Qarabağ əlillərinə və şəhid ailələrinə ev verildi - FOTOLAR
Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinə ev verilib.
Mənzillərin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov özü də iştirak edib. O, deyib ki, 1997-ci ildən əlil və şəhid ailələrinin dövlət büdcəsi hesabına inşa edilmiş mənzillərlə təminatına başlanılıb. Nazir bildirib ki, dövlət başçısının 20 iyun 2014-cü il tarixli Sərəncamına uyğun olaraq, ötən il və cari ilin keçən dövründə 445 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinə yeni mənzillər verilib:
“Ümumilikdə, bu vaxta qədər 5,4 minə yaxın şəxsin mənzillə təminatı həyata keçirilib ki, həmin insanların 4905 nəfəri və ya 91 faizi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, qalanları isə Böyük Vətən müharibəsi əlilləri, Çernobıl AES əlilləri, müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlar və gözdən əlillərdir”.
Yeni mənzillərlə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrini bu münasibətlə təbrik edən nazir onlara xoş arzularını ifadə edib.