MİLYARDLARDAN DANIŞAN HACI İBRAHİM 70 MİN TAPMIR? - Futzalçılar üsyan etdi
Maliyyə problemləri futbolda olduğu kimi, futzalda da özünü büruzə verməyə başlayıb. Özü də problem Azərbaycanın ən imkanlı futzal klubu sayılan “Xəzər adaları”nda yaranıb. Fanat.az komanda.az-a istinadən xəbər verir ki, futzal üzrə Azərbaycan çempionatının lideri olan “Xəzər adaları”nda pulsuzluğa görə əməlli-başlı qiyam başlayıb. Klubun sahibi və sponsoru olan Hacı İbrahim Nehrəmli komandasında çıxış edən futzalçıların məvaciblərini vermir.
Məlumata görə, onun komanda üzvlərinə 70 min manata yaxın borcu yaranıb. Elə buna görə də “Xəzər adaları”nın braziliyalı legionerləri çempionatın növbəti turunda meydana çıxmaq istəmirlər. Məsələ burasındadı ki, braziliyalıların qaldıqları evlərin kirayə borcları da ödənmir. Bu isə “sambaçılar”ın səbr kasasını daşırıb.
Vəziyyət o həddə çatıb ki, “Xəzər adaları”nın məşqlərini və oyunlarını keçirdiyi “ABU Arena”nın rəhbərliyi də komandanı arenaya buraxmır. Klubun “Abu Arena”ya da borcu olduğu deyilir.
Komandanın braziliyalı legionerləri klub rəhbərliyinin qarşısına konkret şərt qoyub: pulumuzu verin, çempionluğu qarşınıza qoyaq.
Xəbərə “Xəzər adaları”nın icraçı direktoru Fuad Qəmbərov münasibət bildirib. Klub rəsmisi bildirib ki, heç kimə borcları yoxdu: “Klubun heç kimə borcu yoxdu. İstəsəz, bu barədə klubun “kassir”indən də məlumat ala bilərsiz. Biz oyunçuların məvacibini vaxtlı-vaxtında ödəyirik. Sadəcə, “Neftçi” İSM-lə son oyundan sonra mükafatlar bir az gecikdirildi. Ancaq ciddi maliyyə problemindən söhbət belə gedə bilməz”.
Qeyd edək ki, futzal üzrə Azərbaycan çempionatında 4-cü dövrə start götürəcək. Dövrənin ilk oyunu isə aprelin 26-da keçiriləcək. “Xəzər adaları” çempionluq yolunda əsas rəqibi olan “Fənər”lə qarşılaşacaq. Bu oyun çempionluq uğrunda mübarizənin “davam, yoxsa tamam” olacağı baxımından böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, “Xəzər adaları” kimi fantastik bir layihəni həyata keçirməklə məşğul olan Hacı İbrahim mətbuata tez-tez milyardlarından danışmağı sevir. Bu yaxınlarda jurnalistləri başına toplayıb, “Xəzər Adaları”nda salınan şəhərin birinci mərhələsini başa çatdırmaq üçün əlavə 2 milyard dollara ehtiyac olduğunu deyib (bax: ““XƏZƏR ADALARI”: MİLYARDLIQ ZİDDİYYƏTLƏR” başlıqlı yazıya). Özünün isə artıq 1 milyarddan artıq xərclədiyini iddia edi: “Bu günə kimi layihənin həyata keçirilməsinə 1 milyard 157 milyon dollar vəsait xərclənib. Bu vəsaitin cəmi 57 milyon dolları Azərbaycan Beynəlxalq Bankının verdiyi kreditdir. Buna görə də 70 milyon dollar qaytaracağam. Məbləğin 1.1 milyard dolları şəxsi vəsaitimdir.”
2013-cü ilin dekabrında isə mətbuata verdiyi müsahibəsində Hacı İbrahim layihəyə dünən səsləndirdiyi rəqəmdən iki dəfə artıq – 2 milyard investisiya yatırıldığını, bütün vəsaitin isə özünə aid olduğunu iddia edirdi: “Bir daha təkrar edirəm, “Xəzər adaları” mənim şəxsi layihəmdir, bura şəxsi pulumu qoymuşam və hələ də kreditdən istifadə etməmişəm.” (“Xəzər adaları” layihəsinin Paşayevlərə heç bir aidiyyatı yoxdur” – Hacı İbrahim, dekabr 2013-cü il, “İnter.az”).
Hacı İbrahim 2013-cü ilin dekabrına qədər layihəyə 2 milyard dollar xərclədiyini deyir. Sonradan bu rəqəmin 1 milyard 157 milyona necə düşdüyünü izah etmək çətin olsa da, onun milyardlardan danışmağı xoşladığına şübhə qalmır.
Haci IbrahimTəsadüfi deyil ki, 2014-cü ilin oktyabrında isə Hacı İbrahim “Bloomberg” televiziyasında çıxışı zamanı 4 milyard dolları olduğunu idia edib: “Mənim “Xəzər adaları” layihəsinə başladıqda 4 milyard dollar sərmayəm vardı. Amma 4 milyard dollarımın hamısını “Xəzər adaları” layihəsinə yatırmaq istəmirəm. Çünki mən Bakıda başqa layihələri həyata keçirirəm və həmin layihələrdən əldə etdiyim gəliri “Xəzər adaları” layihəsinə yönəldirəm”. (Bax: “4 milyard dollar sərmayəm vardı” – 03.10.2014, marja.az).
Yəqin, braziliyalılar da Hacı İbrahimin bu müsahibələrini oxuyub, milyardları olduğu halda onların “qəpik-quruşunu” verməməsinin səbəbini başa düşə bilməyiblər. Doğurdan da, milyardları olan iş adamının 70 min tapa bilməməsi maraq doğurur. Yoxsa, Hacı İbrahim fantastik layihəsinə xarici investorları cəlb etmək, onlara özünü ciddi iş adamı kimi göstərmək üçün milyadlardan danışır? Bəlkə buna görədir ki, milyardının məbləği ilə bağlı hər dəfə fərqli rəqəm söyləyir (yalançının yaddaşı olmaz məsələsi)?
Deyə bilmərik, ancaq belədirsə, Hacı özünü nahaq əziyyətə salır. Ciddi investorlar, iş adamları sözə deyil, işə baxır. Saysız-hesabsız vədlər verib, böyük əksəriyyətini yerinə yetirməyən (Bu barədə AzPolitika.info-da 09.07.2014-cü ildə yayımlanmış “XƏZƏR ADALARI”: FIRILDAQ LAYİHƏ BARƏDƏ BÜTÜN GİZLİNLƏR” adlı araşdırma yazısında ətraflı bəhs olunub), milyardlarının olduğunu iddia etdiyi halda adı dünyanın milyonçuları siyahsında belə olmayan, danışdığı milyardların mənbəyini göstərənməyən, vergisini ödədiyinə dair bir sənəd ortaya qoymayan Hacı İbrahim kimi iş adamına güvənib də, kimsə belə bir fantastik layihəyə pul yatırmaz. Elə buna görədir ki, ayda bir nəfəri gətirib “Xəzər adaları” layihəsini göstərir, müqavilələr bağlancağını iddia edir, ancaq ortada hələ də LAYİHƏDƏN başqa bir şey yoxdur.
Murad Məmmədov
AzPolitika.info