Keçmiş deputat talassemiya daşıyıcısı olduğunu və onkoloji xəstəlikdən əziyyət çəkdiyini açıqladı
Keçmiş deputat Gülər Əhmədovanın üzərindəki şərti məhkumluqla əlaqədar sınaq müddətinin başa çatmasına hələ on ay var. Amma o, təcili cərrahiyyə əməliyyatına ehtiyacı olduğunu əsas gətirərək, xaricə getmək istəyir. Gülər Əhmədova ölkədən çıxışına icazə verilməsi üçün məhkəməyə müraciət etsə də, ona müsbət cavab verilməmişdi.
Sabiq deputat Yasamal Rayon Məhkəməsinin sözügedən qərarından apellyasiya şikayəti verib. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyilə həmin şikayətə baxılıb. Məhkəmədə vəkili Adəm Məmmədovla yanaşı, Gülər Əhmədova özü də iştirak edib.
Vəkil çıxışında Gülər Əhmədovanın əziyyət çəkdiyi bir sıra xəstəlikləri sadalayıb. Keçmiş deputatın üzərində 2003-cü ildən bəri bir neçə dəfə cərrahiyyə əməliyyatı aparıldığını deyən Adəm Məmmədov qeyd edib ki, bu əməliyyatlar Rusiya, Almaniya və digər xarici ölkələrdə həyata keçirilib: “Gülər Əhmədovanın həbsindən əvvəl də ciddi xəstəlikləri vardı. Həbs dövründə vəziyyət bir qədər də kəskinləşib. Dəfələrlə təcridxanaya təcili yardım çağırılıb”.
Gülər Əhmədova özü də çıxışında onkoloji xəstəliklə əlaqədar təcili cərrahiyyə əməliyyatına ehtiyac duyduğunu, amma bunun Azərbaycanda mümkün olmadığını bildirib: “Mən talassemiya daşıyıcıyam. Hətta dişimi çəkəndə də qanı saxlaya bilmirlər. Ona görə məni Azərbaycanda əməliyyat eləmirlər. Mən 24 yaşımda kliniki ölüm keçirmişəm. 2001-ci ildə Moskvada Onkologiya Mərkəzində əməliyyat olunmuşam, ardınca Türkiyədə şüa almışam. Deputat olduğum dövrdə də xaricə müalicəyə gedib-gəlirdim. Heç kimə məruzə edəsi deyildim ki, mən xəstəyəm. Həbsdə olduğum müddətdə səhhətim ağırlaşdı”.
Gülər Əhmədovanın şərti məhkumluğu ilə əlaqədar sınaq müddətinin başa çatmasına 10 ay qalsa da, keçmiş deputat 8 aylıq icazə istəyir.
Prokuror apellyasiya şikayətinin təmin olunmamasını istəyib.
Məhkəmənin qərarı iyulun 12-də məlum olacaq.
Xatırladaq ki, Gülər Əhmədova 2012-ci ilin sentyabrında fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videolardan sonra deputat mandatından imtina edib. 2013-cü ilin fevralında isə həbs olunub.
Həmin videolarda Elşad Abdullayevdən deputat seçilməsindən ötrü 500 min dollar rüşvət alınması və daha 500 min dollar lazım olduğu barədə söhbət gedirdi. Videolar Elşad Abdullayevin kabinetində gizli çəkilmişdi. Gülər Əhmədova isə həmin videoların montaj olduğunu açıqlamışdı.
Keçmiş deputat CM-nin 178-ci (dələduzluq) və 307-ci (cinayəti bilib xəbər verməmə) maddələrilə təqsirli bilinərək, 2013-cü ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilmişdi. Sonradan Bakı Apellyasiya Məhkəməsi 2014-cü il mayın 5-də Gülər Əhmədovanın cəzasını 3 il sınaq müddəti olmaqla, şərti cəza ilə əvəzlədi və keçmiş deputat azadlığa buraxıldı. (azadliq.info)