PUTİNin super silahlar proyektləri: Havada, suda, quruda və KOSMOSDA...
Hər il Rusiyanın hərbi sənaye kompleksi dünyanı növbəti "inqilabi" və "analoqu olmayan" super silahlarla təəccübləndirir. Ancaq belə silahların və texnologiyaların əsl həqiqətdə mövcud olması şübhə doğurur. Rusiya hərbi sənaye kompleksinin layihələri içərisində ən böyük emosiya doğuran “Paseydon” proqramıdır (NATO təsnifatlandırmasına görə “Status-6” və ya “Kanyon”). Qərb mətbuatı bu silahı “məşhər gününün torpedosu” adlandırır. Bu silahın dağıdıcı zərbə elementi 100 meqatona çatan nüvə başlığıdır. Belə bir rəqəm bəşəriyyəti dəhşətə gətirir. “Poseydon” böyük torpedoya bənzəyir (onun uzunluğu 24 metrdir). ”Poseydon” nüvə qurğusu sayəsində hərəkətə gətirilən avtonom sualtı drondur. Bu silah aviadaşıyıcı qrupuna və sahil möhkəmləndirmə qurğularına zərbə vurmaq üçün nəzərdə tutulub. Döyüş başlığı bu gücdə olan silah təkcə hədəfləri dağıtmır, həmçinin onun zərbəsi nəticəsində sunami yaranır. Başlıca məsələ “Poseydon”-un demək olar ki, məhdudiyyətsiz hərəkət radiusu, saatda 200 kilometr məsafə qət etməsi və 1000 metr dərinə dalmasıdır. Bu isə onun məhv edilməsinin inanılmaz dərəcədə mürəkkəb olacağı anlamına gəlir. Dünya ictimaiyyəti “Poseydon” layihəsi barəsində beş il əvvəl məlumatlandırılıb. İlk əvvəl bununla bağlı informasiya sızdırılıb, sonra isə rəsmi bəyanat verilib. Rusiya mənbələrinə görə, təxminən 2027-ci ildə 32 bu cür aparat döyüş cərgəsinə qoşulacaq. “Poseydon”un potensial daşıyıcıları “Belgorod” və “Xabarovsk” atom sualtı qayıqlarıdır. ”Belqorod” 1992-ci (!) ildən tikilir və yalnız indi bu sualtı qayıq dənizdə sınaqdan keçirilir. ”Xabarovsk”-un tikintisinə isə altı il əvvəl başlanılsa da, onun suya buraxılması daim təxirə salınır. Havada və su üzərində yüksək sürət Rusiya Hərbi Dəniz Donanmasının ABŞ donanmasından əsas fərqi ABŞ-ın dünyanın istənilən nöqtəsində aviasiya əməliyyatı həyata keçirilən zaman oraya dəstək yollamaq bacarığıdır. Bunun üçün ABŞ-da 11 aviadaşıyan xidmət göstərir. Belə bir donanma nə SSRİ-də, nə də ki, Rusiyada heç vaxt olmayıb. Nümunə üçün deyək ki, bu sferada Moskva həmişə problemlərlə üzləşir. Onun yeganə aviadaşıyanının isə aqibəti bəllidir. Lakin əgər konseptual mərhələdəki layihələrdən danışsaq, onda Rusiya konstruktor bürosunu dünyanın ən məhsuldar bürosu adlandırmaq olar. “Krılov Dövlət Elmi Mərkəzi”nin layihəsi novator kimi önə çıxır. Belə ki, plana əsasən Rusiyanın gələcək aviadaşıyanı katamaran olmalıdır. Yəni bir-birinə birləşmiş iki korpuslu aviadaşıyanın tikilməsi nəzərdə tutulur. Hələ indiyədək heç bir donanma bu tip aviadaşıyandan istifadə etməyib. Katamaran tipli aviadaşıyan yaradılmasında rusların başlıca məqsədi yüksək sürət əldə etməkdir. Rusiya konstruktorları sürətdə başlıca faktor kimi üstünlüyü “MiG-41” qırıcı təyyarəsinə verirlər. Bu təyyarələr “Uzaq mənzilli perspektiv aviasiya proqramı” çərçivəsində hazırlanır. Onlar ilk növbədə Rusiya hava məkanını nəzarətdə saxlayan “MiG”-31 -ləri əvəzləmək üçün nəzərdə tutulur. Əgər “MiG-41” təyyarəsi əsas etibarilə ölkə ərazisində əməliyyatlar keçirəcəksə, onda radarlarla yaxalanmamaq onun üçün xüsusi əhəməyyət daşımır. “MiG-41” təyyarəsini super silah edən onun sürətdir. Belə ki, bu təyyarənin sürəti səsdən dörd dəfə iti olacaq və o, 45 min metr hündürlükdə uça biləcək. Yəni yaxın kosmik məkanda! (Atmosferlə kosmos arasındakı hündürlük məsafəsi Yer səthindən 100 kilometr yüksəklikdən başlayır). Uçuşun bu parametrləri azsaylı qırıcıların ölkənin bütün ərazilərini bürüməsinə imkan verir. ”MiG-41” qırıcısının lazer topu və hətta hipersəs hədəflərini vura biləcək uzun mənzilli “hava-hava” raketiylə təchiz edilməsi planlaşdırılır. Rusiyanın rəsmi mənbələri bildirirlər ki, ”MiG-41” qırıcısının prototipi üzərində iş 2017-ci ildə başlanıb və təyyarənin döyüş cərgəsinə qoşulması bu onillik ərzində baş