BƏXTİYAR HACIYEVDƏN həmkarının nazir müavini təyinatına maraqlı şərh...

"Həmin insanlar daha yuxarı vəzifələrdə daha geniş səlahiyyətlərə, informasiyaya malik olurlar və..."

Moderator.az xəbər verir ki, Harvard məzunu, gənc fəal Bəxtiyar Hacıyev daha bir Harvard yetirməsi olan Emin Hüseynovun maliyyə nazirinin müavini təyin olunmasına maraqlı şərh verib:

"Hazırda kadr dəyişiklikləri ilə bağlı üç yol var.
Birincisi, hakimiyyətin tamamilə dəyişib, yalnız peşəkar, vicdanlı, təhsilli kadrlardan formalaşması. 
İkincisi, heç bir kadr dəyişikliyinin olmaması. 
Üçüncüsü isə, öz bilik və bacarıqları, şəxsi keyfiyyətləri ilə yalnız müsbət tanınmış şəxslərin müəyyən vəzifələrə təyin olunması. 
Əgər birinci yol uzun illərdir baş vermirsə, siyasi partiyalar buna yaxınlaşdıqlarını, getdikcə komandalarında daha keyfiyyətli, bilikli, vicdanlı, bacarıqlı kadrların artmasını, onların tərəfdarlarının sürətlə və bu keyfiyyətlərə cavab verən şəxslərdən ibarət olmasını cəmiyyətə göstərə bilmirlərsə, qalır ikinci və üçüncü yol.
Nədənsə, hər zaman müəyyən insanların şəxsi və peşəkar keyfiyyətləri olmadan müəyyən yüksək vəzifə tutmalarından şikayətlənən insanlar, bu keyfiyyətləri olanların yüksək vəzifəyə təyin olunmasına da narazılıq edirlər. Bunu isə anlamaq olmur. Hakimiyyəti tamamilə dəyişdirəcəyinə bir siqnal verəcək, əllə tutulacaq, gözlə görüləcək bir nəticə təqdim etmirsən cəmiyyətə, hakimiyyətin indiki tərkibindən narazılıq edirsən, onun tədricən dəyişməyinə də narazılıq edirsən.
Mən gənc, yaxşı təhsilli, müsbət şəxsi keyfiyyətləri olan insanların belə təyinatlarını müsbət qiymətləndirirəm. Birincisi, həmin insanlar daha yuxarı vəzifələrdə daha geniş səlahiyyətlərə, informasiyaya malik olurlar və verdikləri qərarlarla, atdıqları addımlarla daha çox müsbət işlər görə bilərlər. İkincisi, onlar kənarda qalıb öz bilik və bacarıqlarını paslandırmaqdansa, dövlət idarəçiliyində təcrübə qazanırlar və düşünürəm ki, hakimiyyətlər dəyişsə də, peşəkar dövlət idarəçiləri dövlət naminə gələcəkdə də öz fəaliyyətləri, təcrübələri ilə dövlətimizin inkişafına çalışacaqlar.
Emin Hüseynova gəldikdə, onunla ABŞ-da bir il birlikdə təhsil almışıq. Onu kifayət qədər yaxından tanımaq, müşahidə etmək imkanım olub. Onu bir çox Harvard tələbəsinə maliyyə, makroiqtisadiyyat üzrə dərslərdə kömək edəcək qədər bilikli, bir çox tələbələrlə çox yaxşı ünsiyyəti olan, bir çox müsbət insani keyfiyyətləri olan insan kimi tanıyıram. Belə insanların dövlət idarəçiliyində, daha yuxarı vəzifələrdə olmasına yalnız müsbət yanaşa bilərəm".






Fikirlər