Rusiya Dövlət Dumasında isterika: "Ukrayna füreri və onun terrorçu dəstəsi məhv edilməlidir"

Rusiya Dövlət Dumasında isterika:

"Zelenski heç təslimolma aktının imzalanması üçün də lazım deyil, Hitler də zamanında belə sənədi imzamalayıb..."
 
"Döyüş əməliyyatları zonasına Ukraynanın qərb sərhədlərindən texnika və silahların maneəsiz daxil olmasının qarşısı alınmalıdır..."
 
"Rusiya açıq-aşkar geniş miqyaslı terror aktı hazırlayır..."
 
Rusiya prezidenti Vladimir Putinin Kremldəki iqamətgahına iki pilotsuz uçuş aparatının hücumundan sonra Rusiya Dövlət Dumasında Ukraynanın ünvanına təhdidlər səsləndirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "lenta.ru" nəşri yazıb.
 
Belə ki, Krımdan olan deputat Mixail Şeremet Ukrayna prezidentinin iqamətgahına raket zərbəsi endirməyi tələb edib.
 
"Kiyevdə terrorçular əyləşib, onlarla danışıqlar mənasızdır. Onları yalnız məhv etmək lazımdır, həm də bunu tezliklə və amansızcasına etmək lazımdır. Zelenskinin Kiyevdəki iqamətgahına raket zərbəsi endirməyin zamanı yetişib. 
 
Koordinatları verə bilərəm: Bankovaya küçəsi, 11, burada Ukrayna prezidentinin üzdəniraq administrasiyası yerləşir. Bu gün terrorçu dövlətə çevrilmiş Ukraynanın ən ağrılı nöqtələrinə zərbələr endirməyin zamanı yetişib", - Şeremet bəyan edib.
 
Təbliğatçı Vladimir Solovyov ona qoşulub. "Əgər Zelenskiyə, İsrailin keçmiş baş nazirinin dediyi kimi, hər hansı şəxsi təhlükəsizlik zəmanətləri verilibsə də, indi Ukrayna füreri onları unuda bilər", - o, özünün Telegram-kanalında yazıb.
 
Dövlət Dumasının müdafiə üzrə komitəsinin üzvü Viktor Sobolev qərarlar qəbul edilən mərkəzlərə zərbələr endirməyə çağırış edib. 
 
"Dronların vurulması, əlbəttə, yaxşıdır. Lakin bu hətta qırmızı xətt də deyil. Döyüş əməliyyatları zonasına Ukraynanın qərb sərhəddindən texnika və silahların maneəsiz daxil olmasının qarşısı alınmalıdır", - Sobolev deyib.
 
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlə hücumu "terror aktı" və "dövlət başçısına sui-qəsd" adlandırıb. Bu zaman o, qeyd edib ki, dronların hücumu zamanı Putin Kremldə olmayıb.
 
"Bu gün o, Oqaryovada işləyir". Peskov həmçinin məlumat verib ki, bu hadisə səbəbindən Qələbə Günü şərəfinə parad ləğv ediməyəcək.
 
"Kremlə gecə hücumundan sonra Rusiyanın Ukrayna prezidenti Vladimir Zelenskini və onun dəstəsini fiziki olaraq aradan götürməkdən başqa variantları qalmır", - bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Telegram-kanal"ında yazıb.
 
Medvedev bəyan edib ki, Zelenski "qeyd-şərtsiz təslimolma aktının imzalanması üçün də lazım deyil, bu zaman o, xatırladıb ki, vaxtilə Adolf Hitler də belə sənədi imzalamayıb.
 
Rusiya hakimiyyətinin Kremlə dronların hücum cəhdi barədə məlumatdan öncə Moskvada pilotsuz uçuş aparatlarının buraxılışına qadağa qoyulub.
 
Bu qərar barədə Rusiya paytaxtının meri Sergey Sobyanin elan edib. Pilotsuz uçuş aparatlarının buraxılışına artıq 39 regionda qadağa qoyulub.
 
Ukrayna öz növbəsində bəyan edib ki, yad ərazilərə hücum etmir. "Bizim Kremlə gecə hücumları barədə məlumatımız yoxdur. 
 
Lakin prezident Zelenskinin dəfələrlə bəyan etdiyi kimi, Ukrayna yad ərazilərə hücum etmir, bütün qüvvə və vəsaitlərini öz ərazilərinin azad edilməsinə yönəldir", - bunu Ukrayna liderinin mətbuat katibi Sergey Nikiforov deyib.
 
O, Kremlə dronların hücumunu "terror aktı" adlandıran Peskovun sözlərini şərh edib.
 
"Terror aktı Dneprdə və Umanda evlərin dağıdııması və ya Kramatorsk vağzalının raket atəşinə tutulması və bir çox digər faciələrdir. 
 
Moskvada baş verənlər isə aydındır ki, 9 maydan öncə vəziyyəti kəskinləşdirməkdir. Düşmənlərimizdən gözlənilən fənddir", - Nikiforov bəyan edib.
 
Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, Ukraynanın, "heç şübhəsiz, Kremlə dron hücumlarına heç bir aidiyyəti yoxdur".
 
"Biz Kremlə hücum etmirik, çünki, birincisi, bu, heç bir hərbi vəzifəni həll etmir. Tamamilə həll etmir. Və bu, bizim hücum tədbirlərimizin hazırlığı nöqteyi-nəzərindən son dərəcə əlverişsizdir. Və cəbhədə vəziyyəti dəqiq dəyişmir.
 
Böyük ehtimalla, bu, Rusiyanı bizim mülki əhalimizə qarşı daha da radikal hərəkətlərə sövq edə bilər. Ən əsası, Ukrayna şəhərlərinə, mülki əhaliyə, infrastrukturuna kütləvi zərbələrə haqq qazandırmağa imkan verərdi", - o, "Twitter" səhifəsində yazıb.
 
Müşavir həmçinin qeyd edib ki, Rusiya "açıq-aşkar geniş miqyaslı terror aktı hazırlayır", ona görə də, guya, Krımda diversiya qrupunun qarşısını alır, sonra da "Kreml üzərində pilotsuz uçuş aparatları" nümayiş etdirir.






Fikirlər