Ölkəmiz əleyhinə neqativ gəlişmələr: “Putin NATO-su”nu erməniyə həvalə eləmək planının ardınca separatçı liderlər Moskvaya dəvət olunub, Bakı və Kremlin arasını vurmaq istəyən qüvvələr fəallaşıb“
Putin NATO-su” adlanan və Rusiyanın dominant olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) erməni generalın gətiriləcəyi haqda xəbər vermişdik. Xatırladaq ki, oktyabr 14-də qurum rəhbərliyinin İrəvan toplantısında ilk dəfə olaraq KTMT baş katibi postunda rus generalı Nikolay Bordyuja başqası ilə əvəzlənəcək. Onun xələfinin isə Ermənistanın hazırkı müdafiə naziri, Xocalı hərbi canisi Seyran Ohanyanın olacağı, faktiki, həll olunmuş məsələ sayılır.
Gözlənilən təyinat barədə artıq həm yerli, həm də xarici ekspertlər səviyyəsində yetərincə rəy və şərhlər verilib. Bu təyinatın öncəliklə Qarabağ konfliktinin həllində yeni əngəllər yaradacağını söyləyənlər də var, Putinin etibarlı şəxsi, politoloq Sergey Markovun timsalında əksini iddia edənlər də.
Ancaq bütün hallarda məhz Ermənistan nümayəndəsinin, üstəlik, Xocalı canisinin belə yüksək posta gətirilməsinin Azərbaycanda xoş ovqat yaratmayacağı şəksizdir. Ən azı ona görə ki, ermənilərin xislətinə kim bələd olmasa da, biz yaxşı bələdik.
Məsələ də ondadır ki, Kreml bir Xocalı hərbi canisinə yüksək vəzifə etibar eləməklə Azərbaycan xalqının, onun köçkün təbəqəsinin ürəyini yaralamış olur. Çünki bu quldur üçün, eləcə də onunla əlbir olmuş digər Xocalı caniləri, Serj Sərkisyan, Robert Köçəryan üçün türmə çoxdan darıxır. Amma hələ ki onları tutduqları yüksək postlar, Qarabağ danışıqlarında daşıdıqları rəsmi şəxs statusu sığortalayır. Bir yandan da Moskvanın gizli-açıq himayəsi, onlara qahmar çıxması.
***
Maraqlıdır ki, KTMT-yə erməni başçısının gətiriləcəyi xəbəri ilə təxminən eyni vaxtda Rusiyanın Azərbaycana münasibətdə qeyri-dost davranışına dəlalət edən başqa bir məlumat yayılıb. Həmin məlumata görə, sentyabrın sonunda Moskvada “Millətlərin dialoqu, xalqların öz müqəddəratını təyinatı və çoxqütblü dünyanın yaradılması” mövzusunda konfrans keçiriləcək.
Rusiyanın Antiqlobal Hərəkatının təşkil etdiyi və Moskvanın intriqalı ad daşıyan “Prezident” otelində keçiriləcək bu təxribatçı tədbirə Kataloniya, Şimali İrlandiya, Qərbi Saxara, Şotlandiya nümayəndələri ilə yanaşı, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya separatçılarının da qatılacağı gözlənilir. Yada salaq ki, bundan öncəki konfrans 2015-ci ilin sentyabrında təşkil edilib.
Şübhəsiz ki, Rusiya paytaxtında baş tutacaq bu bədnam konfransı Qarabağ separatçılarının iştirakı səbəbi ilə anti-Azərbaycan toplantısı da adlandırmaq olar. Başqa sözlə, tədbiri heç cür Moskvanın ölkəmizə qarşı xoş məram jesti saymaq olmaz.
***
Bu arada Bakı ilə Moskvanın arasını vurmağa hesablanmış daha bir xəbər yayılıb. Bəlli olub ki, Rusiyanın “Taşir” şirkətlər qrupu Qarabağın elektrik şəbəkəsini almaq barədə danışıqlar aparır (virtualaz.org). Bu haqda erməni nəşri “Jamanax” qəzeti yazıb. Məlumatlara görə, eyni adlı şirkətlər qrupu erməni milyarder Samvel Karapetyana məxsusdur. O, Rusiya Erməniləri İttifaqının rəhbəridir.
Az öncə “Taşir” Ermənistanın elektrik şəbəkəsini Rusiyanın “İnterRAO” şirkətindən alıb. Bu, “İnterRAO” şirkətinin elektrik enerjisi tariflərini artırmasına qarşı Ermənistanı bürüyən kütləvi etirazlardan sonra baş vermişdi. İndi isə Karapetyan işğal altındakı Azərbaycan ərazilərində elektrik şəbəkəsinin sahibi olmaq istəyir.
