İSRAİLİN DƏ GƏLƏCƏYİ TÜRKİYƏNİN ƏLİNDƏ... - Ankaranın Suriya həmləsi regionda tamamilə yeni situasiya yaradır

 

Turkiyənin Suriyada başlatdığı böyük hərəkat və əldə etdiyi böyük qələbə Böyük Orta Doğunun tamamını ildırım sürəti ilə dəyişir. Bu dəyişiklik xüsusilə iki region dövlətinin maraqlarını baltalayır. Bunlardan birincisi İrandır. Bu barədə çox yazılıb. İkincisi isə İsraildir. Əsəd rejiminin çökməsinin İsrail üçün hansı təhlükəni yaratdığını araşdırmağa çalışaq.

Əslində İranın bölgədən çəkilməsi və Livan “Hizbullah”ına silah axınının dayanması İsrail üçün olduqca sərfəlidir. Lakin İsraildən gələn xəbərlər, Türkiyə dəstəkli müxaliflərin hakimiyyətə gəlişinin yəhudi dövləti üçün “Hizbullah”a silah axınından daha təhlükəli olduğunu söyləməyə əsas verir.

Son günlər ərzində İsrail Müdafiə Nazirliyi və Baş Qərargahı uzun və gərgin toplantılar keçirir. İsrail Müdafiə Nazirliyindəki mənbələrin açıqlamalarına görə, Suriyada mərkəzi dövlətin yoxluğu və bir-biri ilə didişən çaxsaylı qruplaşmaların yaratdığı xaos yəhudi dövləti üçün ən sərfəli variant idi. Üstəlik, xaos içində boğulan Suriya ərazilərindəki ˝vəd olunmuş torpaqlarda˝ ˝Böyük İsrail˝ dövləti qurmaq planları İsrail hakimiyyətinin ən yüksək pillələrində ciddi şəkildə dəstəklənirdi. Bunun üçün Suriyanın və İraqın şimalında kürd separatizmi də ən yüksək səviyyədə dəstəklənirdi. Bu günlərdə İsrail xarici işlər naziri xüsusi bəyanatla çıxış edərək ˝var gücümüzlə kürd müttəfiqlərimizin yayındayıq˝ ifadələrini işlədib.

Türkiyənən Suriya həmləsi İsrail və ABŞ-nin 40-50 ildir həyəta keçirməyə çalışdığı ˝Böyük İsrail˝ planını alt-üst etdi. Tramp ˝Suriyada işimiz yoxdur˝ deyirsə, deməli kürd separatçılarının da arxasından çəkilir. Ankaranın dəstəklədiyi Suriya Milli ordusu PKK-PYD terrorçularını nəzarət etdikləri torpaqlardan qovur. ABŞ susur.

 

 

˝Kürd separatizmi˝ kartının əldən çıxması və Suriyada yüksək döyüş qabiliyyətli orduya sahib vahid dövlətin yaranması, İsrail baxımından olduqca əndişə vericidir. Üstəlik, Qəzza və Livan müharibələri İsrail ordusunun bacarıqsızlığını bütün dünyaya nümayiş etdirdi. İsrail Suriya ərazisi olan Qolan təpələrini işğal edib. Xaos içindəki Suriya İsraildən öz torpaqlarını tələb edə bilmirdi. Türkiyə dəstəkli yeni Suriyanın hansı tələblər irəli sürəcəyi isə İsrail üçün ən təhlükəli gözləntilər sırasındadır.

İsrailin fələstinlilərə qarşı uzun illər boyu apardığı amansız basqı və kütləvi qətllər siyasəti, ətrafdakı ərəb dövlətlərini yəhudi dövlətinə düşmənə çevirib. Bu gün tam çılpaqlığı ilə görünməsə də, İsrail acınacaqlı durumdadır. Dörd tərəfdən yüz milyonlarla qəzəbli insan kütləsi ilə əhatələnib, ordusu bacarıqsızdır və düşmənləri sırasına yüz minlərlə odun-alovun içindən çıxmış təcrübəli döyüşçüsü olan Suriya da qoşulur.

ABŞ İsrailin təhlükəsizliyini təmin etmək üçün körfəzdəki ərəb monarxiyaları ilə yəhudi dövləti arasında ˝İbrahim Anlaşmaları˝ paktını dövrəyə soxmağa calışırdı. Qəzza müharibəsi bu planları alt-üst etdi. Türkiyənin Suriya qələbəsi isə regionda tamamilə yeni situasiya yaradır. Ankara reallaşdırdığı çox böyük həmlə ilə ABŞ, Rusiya, İran, İsrail və ərəb monarxiyaları da daxil, Suriyada marağı olan bütün tərəfləri oyundankənar vəziyyətə saldı.

Adları çəkilən bütün dövlətlər Əsəd rejiminin çökməsindən çox qayğılıdırlar. Müxaliflərin bu qələbəsi regionda domino effekti yarada bilər. Rejimin çökdürülməsi, öz oyununu səbrlə quran Türkiyənin regiondakı hərbi, siyasi və psixoloji üstünlüyünün rəsmən elanıdır. Türkiyə Böyük Orta Doğu regionunun hamisi olmaq istiqamətində irəliləyir, və başqa güclər də bunu qəbul etmək zorundadırlar.

 

 

 

Türkiyə Şama qədər gələrək İsraillə ˝qonşu oldu˝. Bu, yəhudi dövlətinin regiona yönəlik bütün planlarının sonu deməkdir. Ümumiyyətlə, İsrailin bu cür siyasətlə uzun müddət mövcud ola biləcəyi hər zaman sual doğurub.

ABŞ geopolitikasının xaç atası sayılan, özü də milliyətcə yəhudi olan Henri Kissincer ˝Yaxın gələcəkdə İsrail adlı dövlət olmayacaq˝ proqnozunu verib.

Sual yaranır: Regionun ən qüdrətli hərbi gücü və hamisi Türkiyə olursa, İsrail dövlətinin yaşaması Ankaranın maraqlarına uyğundurmu?

Bu suala Prezident Ərdoğan Qəzza müharibəsinin başlandığı ilk günlərdə cavab vermişdi. Ərdoğan deyirdi: ˝Yəhudiləri tarix boyu türklər qoruyub. Bir zaman agababalarınız bu regiondan çəkilib gedəcəklər. O zaman sizi yenə türklər qoruyacaq. İndi özünüzü elə aparın ki, həmin gün gələndə sizi qorumağa haqqımız olsun˝.

İsrailin regionda bir dövlət kimi var olması həm Türkiyənin, həm də Azərbaycanın maraqlarına uyğundur. Bu dövlətin var olmasının ana şərti isə İsrail və Fələstin dövlətlərinin BMT-nin tanıdığı sərhədlər çərçivəsində təsis edilməsidir. Hesab etmək olar ki, Suriya düyünü çözüldükdən sonra Türkiyə regionun ən uzun və qanlı konflikti olan İsrail - Ərəb konfliktinin həllinə də özünün böyük töhfəsini verəcək.






Fikirlər