Azərbaycanda milli valyutanın bir il ərzində iki dəfə devalvasiyaya uğramasının əsas günahkarı kimi Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov göstərilir. Elə Milli Məclisin 29 dekabr iclasında da bəzi deputatlar məhz ölkənin baş bankirini hədəf seçib, hətta onun “AXC kadrı” olmasını xatırladanlar belə tapılıb.
20 ildir Mərkəzi Banka rəhbərlik edən Rüstəmovu “AXC kadrı” kimi qələmə vermək, yaxud onun manatın devalvasiyasında əsas günahkar kimi təqdim etmək nə qədər doğrudur? Bu suala dəqiq cavabı qoy sözün həqiqi mənasında müstəqil olan ekspertlər versin.
Bizi isə başqa sual düşündürür: əgər devalvasiyada Mərkəzi Bank rəhbəri həqiqətən də “bir nömrəli günahkar”dırsa və ümumiyyətlə, “yarıtmaz kadr”dırsa, tərcümeyi-halı xüsusilə bir neçə il əvvəl silsilə qalmaqallarla daha da “zənginləşən” Rüstəmovun adı hətta beynəlxalq skandallara belə qarışarkən, o niyə inadla postunda saxlanılırdı? Nə üçün indi baş bankiri “topun ağzına qoyub atanlar” həmin qalmaqallar zamanı da eyni kəskinliklə onu ittiham etmir, istefasını istəmirdilər.
Unudanlar üçün xatırladaq:
Birinci qalmaqal: 2002-ci il. Mərkəzi Bankdan pul oğurluğu!
Azərbaycan mətbuatının 2009-cu ildə yazdıqlarından: “2002-ci ildə dövriyyədən çıxmış əsginasların məhvi zamanı çox maraqlı hadisələr baş verib. Bu əsginasların məhvi bilavasitə Milli Bankın (hazırki Mərkəzi Bankın – İ.H.) İdarə Heyəti sədrinin o vaxtki müavininin rəhbərliyi altında həyata keçirilib. O vaxtlar Mərkəzi Bankın nağd pul ilə iş departamentinin müdiri Malik Abbasov və xəzinə müdiri Firəngiz Hacıyeva məhvetmə komissiyasının üzvləri ilə əlaqəyə girərək məhv edilməli olan əsginas bağlamalarını doğranmış (yəni məhv edilmiş) kimi qələmə veriblər. Sonradan isə bütöv saxlanmış əsginaslar məhv edilənlərlə birlikdə zibil kimi Mərkəzi Bank işçiləri tərəfindən Balaxanı zibilliyinə aparılıb və orada məhv edilmiş pulların arasından götürülüb. Həmin əsginaslar Mərkəzi Bankın Kassa Hesablama Mərkəzi vasitəsi ilə dəyişdirilərək, yenidən xəzinəyə daxil olmuşdur. Doğranmayan əsginasların Mərkəzi Bankdan Balaxanı zibilliyinə aparılmasına xəzinə departamentinin texniki Azad Cəfərov, əsginasların yenidən ərazi idarələrinə göndərilərək dəyişdirilməsinə isə ”nağd pulla iş departamenti”nin direktor müavini Azər Məmmədov rəhbərlik ediblər. Bu əməliyyatlardan təkcə xəzinə müdiri Firəngiz Hacıyevaya 100 min dollar verilməsi də qeyd edilir. Mərkəzi Bankın rəhbərliyi xaricdə həbs edilən Azad Cəfərovun Azərbaycana ekstradisiya edilməsinin heç də marağında deyil və bu işlərin ört-basdır edilməsi üçün onun Bakıya gəlməsinə hər cür maneçilik törədəcək…”
Məlum cinayət Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə araşdırılıb, təqsirləndirilənlər arasında Mərkəzi Bankın demək olar, heç bir yüksəkçinlisi olmayıb. İki “Kamaz” yükü pulun oradan çıxarılmasının məsuliyyəti ancaq aşağı vəzifəli şəxslərin üzərinə qoyulub. Həmin vaxt bu rüsvayçı hadisə mümükün olduğu qədər malalanmağa, arxa plana atılmağa çalışılıb, Elman Rüstəmovun baş verənlərdə məsuliyyətini isə azsaylı KİV-lərdən başqa heç kim dilə gətirməyib.
