olaraq, onun rəhbəri prezident Putinin iki məsələyə münasibəti hələlik bəlli deyil. İstisna deyil ki, bir müddət bu qeyri-müəyyənlik davam edəcək - Ankara və Bakıya qarşı təhdid atmosferinin saxlanması üçün.
Ayrı sözlə, siyasi analitiklərin də vurğuladığı kimi, bunlar elə təşəbbüs olaraq qala da bilər. Nədən ki, Türkiyə ilə, deməkb həm də Azərbaycanla münasibətlərin geridönməz şəkildə korlanması və bölgədə yeni müharibə riskinin güclənməsi ağır sanksiyalar altında olan Kremlin cari və perspektiv maraqlarına uyğun deyil.
Köhnə “erməni kartına” təzə biçim, qiyafə vermək isə yalnız erməni iddialarına fayda gətirə bilər. O üzdən hazırda bu kimi təşəbbüslər mahiyyət etibarilə Ankara-Moskva münasibətlərinin normallaşması üçün münbit zəmin yetişənədək daha çox təbliğati antitürk gedişi kimi düşünülən, təzyiq xarakterli addım təəssüratı bağışlayır və reallaşacağı inandırıcı deyil.
Siyasət şöbəsi