CAN sirdaşım, CANIM mənim...
Can sirdaşım, canım mənim
Ocağıma köz olanım,
Göz içində göz olanım,
Durum başına dolanım,
Can sirdaşım, canım mənim.
Ələndim ələkdən keçdim,
Göy üzü fələkdən keçdim,
Gəzib yüz mələkdən keçdim,
Can sirdaşım, canım mənim.
Tanrı payım, qismətimsən,
Vəfadarım, ismətimsən,
Sən mənim öz zinətimsən,
Can sirdaşım, canım mənim.
Oyanıb, nə vaxt durmusan,
Könlümdə bir taxt qurmusan,
Mənnən gözəl baxt qurmusan,
Can sirdaşım, canım mənim
Yollar adladıq, iz qoyduq,
Bir can olmağa söz qoyduq,
Demə bu eşqdən biz doyduq,
Can sirdaşım, canım mənim.
Nurəddin İsmayıl