Müdafiə Nazirliyində kadr dəyişikliyi GÖZLƏNTİSİ

Baş Qərargah rəisi Nəcməddin Sadıqovu general Nizami Osmanov əvəzləyəcək 

Müdafiə Nazirliyində 4 günlük aprel müharibəsindən sonra dəyərləndirmə aparılıb. Həmin dəyərləndirmədən sonra qərara alınıb ki, nazirliyin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun fəaliyyəti qənaətbəxş deyil. Bu barədə JAM.AZ-a hərbi mənbələrdən məlumat verilib. 

Məlumatda deyilir ki, Baş Qərargah rəisi olaraq Nəcməddin Sadıqovun yerinə «Osman Paşa» ləqəbi ilə tanınan general Nizami Osmanov gətiriləcək. Buna səbəb Nizami Osmanovun həm döyüş bölgəsini mükəmməl səviyyədə tanıması, həm döyüş təcrübəsinin həddindən artıq çox olması, həm də daha bacarıqlı olması göstərilir. 
JAM.AZ-a məlumat verən mənbə bildirir ki, Nəcməddin Sadıqovun müharibə dövründə taktiki səhvləri də olub. Belə ki, onun müdafiə naziri Zakir Həsənovla birlikdə döyüş bölgəsinə getməsi, paralel olaraq cəbhə xəttində görünməsi müharibə qaydalarına ziddir. Müşahidəçilərin qənaətinə görə, əgər müdafiə naziri döyüş bölgəsinə səfər edərsə, Baş Qərargah rəisi otağında olmalıdır və ya əksinə. 
Qeyd edək ki, son günlər Müdafiə Nazirliyi Baş Qərargahının rəisi Nəcməddin Sadıqovla bağlı çeşidli informasiyalar da yayılıb. Yerli mətbuatın yaydığı məlumatlara görə, sözügedən şəxsin Rusiya ilə şübhəli əlaqələri var və indiki məqamda belə bir generalın mühüm postda əyləşməsi yolverilməzdir.
Məsələni dəqiqləşdirməyə çalışırıq. 

 

 






Fikirlər