“İTƏ də MÜKAFAT verirlər, amma mənə yox…” - Nazirin əleyhinə olan mətbuat konfransı təxirə düşdü
Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Əli Nurun mayın 24-nə təyin edilən mətbuat konfransı təxirə salınıb. Bu barədə AzNews.az-a aktyorun özü məlumat verib. Əli Nur buna səbəb olaraq, mayın 24-ə “Ölülər” tamaşasının məşqinin salındığını deyib: “Azər Paşa müəllim mənə dedi ki, sənin məşqin var, axşam isə həmin tamaşaya baxış keçiriləcək. “Onu qoyub mətbuat konfransı neçə keçirə bilərsən?”,-dedi. Mən də məcbur olub konfransı təxirə saldım. Əslində, tamaşa mayın 26-na planlaşdırılmışdı. Amma qəfildən tamaşanın vaxtını dəyişdilər. Məhz bu səbəbdən də teatrdan çıxa bilmirəm. Odur ki, mətbuat konfransını başqa vaxt keçirəcəyəm”. Ə.Nur keçirəcəyi mətbuat konfransının ümumi məzmunundan da danışıb: “10 ildir eyni sözü eşidirəm. 50 ilin sənətkarını Mədəniyyət və Turizm Nazirliyi “barmağına dolayıb”, məni uşaq yerinə qoyub. Bunlar məni adam saymır. İtə də mükafat verirlər, amma mənə yox. Adamı bu qədər təhqir edərlər? Toyuq hinində yaşayıram. 50 ildir ki, bunların ardınca aftafa gəzdirirəm”. Qeyd edək ki, Əli Nur mayın 24-də mətbuat konfransı keçirəcəyi ilə bağlı açıqlama vermişdi. Aktyor orada ona edilən haqsızlıqla bağlı prezidentə müraciət etməyi planlaşdırırdı.