“Daha məni narahat etmə!” – “Putinin Paşinyana dediyi məhz budur”

Rusiya Prezidenti Vladimir Putin “Moskva. Kreml. Putin” verilişinin aparıcısı Pavel Zarubinə verdiyi eksklüziv müsahibəsində Qarabağdakı hərbi əməliyyatlarla bağlı konkret mövqe ortaya qoyub. Belə ki, Rusiya prezidenti döyüşlərin Ermənistan ərazisində getmədiyini bildirib və qeyd edib ki, "Ermənistan rəhbərliyində Rusiyanın öhdəliklərinin icrası ilə əlaqədar heç bir sual yeri yoxdur". 

Putinin “döyüş Ermənistan ərazisində getmir” açıqlaması bu torpaqların Azərbaycana məxsus olmasının Rusiya tərəfindən rəsmi etirafı kimi dəyərləndirilə bilərmi? Bu açıqlama o demək deyilmi ki, Kreml Ermənistanın bu torpaqları işğal etdiyini, onun əsl sahibi olmadığı faktını qəbul edir və bunu açıq şəkildə dilə gətirir?

Moderator.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Putinin son açıqlamasının Ermənistana mesaj olduğunu qeyd etdi:

“Putinin açıqlaması əslində Ermənistanın baş naziri Paşinyana mesajdır. Bu, o deməkdir ki, daha Kremli narahat etmə.

Paşinyan 4 dəfə Putinə zəng edib ondan proseslərə müdaxilə etməyi xahiş edib. Hətta Gəncə və Mingəçeviri raket atəşinə tutmaqda da məqsədi Azərbaycanı təxribata çəkmək idi. Paşinyan istəyirdi ki, Azərbaycan Ermənistaan cavab atəşi açsın və bununla da Rusiyanı prosesə qatsın. Lakin bu, alınmır. Azərbayacn da, Rusiya da soyuqqanlığını qoruyur.

Putinin bu günkü açıqlaması Paşinyana ciddi mesajdır ki, müharibə Azərbaycan ərazisində getdiyinə görə, Rusiya prosesə müdaxilə edə bilməz. Bizim məqsədimiz Dağlıq Qarabağ və ətraf rayonları azad etməkdir. Dövlət başçısı İlham Əliyev də dönə-dğnə vurğulayıb ki, bizim Ermənistana hücum etmək niyyətimiz yoxdur. Hesab edirəm ki, Putinin bu açıqlaması Paşinyan və onun ətrafındakılarda böyük məyusluq yaradacaq.

Son vaxtlar Rusiyadakı erməni iş adamlarını öyrədib onlar vasitəsi ilə də Putinə yalvarır, ondan Ermənistana dəstək verməyi xahiş edirdilər. Lakin haqlı olaraq, Rusiya proseslərə müdaxilə etmir. Buna səbəb odur ki, Rusiya Qarabağdakı separatçılara görə Azərbaycan və Türkiyə ilə münasibətləri gərginləşdirmək istəmir. Ermənistan Rusiyanın strateji müttəfiqi sayılsa da, Rusiyanın Azərbaycan və Türkiyə ilə də tərəfdaşlıq münasibətləri mövcuddur. Rusiya bütün bunları riskə atmaq istəmədiyinə görə, həmçinin, Türkiyə Azərbaycanı birmənalı dəstəklədiyinə görə, Rusiya Azərbaycana təzyiqdən çəkinir. Bu isə Azərbaycana imkan verir ki, işğaldakı torpaqları azad etsin”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 






Fikirlər