“Taşir” qrupu erməni oliqarxa məxsusdur, ancaq Rusiya şirkətidir və onun Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyət göstərməsinə qarşı rəsmi Moskva tədbirlər görməlidir. Yəqin ki, rəsmi Bakı həm bu sövdələşməni, həm də KTMT-yə Seyran Ohanyanın rəhbər gətirilməsi və nəhayət, Moskvada gözlənilən anti-Azərbaycan toplantısını əngəlləmək üçün bütün mümkün diplomatik rıçaqlardan istifadə edəcək, Rusiya tərəfinə öz etirazını bildirəcək.
***
Diqqətçəkicidir ki, hər üç xəbər rəsmi Moskvanın Dağlıq Qarabağ probleminin həllində son aylar göstərdiyi siyasi-diplomatik fəallıq fonunda yayılıb. Məlumdur ki, Kremlin “Lavrov planı” adlanan həll modeli Dağlıq Qarabağa aralıq statusun verilməsi qarşılığında Ermənistanın bir neçə rayonu işğaldan azad eləməsini nəzərdə tutur ki, bu da düşmən ölkənin hakim dairələrində, siyasi-ictimai kəsimində təlaş doğurub.
Son üç xəbər Azərbaycan-Rusiya əlaqələrinin hazırkı səviyyəsinə və ruhuna da uyğun gəlmir. Həmçinin Ankara-Moskva münasibətlərinin istiləşməsi fonunda təzadlı qənaət formalaşdırır. Görünür, həm də Rusiya-Türkiyə yaxınlaşmasından təlaş keçirən müəyyən məkrli dairələr Rusiya və Azərbaycanın arasını vurmaq və Qarabağ məsələsində irəliləyişi önləmək üçün hərəkətə keçib.
Hər halda, artıq faktdır ki, Ermənistan sülh danışıqlarını uzatmağa, vaxt qazanmağa çalışır. “Ermənilər hər vasitə ilə danışıqları prosesini pozmaq istəyir”. Bunu politoloq Qabil Hüseynli axar.az- a bildirib. Politoloq deyib: “Guya ölkədə qiyam olacağına və Sərkisyanın devriləcəyinə dair müxtəlif ekstentlər barədə danışırdılar. Ancaq bu, çox qısa çəkdi, elə ki, yay başladı, hər şey yenidən qaydasına düşdü. İndi isə qarşıda xarici işlər nazirləri, sonra isə prezidentlərin görüşü gözlənilir. Yəni Qarabağa dair intensiv danışıqlar getməlidir. Bu ərəfədə isə Ermənistanda hökumət dəyişiklikləri baş qaldırır. İndi bu prosesi də bir müddət uzadacaq və ya yeni xarici işlər naziri təyin edəcəklər. Güman edirəm ki, bu minvalla danışıqlar prosesinin payız mərhələsini də pozacaqlar. Nəticə etibarilə, Qarabağ danışıqları uzanacaq”.
Q.Hüseynli hazırkı ərəfədə Moskvanın kifayət qədər könülsüz göründüyünü və Rusiyanın Qarabağ məsələsinin həllinə başlamaq istəmədiyinə də diqqət yönəldib: “Artıq Suriya böhranının çözülməsinin perspektivi görünür. Ancaq Rusiya Qarabağ məsələsinin həllində hərəkətə keçmir. Kreml KTMT-ni yenidən qurur, təşkilatın yeni sədri isə Ermənistanın müdafiə naziri olacaq. Bu, özlüyündə çox qeyri-adi və xoşagələn hal deyil. Çünki ilk dəfədir ki, ”Rusiya NATO-su"na erməni başçılıq edəcək. Belə olan halda Ermənistan çox keçmədən daha aqressiv və barışmaz siyasətini ortaya qoyacaq. Zənnimcə, hələ ki baş verənlər pozitiv olmağa əsas vermir. Üstəlik, Ermənistan rəhbərinin protokola sığmayan bəyanatları ortamı korlayır. Halbuki Sərkisyan Moskvada 5 rayonun qaytarılmasına razılıq verib..."
***
Beləcə, Bakı və Moskva arasında gərginlik yaratmaq istəyən çevrələr əslində aydındır. Ümid edək ki, Moskva da situasiyanın fərqindədir və ikitərəfli münasibətlərə xələl gətirəcək məsələlərin reallaşmasına imkan verməyəcək - sözsüz ki, rəsmi Bakının müvafiq diplomatik kontur-addımları fonunda.