“Yarımçıq İsmayıl”ın Neftçala sərgüzəştləri – Sosial etirazların başladığı ilk rayon

 

243261Manatın ikinci devalvasiyasından və neft qiymətlərinin kəskin ucuzlaşmasından sonra ölkədə ciddi problemlər yaranıb. Devalvasiyadan sonra qiymət artımı sosial etirazlara səbəb olub. Nəticədə bir çox rayonlarda etiraz aksiyaları keçirilir, dolanışıq səviyyəsi qəfildən aşağı düşmüş, dollar kreditlərini ödəməkdə çətinlik çəkən vətəndaşlar mövcud duruma etiraz edir.
Nə qədər qəribə olsa da, bəzi rayonlarda yerli icra orqanları etiraz aksiyalarının yaranmasına özləri rəvac verir. Xalqın problemləri ilə maraqlanmayan, yalnız öz maraqlarını güdən məmurlar insanları küçələrə çıxmağa sövq edir. Bunlardan biri də Neftçalanın icra başçısı İsmayıl Vəliyevdir.
Qaynar.info-nun verdiyi xəbərə görə, ən gərgin vəziyyətin hökm sürdüyü rayonlardan biri məhz Neftçaladır. Həmişə sosial-iqtisadi problemlərdən əziyyət çəkmiş rayonda vəziyyət son dövrlər daha da pisləşib. Üstəlik icra başçısının “bazar qalmaqalı” yanan odun üzərinə tökülmüş neft effekti verib. Xatırladaq ki, regionlarda baş verən etiraz aksiyaları da məhz Neftçaladan başlayıb.
Bir neçə gün əvvəl xəbər vermişdik ki, sakinlərlə icra başçısı İsmayıl Vəliyev arasında gərginlik baş verib. Belə ki, Neftçalada uzun illərdir balıq bazarı fəaliyyət göstərir. Amma İsmayıl Vəliyev rayona icra başçısı təyin edildikdən sonra özü üçün ikinci balıq bazarını açdırıb. Bu günlərdə isə köhnə balıq bazarında ticarətlə məşğul olan alverçilərə qarşı təzyiqlər başlayıb. Sakinlərin sözlərinə görə, İsmayıl Vəliyev balıq alverçilərini məcburi şəkildə öz bazarına gətirmək istəyir ki, gündəlik yer pulu yığsın. Buna görə, alverçilərə polis vasitəsi ilə təzyiq etdirir, onları həbs olunmaqla hədələyir. Buna görə də balıq alverçiləri ilə İsmayıl Vəliyev arasında gərginlik yaranıb. Alverçilər halal çörəklərini qazanmalarına mane olan icra başçısına hücum edib.
Əldə etdiyimiz məlumata görə, Neftçalada vəziyyət yenidən gərginləşib. Yenə problem icra başçısının balıq bazarıdır. İsmayıl Vəliyev bütün vasitələrdən istifadə edərək balıqçıları öz bazarına gətirməyə çalışır. O, hətta ticarətçilərə yer pulu almamağı da vəd edib. Amma hamı bunun sadəcə vəd naminə verilmiş bir söz olduğunu yaxşı başa düşür. İsmayıl Vəliyev balıqçıları bu yolla aldadıb, öz bazarına gətirmək və sonra istədiyini etmək niyyətindədir.
İcra başçısının köhnə bazarla bağlı əsas bəhanəsi orda anti-sanitariya vəziyyətinin hökm sürməsidir. Sakinlərin sözlərinə görə, bu da İsmayıl Vəliyevin planının tərkib hissəsidir. Belə ki, o, bu işlə məşğul olan idarələrə bazarda heç bir təmizlik aparmamaqla bağlı tapşırıq verib. Məqsəd orda anti-sanitariya vəziyyəti yaratmaqla balıqçıları qaçırmağa nail olmaqdır.
Rayon sakinləri bildirir ki, İsmayıl Vəliyev neftçalalıların heç bir problemi ilə maraqlanmır. 5-ci günlər icra başçısının qəbul günləri olsa da, 5 ildir rayona başçılıq edən başçı bu günə qədər heç bir sakini qəbul edib, şikayətini dinləməyib.
Onu da qeyd edək ki, başladığı bütün tikinti işlərini yarımçıq qoyduğu üçün rayon sakinləri ona maraqlı ayama da qoşublar: “Yarımçıq İsmayıl”.
Neftçala ilə bağlı redaksiyamıza daxil olan məlumatlar xeyli əhatəli olduğu üçün, bu istiqamətdə araşdırmalarımızı davam etdirmək fikrindəyik.  Növbəti yazılarda “Yarımçıq İsmayıl” ləqəbli icra başçısının Neftçaladakı şəxsi biznesi və torpaq alveri haqqında olacaq. Ölkədə sosial etirazların başladığı ilk rayon olan Neftçalanın bu ağır durumunun səbəbkarının hansı əməllərin sahibi olduğunu açıqlayacağıq.






Fikirlər