İkinci qalmaqal. 2006-cı il. Bu dəfə Mərkəzi Bankın filialından pul oğurluğu!
O vaxtki Milli Bankın (hazırda Mərkəzi Bank) Lənkəran rayon filialından 100 min yeni manatın oğurlandığı üzə çıxıb. Bu fakt Bankın 2006-cı il iyunun 24-də filialda apardığı yoxlama zamanı aşkarlanıb.
Bundan sonra Milli Bankın məlumatları əsasında Lənkəran rayon Prokurorluğunda cinayət işi başlanıb.
Həmin cinayət işinin gerçək təfərrüatları da mətbuatdan mümkün olduğu qədər gizlədilib. Və bu dəfə də azsaylı KİV-lər istisna olmaqla, Elman Rüstəmovun hadisədə ən azı mənəvi məsuliyyətini xatırladanlar tapılmayıb…
Üçüncü qalmaqal. 2013-cü il. Beynəlxalq çaplı rüşvət qalmaqalı.
Avstriya Mərkəzi Bankının Baş Şurası bankın vitse-qubernatoru Volfqanq Dukatsekin vəzifəsindən müvəqqəti uzaqlaşdırılması haqda qərar çıxarıb. Xarici KİV-lərin yazdığına görə, bu qərar Dukatsek və digər səkkiz nəfərin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmova və Suriyanın Mərkəzi Bankının rəhbərliyinə milli banknotların çapına dair bağlanmış müqaviləyə görə rüşvət ödənilməsi ilə bağlıdır.
Avstriya Prokurorluğu bu korrupsiya qalmaqalı ilə bağlı rəsmi ittihamı açıqlayıb. İttiham aktında göstərilib ki, Avstriya Mərkəzi Bankının törəmə şirkəti olan və banknotların çapını həyata keçirən OeBS şirkətinin rəhbər şəxsləri, habelə ölkənin Mərkəzi Bankının rəhbərliyinə daxil olan şəxslər Azərbaycan manatının çapı üçün bağlanmış müqaviləyə görə rəsmilərə iri məbləğlərdə rüşvət ödəyiblər. Konkret olaraq ittiham aktında şirkət rəhbərlərinin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmova Panamada qeydiyyatdan keçmiş “Venkoy” adlı offşor şirkət vasitəsilə 14 milyon avro rüşvət verdiyi göstərilib.
Bununla belə, Azərbaycanın beynəlxalq imicinə sarsıdıcı zərbə vuran fakta görə, Elman Rüstəmov nəinki işdən çıxarılmayıb, hətta iqtidar mənsubları və deputatlar onun barədə “güldən ağır” heç bir açıqlama verməyiblər. Sanki bu rüşvət qalmaqalının Azərbaycana və hakimiyyətə heç bir dəxli yoxdur! Halbuki normalda, artıq rəsmi təsdiqini tapmış bu fakt nəinki Mərkəzi Bankın başçısının, hətta bütövlükdə hökumətin istefaya göndərilməsi əsas yaradırdı.
Sonda:
Yuxarıda sadalananlar Mərkəzi Bank sədrini indiyədək görəvdən almaq üçün yaranmış real əsasların kiçik bir hissəsidir. İndi soruşmaq ehtiyacı yaranır? Indiyədək E. Rüstəmovun nəinki işdən azad edilməsi, hətta daha ağır formada cəzalandırılması üçün dəfələrlə ciddi səbəblər ortaya çıxdığı halda, buna göz yumulubsa, hətta həmin səbəblər müxtəlif vasitələrlə “xalça altına süpürülüb”, ya da unutdurulkmağa çalışılıbsa, indi manatın başına gələnlərə görə Yalnız onu ittiham etmək, hədəf göstərmək, hətta “AXC kadrı” olduğunu xüsusi qabardaraq mövcud hökuməti məsuliyyətdən kənarlaşdırmağa çalışmaq nə qədər doğru və nə qədər məntiqlidir?
Ola bilər, Elman Rüstəmov bugünədək ona görə “toxunulmaz” saxlanılırdı ki, nə vaxtsa, məqam yetişəndə “suç keçisi” elan olunaraq “qurbanlıq” seçilsin, bütün ictimai qəzəb və aqressiya da ona yönəldilsin. Ki, bütövlükdə hökuməti “sudan quru çıxarmaq”, “məsum göstərmək” mümkün olsun./Qaynar.info/