tutacaq. Kağız üzərində hər şey gözəldir Hazırda layihələndirmə mərhələsində olan Rusiyanın super silahları yuxarıda sadalanan nümunələrlə yekunlaşmır. Bunlar çox ehtimal ki, aysberqin görünən tərəfidir. Ancaq bu qabaqcıl konsepsiyaların hər hansı birinin istehsal şansı varmı? Rusiya mənbələri və əksər Qərb ekspertləri buna skeptik yanaşırlar. “Defens.24” portalının analitiki, istefada olan birinci dərəcəli kapitan Maksimilian Dura mövzu barəsində deyib: ”SSRİ-nin dağılmasından sonra Rusiya hərbi sənaye sektorunun müəssisələri müasir silah sistemlərinin ardıcıl istehsalından məhrum olublar. 2014-cü il Krımın ilhaqından sonra onların Qərb texnologiyası ilə əlaqələri kəsilib. “T-14 Armata” tankının, ”SU-57” qırıcı təyyarəsinin və ya 22350 layihəsindən olan “Admiral Qorşkov” freqatının silahlı qüvvələrin döyüş cərgəsinə qəbul olunması zamanı yaranan problemlər ümumi vəziyyəti daha yaxşı xarakterizə edir.” Ən asan iş yeni aviadaşıyan mövzusunun birdəfəlik kənara qoyulmasıdır, çünki Rusiyanın bu cür gəmilər tikmək təcrübəsi çox azdır. Həm də ki, Rusiyanın müvafiq müşayiətçi gəmiləri yoxdur. Əgər hətta onlar bu layihəni uğurla yerinə yetirsələr belə, aviadaşıyan tikintisi praktik baxımdan tam sıfırdan okean donanması yaradılmasını tələb edəcək. ABŞ-ın “RAND” analitik mərkəzinin 2019-cu ildəki məruzəsində qeyd edilir ki, yaxın illərdə Rusiyanın iqtisadi böyüməsi cüzi olacaq ki, bu da silahlanma sferasında özünü aydın şəkildə büruzə verəcək. Bundan başqa, həmin sənəddə deylir ki, Rusiya silahlı qüvvələri önümüzdəki illərdə qlobal ekspedisiya əməliyyatları aparmaq imkanı əldə edə bilməyəcək. “Paseydon” və “MiG-41” proqramlarını dəyərləndirmək çətindir, ona görə ki, sovet dövründə Rusiya sualtı silahlar, eləcə də qırıcılar yaradılmasında böyük təcrübə qazansa da, hazırda bu sahələrdə vəziyyət Kremlin istədiyi kimi deyil. Maksimilan Dura deyir: ”Əgər Rusiya “Remus” və ya “Gavia” kimi nisbətən sadə sualtı dronlar yarada bilmirsə, onda onların “Paseydon” proqramı çərçivəsində işlək model hazırlayacaqlarını təsəvvür etmək çətindir. İlk növbədə mühərrik və idarəetmə sisteminə nazərət etmək problem törədəcək. Çünki onlar tam avtonom və çox etibarlı olmalıdırlar”. Rusiyalılar üçün “MiG-41”-in ən çətin işi mühərrik istehsalı ola bilər. Rusiya ordusunun yaxın zamanlarda alacağı “SU-57” qırıcıları hazırda “SU-35”-lərdə istifadə edilən mühərriklərlə təchiz olunacaq. Çünki “SU-57” -lərdə istifadə olunması nəzərdə tutulan yeni nəsil güc qurğusunun hazırlanması prosesi gecikir. Amerikanın “The National İnterest” nəşri ilə söhbətində rusiyalı analitik Vasiliy Kaşin deyib ki,”MiG -41” təyyarəsi ordunun döyüş cərgəsinə 2035-2040-cı illər arasında qoşula bilər. Bir çox ekspertlər isə soruşurlar ki, ümumiyyətlə “yer-hava” raket potensialı kontekstində “MiG-41” kimi qırıcının yaradılmasının mənası varmı? Elmi fantastika stilində maskalanma Əgər super silah yaradılması proqramının sona çatdırılması perspektivi real görünmürsə, onda Kreml nə üçün həmin proqrama bu qədər vəsait qoyur? Rusiyanın super silahı hazır məmulat şəklində mövcud olmaya bilər, ancaq ən əsası odur ki, ən məxfi layihələr barəsində informasiyalar sızdırılsın. Ölkə daxilində bu, əfsanə kimi işləyir. Xarici siyasət arenasında isə dezinformasiya və maskalanmaya xidmət göstərir. Super silahın hazırlanmasıyla bağlı çoxsaylı proqramların meydana çıxmasının başqa bir səbəbi elmi kadrların ölkədən getməsinin qarşısının alınmasıdır. Əgər Rusiya konstruktorlarının ölkədə müvafiq təyinatlı işləri olmazsa, onda onlar xaricdə iş axtarmağa başlayacaqlar, məsələn Çində. Ümumiyyətlə isə, belə görünür ki, aviadaşıyan-katamaran heç zaman üzməyəcək, ”MİG-41” təyyarəsi göylərə qalxmayacaq, ”Poseydon” isə dəniz dərinliklərinə dalmayacaq. Amma onların hər biri qarşıya qoyulmuş “məqsədləri” yerinə yetirəcək. “Polityka” – Polşa Tərcümə: “AzPolitika.info”